“Xocalıya hücum edəcəkdik, bizi satdılar…”

28-12-2014, 10:08   
Gizir “Cəbhə xətti”

“Cəbhə xətti” layhəsinin bu günki qonağı Tahir Oruc oğlu Bayramovdur.

7 yanvar 1960-cı ildə Ağdam rayonunda anadan olub. 1979-1981-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçib. Ehtiyatda olan gizirdir.


Öz şəkillərimizi 1000 manata aldıq

- Ermənilər 1988-ci ildə daha da quduzlaşmağa başladılar. Əlbəttə, belə məqamda biz də öz torpaqlarımızı müdafiə etməliydik. Amma ordumuz, silah-sursatımız yox idi. Yaxşı ki, o vaxt AXC yarandı. Hamı o təşkilata üzv olurdu. Bu təşkilat könüllüləri toplayıb torpağımızın müdafiəsi üçün yox yerdən nə isə edirdi. Mən də çoxları kimi AXC-yə üzv oldum. Düşündük ki, erməni kimdir axı, biz onlara boyun əyək? Başladıq bütün rayonlardan gələn könüllülələri qəbul edib, cəbhə boyu sərhədlərə yerləşdirməyə. Sağ olsun AXC-ni, bu işdə əlindən gələn yardımı bizə edirdi. Onsuz da başqa güman yerimiz yox idi. Hadisələrin ilk günlərindən Əsgərandan Ermənistana bir yürüş başlamışdı. Bu yürüyüşə Yevlax, Gəncə, Bərdə, Ağcəbədi və digər rayonlardan minlərlə qatılan var idi. Amma polis zor güçünə qarşımızı aldı. Elə ilk şəhidimizi də o gün verdik. Rəhmətlik Əli və Bəxtiyar şəhid oldu. Tam subut olmadığı üçün deyə bilmirəm ki, onları ermənilər, yoxsa öz tərəfimizdən olan polislərimiz vurdu. Bir söz deyim sizə, elə bir gün gəldi ki, bu yürüyüşdə iştirak edənlərin şəkillərini bizə Ağdam polisində 500-1000 manata özümüzə satmaq istədilər. Orda bizim iki şəhid qardaşımızın, elə bizim hamımızın şəklini polislər çəkmişdi. Xalqın şəkillərin xalqa pulla satırdılar. Bizə isə tanışlıqla 500 manata təklif etdilər.

Xocalıya hücum edəcəkdik, bizi satdılar…

Bir müddət sonra ermənilər açıq döyüşə başladı. Artıq bizdə də özünümüdafiə batayonları yaranırdı.

Bizim ilk döyüşümüz 31 dekabir 1991-ci ildə oldu Əsgəran tərəfdən oldu. Həmən gün kiçik qardaşım başından yaralandı, güllə alnından girib qulağından çıxdı. Bu döyüşdə dayım Şahbaz İbrahimov da iştirak edirdi. O, karate üzrə cempion idi. Qardaşım ağır yaralandığı üçün onu Bakıya apardıq, əməliyyat olundu.

O vaxtlar artıq Xocalı hadisələri üçün ermənilər hazırlıq görürdü. 1992-ci ildə Xocalı hadisəsi baş verdi. Şəhidləri, yaralıları Ağdam məscidinə daşıdıq. Başsız, qolsuz, burunsuz, qulaqsız meyitləri daşımaq faciə idi. Mənim Xocalıdan olan əsgərlərə acığım tuturdu…

Biz Xocalılara faciədən əvvəl heç cürə kömək edə bilmədik. Ora ancaq vertalyotlarla silah-sursat atırdıq. Sonradan Xocalıya hücuma hazırlaşdıq, amma satqınçılıq oldu: bizim öz postumuzda öz maşınımız minaya düşdü, yaralananlar, şəhidlər oldu. Kəsəsi, bu hücum da baş tutmadı.

Sonralar bizim də uğurlu əməliyyatlarımız oldu. Bir tərəfdən rəhmətlik Allahverdi Bağırovun, digər tərəfdən də rəhmətlik Şirin Mirzəyevin təşkilatçılığı və komandanlığı ilə hücuma keçdik. Naxçivanik istiqamətində 6 kəndi iki saata xilas etdik. Təəssüf ki, Allahverdi Bağırov həmin döyüşdə minaya düşərək şəhid oldu. Amma bizim orda səhvimiz də oldu. Biz ermənilərin yerləşdiyi Pir yüksəkliyini almalıydıq. Ancaq əsgərlərin başı pozuldu, ala bilmədik…

…Bir dəfə taxıllıqla gəlirdik. Gördük taxıllıqda iki “Zil” maşın var, içi də silah-sürsatla dolu. Əvvəlcə çaşıb qaldıq, bu kimindir – bizim, yoxsa ermənilərn? Nə isə, maşınları apardıq. Sonralar bütün döyüşlərdə bu silahlar karımıza gəldi.

Bir dəfə də mənim şəhid olan qardaşımla dayım erməni tankını ələ keçirmişdi. Rəhmətlik Çingiz Mustafayev həmin hadisəni çəkirdi. O kadırlarda biz də varıq.

Bizi erməni bildi, özünü partlatdı

Bir dəhşətli hadisəni isə heç cür unuda bilmirəm. Bizim uşaqları mühasirəyə salıb qırmışdılar. Onları xilas etməyə gedirdik, bir balakənli yaralı əsgər bizi erməni zənn edib, əsir düşməmək üçün özünü qumbara ilə partlatdı. O, bizim ən çox sevdiyimiz əsgərlərimizdən idi.

…Barat Quliyev adlı zabitimiz vardı. Sovet ordusunda xidmət etmiş, çox təcrübəli zabit idi. Atışma zamanı onun bir dəfə də olsun başını əydiyini görmədim. O yaralanmışdı, amma hospitalda qalmadı, elə belə yarasını sarıtdırdı, qayıtdı döyüş bölgəsinə. Mən özüm də minaya düşmüşəm, amma bizdə hospitala getmək ayıb sayılırdı. Çünki başı, qolu olmayanı görəndə adam özünə ayıb sayır ki, özünə yaralı desin. Sonradan özümüz artilleriya batalyonu yaratdıq.

Qızlarım işləyir, köməkləşib yaşayırıq…

…Bir dəfə durmuşuq baxdıq ki, bir zırpı əlində silah üstümüzə gəlir. Bizdə bilmirik bu ermənidi, yoxsa bizimki? Bu yaxınlaşdı, elə bil şokda idi. Uşaqlardan ikisini yolladım, onunla üz-üzə gəldilər. Amma bunun tükü də tərpənmirdi. Anidən bizim uşaqlar bunun üstünə atıldı. Bu şokdan ayıldı, iki əsgər bunla bacarmırdı. Başından avtomatın qundağı ilə vurub, gətirdilər. Amma onun üstündəki qumbaranı götürməmişdilər deyə, yolda bu əclaf maşının banında az qalmışdı bizi partlatsın.

Atəşkəsdən sonra tərxis olduq. Mən ailəmlə birlikdə Rusiyaya getdim, orada uzun müddət yaşadım. Sonra vətənə döndüm. İndi hökumətdən təqaüd alıram. Qızlarım işləyir, köməkləşib yaşayırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.