Məhbusu döyüb öldürən “nadzor”ların adı açıqlandı

29-12-2014, 10:06   
Məhbusu döyüb öldürən “nadzor”ların adı açıqlandı
Ölən məhkumun bacısı: “Bu hadisəyə görə birbaşa müəssisənin rəisi, onun müavinləri cavabdehdir”
14 saylı çəzaçəkmə müssisəsində Rza Ağalı və daha 10 məhbusun “kars”a salınması haqda məlumat yayılıb. Cenubnews.com-un yaydığı xəbərdə Elşad Babayevin döyülərək öldürülməsində iştirak edən cəzaçəkmə müəssisəsi əməkdaşlarının adları da çəkilir. Həmin yazını təqdim edirik: “Artıq 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların həyatı getdikcə ağırlaşır.


Belə ki, 10 nəfərdən çox məhbus cəzaçəkmə müəssisəsində keçirilən etiraz aksiyasında iştirak etdiyi üçün cəza kamerasına salınıb. Həmin məhbuslar arasında Masallı rayonunda şərlənərək 7 il azadlıqdan məhrum edilən dindar Rza Ağalı da var. Hazırda həbsxana daxilində ciddi araşdırmalar gedir, bundan sonra da etiraz aksiyasında iştirak edən digər məhkumlardan ”kars"a salınacağı gözlənilir. Əsasən həbsxananın “işverən” məhkumları öldürülən idmançı məhkum Elşad Babayevin ətrafında olmuş məhbusların üzünə durur və bundan sonra həmin məhkumlar cəza kamerasına salınır. Daxil olan məlumatda o da deyilir ki, artıq həbsxanada “qanuni rejim” aktivləşib. Belə ki, məhkumlara həftədə iki dəfə telefonla danışmaq üçün yeni qayda tətbiq edilib.

Məhkumlar məcburi olaraq yeməkxanalara aparılır. Həbsxanada olan digər bir yeməkxana həbsxana rəhbərliyi tərəfindən bağlanılıb. Həbsxanada “yuxarı”dan gəlmiş məmurlar hadisə barədə ciddi araşdırma aparır. Məhbuslar yeməkxanada olan dözülməz şəraitdən narazıdırlar.Yeməklər yağsız və ətsiz olur. Bütün məhkumlara yemək çatdıra bilmirlər. Məhkum Elşad Babayevi işgəncə ilə öldürən 5 nadzor - Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar həbsxana ətrafında gözə dəymir. Görüşə gələn ailələr yaxınları ilə çətinliklə görüşə bilirlər".

Rza Ağalının qardaşı Bəxtiyar Ağayev islamazeri.az-a deyib ki, belə bir hal qardaşının da başına gələ bilərdi. B.Ağayev bildirib ki, qardaşı artıq 2 il 4 aydır ki, həbs olunduğu müddət ərzində demək olar ki, kars həyatı yaşayıb: “Rzanın həyatı ”kars"larda çürüyür. Onu həbs olunduğu müddət ərzində hər zaman karsa salıblar. O, hər dəfə həbsxanada azan vaxtı azan verdiyi üçün cəza kamerasına salınıb. Hətta qardaşıma o qədər işgəncə veriblər ki, ciyərlərinə su gəlib. Bu an onun sağlamlığı təhlükədədir. Amma bütün bunlara baxmayaraq, Rza şikayət etməyimizi istəmir. Onu da deyim ki, heç kim Rzaya və onun timsalında digər mömin məhbuslara təzyiq göstərə bilməz. Onlar birbaşa Allaha bağlı olan insanlardır".

14 saylı CM-də məhbus həyatı yaşayan jurnalist Araz Quliyevin qardaşı da nigaran olduğunu bidlirib. Azər Quliyev deyib ki, həbsxananın hansısa bir nadzoru məhkumu döyüb öldürürsə, o, cəza çəkməlidir.

Qeyd edək ki, E.Babayevin bacısı Simuzər Babayeva qardaşının meyiti üzərində çoxsaylı işgəncə izlərinin olduğunu deyib və meyitin fotolarını təqdim edib. Fotolardan görünür ki, E.Babayevin qollarında, ayaqlarında, boynunda, belində, arxasında üzündə xəsarətlər var. “Onu sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb öldürüblər” -deyə S.Babayeva vurğulamışdı. “Mənim qardaşımı öldürüblər. Dövlətdən tələb edirəm ki, onu öldürən şəxsləri müəyyən edib cəzalandırsın”. Bunu “Yeni Müsavat”a 14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişən məhkum Elşad Babayevin bacısı Simuzər Babayeva deyib. O, istintaqdan nəticə gözlədiyini açıqlayıb: “Fikrimi demişəm. Ürəyimizə dağ basıblar. Həmin adamlar müəyyən olunub cəzalandırılmasa, daha ağır zərbə vurmuş olacaqlar. Biz kiminsə günahsız olaraq qardaşımın ölümünə görə cəzalandırılmasını istəmirik. Müstəntiqə də bunu demişəm. Dekabrın 10-da qardaşımla görüşmüşdüm. Görüşdən sonra özünü rejim rəisi kimi təqdim edən Əli adlı məmurun qardaşımı divara dirəyərək ondan pul tələb etdiyini gözümlə görmüşəm. Mən şahidi olmuşam ki, bu adam qardaşımı hədələyir. Vicdanları varsa, araşdırmalıdır. Bu adamlar dayandırılmalı və cəzalarını almalıdırlar. Ortada fakt var, şəkillər var, qardaşımın meyiti var. Əgər bunlar olmasa idi biz danışa bilməzdik. O xəsarətləri ona yetirən adamlar var. Bu adamların müəyyən olunmaması mümkün deyil. Ora dövlətin cəzaçəkmə müəssisəsidir. Orada bu cür işgəncə verilməsi mümkünsüzdür. Mümkün deyil ki, orada istintaq nəticə əldə etməsin. Mən müəssisədə dəfələrlə olmuşam. Hər addımbaşı videokameralar quraşdırılıb. Girişdə, çıxışda, çayxanada, yeməkxanada da kameralar var. Qardaşım deyirdi ki, müəssisənin bütün ərazisini kameralarla izləyirlər. Baxsınlar həmin kameraların yaddışına”.

