Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, hazırda həbsdə olan vitse-admiral Şahin Sultanovla bağlı “Azadlıq”a maraqlı məlumat daxil olub. əlumatda deyilir ki, barəsində həbs-qətimkan tədbiri seçilən Şahin Sultanov Kürdəxanıdakı istintaq təcridxanasında “Space” telekanalının aparıcısı Ilham Mirzəyevlə eyni kamerada saxlanılır. Məlumatı “Azadlıq”a təcridxanada saxlanılan şəxslərdən birinin vəkili verib. Vəkil bildirib ki, Şahin Sultanov ilk gündən Ilham Mirzəyevin saxlanıldığı kameraya salınıb. Ilham Mirzəyev Şahin Sultanovdan az əvvəl həbs edilib. Aparıcı dələduzluqda ittiham olunur. Şahin Sultanov aprelin 23-də tutulub. Ş.Sultanov Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılıb. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.