Dünyada rüşvətin növləri, adları və formaları barədə bilmədiklərimiz; Ən çox rüşvət alınan sahələr hansıdır?
Elə gün olmur ki, ölkə mətbuatında rüşvət və korrupsiya faktları ilə bağlı yeni məlumat dərc olunmasın.
Rüşvətdən tez-tez danışan bizlər “dünyada belə şey görülməyib” cümləsini işlətməyi də sevirik. Çoxları düşünür ki, rüşvət ancaq inkişaf etməmiş ölkələrdə geniş yayılıb. Əslində mənzərə bir qədər fərqlidir. “Təsəlli” janrındakı bu məlumatları oxuyanda gözlərinizə inanmayacaqsız.
BBC radiosu rüşvət və korrupsiyanın dünyadakı dili ilə bağlı maraqlı araşdırma hazırlayıb. Məlum olub ki, Kent Universitetindən David Henig və Oksford Universitetindən Nicolette Makovicky ayrı-ayrı dillərdə “rüşvət”ə xalq arasında qoyulan “ləqəb”i araşdırıb.
Çaypulu, ya şorbapulu?
Əgər sizin maşınınızı Şimali Afrikada yol polisi dayandırıbsa, bilin ki, özü üçün növbəti qəhvənin sizin tərəfinizdən maliyyələşdirilməsini istəyə bilər. Keniyada yol polisi sizə deyə bilər ki, “böyüklər üçün çaypuluna” (suahili dilində: “chai ya wazee”) ehtiyacı var.
Amma Türkiyə polisi sizdən “şorbapulu” istəyə bilər. Türkiyədə şorbanı adətən ağır içki axşamının axırında içirlər. Yəqin rəisin kefinə işdən sonra yaxşıca vurmaq düşüb.
Meksika rəsmiləri “şapka” (yeri gəlmişkən rus sözüdür) istəyəndə “bir dişdək pay” (una mordida) üçün ağız açırlar.
Çində “bir balaca minnətdarlıq” rüşvətin kod adıdır
Çaypulu bir çox ölkələrdə rüşvətin adıdır. Bu ifadə rüşvət üçün, adətən çayın populyar olduğu ölkələrdə - İran və Əfqanıstanda işlənir. Macarıstanda həkimlərə və tibb bacılarına pul vermək qəbahət sayılmır. Polşada üzündən zəhrimar yağan bir bürokrata verilən pay onu yaxın tanışa çevirə bilər.
Çində də həkimlər, lap elə hökumət adamları rüşvətə “bir balaca minnətdarlıq” deyirlər.
Ruslarda isə minnətdarlıq kifayət eləmir. Əgər rus məmur sənin üçün bir xidmət göstəribsə və sən ona yalnız “çox sağ ol” deməklə işi bitmiş hesab edirsənsə, səhvin var.
Məmur dönüb deyə bilər: “Çox sağ ol”u cibə qoymaq olmur e, qardaş".
Avropalılar rüşvəti “masanın altında” sözü ilə əvəzləyir
Avropada adətən, nə “hörməti”, nə “payı”, nə də “bir balaca minnətdarlığı” masanın üstündə yox, altında ötürürlər. “Masanın altında” ifadəsi korrupsiya prosesi mənasında, ingilis, isveç, fransız və hətta fars dilində də var. Macarıstanda “yağpulu” bürokratiyanın paslı təkərlərini hərəkətə gətirmək üçün verilir.
Rusiyada məmurun “ovcuna nəsə qoymaq” lazımdır ki, işin düzəlsin. Rüşvət çox böyük cinayət olduğundan onu bir çox mədəniyyətlərdə “kiçiltməyə” çalışırlar. Svahili dilində “kiti kidogo” “kiçik bir şey” deməkdir. “Kiçik bir şey” məbləği ifadə etmir, lakin Fil Dişi Sahilində polis “pourboire” - “içkipulu” istəyir. Bunun məbləğini hər ölkədə az-çox təxmin etmək mümkündür.
Sualpulu, Nokia qutusu və ya çəki balığı...
