Abbas Abbasovun adamı rəqibini həbslə hədələyir

29-12-2014, 10:16   
Abbas Abbasovun adamı rəqibini həbslə hədələyir
“AzerRos” uğrunda çəkişmə pik həddə; Asif Məhərrəmov onun istefası məsələsini gündəmə gətirmiş opponentlərlə haqq-hesab çəkməyə başlayıb; qurum prezidenti qurultayın Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin əleyhinə açıq şantaja keçib; “Milyarderlər İttifaqı” qurumu nəzarətdə saxlamaq üçün son və qəti həmlə hazırlığında...
Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) rəhbərliyində ziddiyyətlər kəskin olaraq qalır. Xəbər verdiyimiz kimi, bu ziddiyyətlər xüsusilə də qurumun hazırkı prezidenti Asif Məhərrəmova qarşı etimadsızlıq göstərildikdən sonra daha da dərinləşib.

Qısa xronologiya belədir: noyabrın 14-də “AzerRos”un Federasiya Şurasının 7-ci iclası keçirilib və toplantıda Asif Məhərrəmovun, eləcə də İcra Aparatının 2013-cü ilin yanvarından 2014-cü ilin noyabrınadək olan dövrdə fəaliyyəti müzakirə olunub. Çıxışlarda Məhərrəmova qarşı konkret iradlar əksini tapıb. Bildirilib ki, “Asif Məhərrəmov qurumu polis izolyatoruna çevirib”. Bu və başqa iradlar əsas gətirilərək 2015-ci il yanvarın 17-də yeni prezidenti seçmək üçün növbədənkənar qurultay çağırmaq qərara alınıb. Tahir Hacıyevin başçılığı ilə 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Bundan sonra daxili mübarizə daha da şiddətlənib.

Xatırladaq ki, Asif Məhərrəmov Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini, “Milyarderlər İttifaqı”nın (RATİ) odioz üzvü və “AzerRos” Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun adamı sayılır və bilavasitə onun təkidi ilə təşkilata prezident seçilib. Asif Məhərrəmovun özü də RATİ üzvüdür.

***
Bir neçə gün öncə qurum rəhbərliyində vəziyyətin kəskin olduğunu təsdiqləyən iki sənəddən bəhs eləmişdik. Onlardan biri T.Hacıyev başda olmaqla, Təşkilat Komitəsi üzvlərinin “AzerRos” Federasiya Şurasının (FŞ) sədri Mehriban Sadıqovaya və hazırkı prezident Asif Məhərrəmova ünvanlanan bəyanat idi. Bəyanatda FŞ-nin dekabrın 25-nə tələm-tələsik iclas təyin etməsinə, ən əsası, iclasın gündəliyinə etiraz edilir, gündəliyə Məhərrəmovun prezident postunda fəaliyyətinin legitim sayılması, müvafiq surətdə Şuranın 14 noyabr iclasının isə qeyri-legitim hesab edilməsi (həmin iclasda Məhərrəmova etimadsızlıq göstərilib və növbədənkənar qurultay qərarı çıxarılıb) pislənilirdi.



İkinci sənəd konkret olaraq Tahir Hacıyev tərəfindən, lakin eyni şəxslərə ünvanlanan müraciət idi. Müraciətdə Məhərrəmova etimadsızlıq göstərilməsinin səbəb və motivləri ətraflı şəkildə diqqətə çatdırılır və o, Azərbaycan icması və hətta xalqı üçün yad, laqeyd bir ünsür kimi xarakterizə edilir.

***
Aldığımız ən son məlumatlara görə, növbədənkənar qurultay yaxınlaşdıqca qarşı duran tərəflər arasında “AzerRos”a rəhbərlik uğrunda mübarizə də şiddətlənir. Tahir Hacıyevin bu mübarizədə kömək diləyi ilə soydaşlarımıza son açıq müraciəti buna şübhə yeri qoymur.



Müraciətdə deyilir: “Mənim təşkilat komitəsinin sədri seçilməyimdən bir aydan çox vaxt keçir. Bu müddətdə biz qurultayla bağlı nəhəng işlər görmüşük. Ancaq seçildiyim ilk gündən mənə və təşkilat komitəsinin digər üzvlərinə qarşı Azərbaycan xalqının yalançı patriotları, o cümlədən hazırkı prezident, istefada olan polis polkovniki Asif Məhərrəmov tərəfindən hədələr səngimək bilmir. Bizə misli görünməmiş təzyiqlər edilir ki, qurultaya hazırlıq işləri pozulsun və ədalətli və demokratik seçkilər baş tutmasın”.

Hacıyev hədələrin xarakterindən də söz açır: “Asif Məhərrəmov və onun bədniyyətli dostlarının ünvanıma səpilən təhdidlərində mənim cinayət məsuliyyətinə cəlb ediləcəyim barədə hədələr yer alır. Artıq mənim biznesimin və şəxsi həyatımın yoxlanmasına başlanılıb. Mənə qarşı siyasi mübarizənin ən çirkin metodlarından, bu mübarizəyə hətta hüquq-mühafizə orqanlarını (təhqiqat komitəsi, prokurorluq, FSB) cəlb eləməklə istifadə olunur”.



Lakin Hacıyev bu hədələrdən qorxmadığını da açıq dilə gətirib: “Bütün məsuliyyətimlə bəyan edə bilərəm ki, ”AzerRos"u məhv eləmək istəyənlərin səyləri boşa çıxacaq və qurumu qorumaqda, onun ətrafına bizim ziyalıları, alimləri, həkimləri, hüquqşünasları, tarixçiləri, mədəniyyət və incəsənət xadimlərini, gəncləri toplamaqda bizə mane ola bilməyəcək... Mən qanun qarşısında təmizəm, hər hansı hüquq pozuntusuna da yol verməmişəm və eyni şeyi həmvətənlərimdən tələb edirəm. Özümə borc bilirəm deyim ki, “AzerRos” prezidenti özünün xidməti vəziyyətindən istifadə edərək Təşkilat Komitəsinin işini hər vəchlə pozmağa çalışır... Bir daha bütün həmvətənlərimə çağırış edirəm ki, öz hərəkətləri ilə təşkilatı praktik olaraq dağıtmış Asif Məhərrəmovun təxribatlarına və hədələrinə uymasınlar. Təşkilatı qorumaq üçün əllərindən gələni əsirgəməsinlər".

***
Göründüyü kimi, "Milyarderlər İttifaqı" qurumu nəzarətdə saxlamaq üçün öz adamının əli ilə son və qəti hücuma keçmiş kimi görünür. Bu yerdə qeyd edək ki, bəzi təhlilçilər hazırda qurumda yaşananların 2013-cü ildə yaradılmış RATİ-ni zəiflətmək planının tərkib hissəsi ola biləcəyini düşünürlər. Bir daha diqqətə çatdıraq ki, son prezident seçkiləri zamanı RATİ, o sırada onun odioz və fəal üzvləri olan Abbas Abbasov və Söyün Sadıqov Azərbaycan iqtidarına kifayət qədər başağrısı yaradıblar. İstisna deyil ki, “AzerRos” rəhbərliyində gedən proseslər Azərbaycanda gələnilki parlament seçkilərinədək “Milyarderlər İttifaqı”nı zəiflətmək, onun dayaqlarını təsirsiz hala gətirmək planının tərkib hissəsidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.