S.Babayeva deyib ki, müstəntiqə məhkumların yaxınlarından rüşvət alınması haqda da məlumat verib: “Orada xüsusi bir otaq var. Rüşvət otağı deyirlər. Həmin otaqda kamera yoxdur. Məhkumların yanına gələnləri ora salıb rüşvəti alırlar. Bunu müstəntiqə dedim, rüşvət alınan yerin planını cızıb vermişəm. Orada rəis 2 yeməkxana saxlayırdı. Həmin yeməkxanalardan biri pullu idi. Hansı məhbusun yaxını ayda 100 manat verirdisə, ona nisbətən normal şəraiti olan yeməkxanada və daha təmiz yeməklər verirdilər. Digərində isə yemək ətsiz və içində hər cür natəmizlik olan vəziyyətdə olub. Biz 100 manatı verməmişdik. Elşadın yanına yeməyi özümüz aparırdıq. Qoy araşdırsınlar”.



S.Babayeva 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların saxlanma şəraiti haqda bunları deyib: “Elşadı 2014-cü il sentyabrın 24-də ora göndərdilər. Ora göndəriləndən sonra yanına gedəndə ona qara rəngli idman geyimi alıb apardım. Sonrakı görüşdə həmin forma ağarmışdı. Səbəbini soruşdum, dedi ki, müəssisənin yanındakı daş karxanalarının toz-torpağı, əhəngi üst-başlarına hopur. Deyirdi ki, elə vaxt olur baraklarda tozdan nəfəs ala bilmirik. Qışda müəssisədə şəraitin daha dözülməz olduğu haqda ona danışmışdılar. Orada su yox kimidir. İçiləcək su deyil. Deyirdi ki, burada qışda qarı əridib suyu içirlər. Təmizlik-gigiyena üçün də su yoxdur. Ora hər gedəndə qapıda təcili yardım maşınları görürdüm. Elşad deyirdi ki, içəridə ağır xəstələr çoxdur”.

S.Babayeva müstəntiqin ona istintaqın gedişatı haqda məlumat vermədiyini də söylədi: “Müstəntiq istintaq getdiyini əsas gətirib məlumat verməkdən imtina etdi. Ona da dedim və bir də təkrarlayıram - mən vurmamışamsa insan necə ölüb? Əlbəttə ki, bunun səbəbkarları var. Bu hadisə öz-özünə baş verməyib! Bu hadisəyə görə birbaşa müəssisənin rəisi, onun müavinləri, işçiləri cavabdehdir! Hətta məhbus da məhbusa şillə vursa cavabdeh yenə rəisdir. Ora dövlət müəssisədir. Ora məmuru təyin edən də dövlətdir. Əli Gülməmməd oğlu İbrahimov rəisdir, Hafiz Qulu oğlu Quliyev onun əməliyyat işləri üzrə, Natiq Balağa oğlu Hacıyev tərbiyə işləri üzrə müavinləridir. Başqa müavinləri də var. Çağırsınlar, sorğulasınlar. Necə olub ki, bu 3 rəisdən birinin bu məsələdən xəbəri olmayıb? Mən bu məsələnin araşdırılmasını tələb edirəm”.



S.Babayeva musavat.coma son açıqlamasında bildirdi ki, qardaşının ölümü haqda sosial şəbəkələrdə yayılan xəbərləri izləyir: “İsmayıl İsmayılov adlı facebook istidafəçisi 14 saylı çəzaçəkmə müəssisəsində əsgər olduğunu və işgəncələr haqda istənilən yerdə ifadə verməyə hazır olduğunu yazıb. Çağırsınlar, soruşsunlar”.
Həmin statusu təqdim edirik:



“İsmayıl İsmayılov: - Mən o zonda əsgər olmusam. Mən bunu hər yerdə deyə bilərəm ki, ora postda ”vıska"ya çıxanda “kars”da dustağı elə döyürdülər ki, səsi aləmə yayılırdı. Ona vurulan dubinkanın səsi aydın gəlirdi. Elə bil insan yox, heyvan döyürlər içəridə. Sən tələb et, prezidentə kimi yaz. Hər yerə. Nəyə görə dustaqlar belə işgəncə ilə döyülməlidirlər. Dustaq azadlıqdan məhrum edilir də. Daha başqa ondan ağır cəza var?"

E.MƏMMƏDƏLİYEV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.