Sualpulu. Bu ifadə Böyük Britaniyada geniş yayılıb və millət vəkillərinə aiddir. Məlumdur ki, parlamentdə müəyyən maraq və ya lobbi qrupları var və bəzən bu qruplara daxil millət vəkilləri rüşvət müqabilində parlamentdə hansısa şirkətin, şəxsin və ya təşkilatın maraqlarına uyğun sual verə, məsələ qaldıra bilər.
Bu, əlbəttə, cinayət əməli sayılır və indiyədək çox sayda millət vəkilinin başını yeyib.
Bəzən bir hadisə, bir qalmaqal, adi və günahsız bir şeyi rüşvətin simvoluna çevrilir. 2010-cu ildə Budapeşt İctimai Nəqliyyatı Şirkətinin rəhbəri Zsolt Balogh Macarıstan paytaxtının merinə rüşvəti Nokia mobil telefonunun qutusunda vermişdi. O vaxtdan Nokia qutusu rüşvətin məcazi adıdır, amma həm də məbləği bildirir.
Həmin o qutunun içində 15 milyon zlotı (65 min funt sterlinq) var imiş.
“Balaca çəki balığı” və ya sadəcə “balıq” Çexiya futbolundakı korrupsiya qalmaqalı zamanı klub menecerləri arasında rüşvətin kodlanmış adı kimi işlənirdi. “Balaca çəki balığının” konkret qiyməti var idi. Əldən-ələ keçən 1000 çex kronası kimi. O vaxtdan bəri bu ləzzətli balıq Çexiyada rüsvay olub.
Dünyada ən çox rüşvət verilən sahə... Ədliyyə imiş...
“Transparency İnternational” təşkilatı korrupsiyaya dair keçirdiyi son rəy sorğusunda isə bütün dünyanın mənzərəsini gözlər önünə sərib. Rəy sorğusu göstərir ki, dünya boyunca hər dörd nəfərdən biri son 12 ayda kiməsə rüşvət verib. Həmçinin, bəlli olub ki, hər iki adamdan biri bu son iki ildə korrupsiya ilə bağlı vəziyyətin pisləşdiyini düşünür. Lakin rəy sorğusunun iştirakçıları inanırlar ki, insanlar rüşvət və korrupsiyaya qarşı mübarizə apara, vəziyyəti dəyişə bilərlər.
“Qlobal Korrupsiya Barometri 2013" adlı rəy sorğusunda 107 ölkədən 114 min adam iştirak edib və ümumi nəticə budur ki, korrupsiya dünyada çox geniş yayılıb. Rəyi soruşulanların 27 faizi bildirib ki, son 12 ay ərzində ictimai xidmətlərdən istifadə üçün rüşvət verməli olub. Bununla belə, hər 10 nəfərdən 9-u inanır ki, korrupsiya ilə mübarizə mümkündür. Respondentlərin üçdə iksi rüşvət verməkdən imtina etdiyini bildirib. lQlobal Korrupsiya Barometri 2013" rəy sorğusu həmçinin aşkar edib ki, bir çox ölkələrdə adamlar korrupsiya ilə mübarizə aparmalı olan təsisatların özünə inanmırlar.
36 ölkədə adamlar polisin ən korrupsiyalı təsisat olduğunu düşünürlər və bu ölkələrdə adamların 53 faizi polisə rüşvət ödəməli olub. 20 ölkədə adamlar ədliyyə sisteminin ən korrupsiyalı sahə olduğunu düşünürlər və bu ölkələrdə adamların orta hesabla 30 faizi ədliyyə orqanlarına rüşvət verməli olub. Hesabat müəllifləri inanırlar ki, lhökumətlər öz vətəndaşlarının bu hayqırtısını ciddi qəbul etməli, ona şəffaflığı və hesabatlılığı konkret hərəkətlərlə artırmaqla cavab verməlidir".
Müəlliflər diqqəti xüsusilə də Böyük 20-lər qrupuna daxil hökumətlərə çəkərək yazırlar ki, bu 20-likdən 17-də rəyi soruşulanların 59 faizi hökumətlərinin korrupsiyaya qarşı kifayət qədər ciddi mübarizə aparmadığını düşünür.
Bu hesabatda həmçinin, siyasətçilərə xitab edilir. Bildirilir ki, 51 ölkədə insanlar siyasi partiyaların ən korrupsiyalı qurumlar olduğunu düşünürlər. Bu ölkələrdə adamların 55 faizində belə təəssürat yaranıb ki, onların hökumətləri xüsusi maraqlarla idarə olunur. Tövsiyə edilir ki, siyasətçilər korrupsiyaya qarşı mübarizədə nümunə olmalı, özlərinin və yaxınlarının mülkiyyəti və gəlirləri barədə bəyannamələri təqdim etməlidirlər.
Siyasi partiyalar və fərdi üzvlər, habelə namizədlər pul vəsaitlərini haradan və kimlərdən aldıqlarını açıqlamalıdırlar ki, maraqlar toqquşması baş verməsin.
Bu hesabata görə, insanlar korrupsiya ilə mübarizə sahəsində hökumətlərə 2008-ci ildən - böhran başlanandan bəri indi daha az etimad göstərirlər.
Hesabat hökumətlərə korrupsiya ilə mübarizə üçün güclü, müstəqil və yaxşı maliyyələşdirilən təsisatlar yaratmağı məsləhət görür.
Media ancaq 4 ölkədə rüşvətxor kimi tanınır - siyahıda Azərbaycan yoxdur
Dünyadakı korrupsiyanın mənzərəsi həm də məmur-vətəndaş əlaqələrini əhatə edib. Həmin bölümdə qeyd edilib ki, bu əlaqələr nə qədər az olsa, əldən-ələ keçən rüşvətin də ehtimalı az olar. Respondentlərə belə bir sual verilib: "İşinizin həll olunması üçün şəxsi əlaqələr nə dərəcədə mühümdür?" 107 ölkədən rəyi soruşulanların 7 faizi bunun heç də mühüm olmadığını söyləyib.
31 faiz bu qənaətdədir ki, şəxsi əlaqə son dərəcə mühümdür. Hökumətlərin özləri üçün bir neçə böyük maraqları güddüyünə dair iddialara cavab olaraq yalnız 6 faiz belə maraqların olmadığına inandığını söyləyib. 36 faiz böyük əminliklə, 19 faiz isə tam əminliklə bu iddiaların gerçək olduğunu bildirib.
Daha bir bölüm ən çox korrupsiyaya bulaşdığı güman edilən qurum və sahələrə həsr olunub. Ən çox korrupsiyalı olduğu düşünülən siyasi partiyalar birinci yerdədir, 2-ci yerdə polis, 3-cü yerdə dövlət qulluqçuları, dördüncü yerdə parlamentlər, 5-ci yerdə ədliyyə və məhkəmələr, 6-cı yerdə biznes və şəxsi sektor, 7-ci yerdə tibb müəssisələri, 8-ci yerdə təhsil sahəsidir.
Burada ilk dəfə olaraq medianın da adı çəkilir. Media rüşvət mənasında hətta hərbidən də əvvəl gəlir.
Son iki yeri QHT-lər və dini təsisatlar bölüşür.
Lakin göründüyü kimi bu cür reytinq cədvəli orta hesab faizi ilə tərtib edilib və ölkədən-ölkəyə fərqlidir. Məhz buna görə də ölkələri qruplaşdıran daha bir cədvəl verilir. Yəni ölkələrdə qurumlara hansı münasibətin olduğu əks etdirilir.
Məsələn, siyasi partiyaların korrupsiyası Azərbaycan üçün aktual deyil. Lakin siyasi partiyaların ən korrupsiyalaşmış qurum olduğunu düşünənlərin sayı Türkiyədə daha çoxdur. Bu qrupa, ümumiyyətlə, ABŞ, Britaniya, Norveç və Almaniya kimi 51 ölkə daxildir.
Polisi 36 ölkədə ən korrupsiyalı sistem hesab edirlər. Azərbaycan burada da yoxdur. Bu qrupda Ermənistan, Moldova, Gürcüstan, Litva kimi keçmiş sovet ölkələrinin adları var. Ermənistan, Qırğızıstan və Rusiya da dövlət qulluqçularının daha çox rüşvətxor olduqları güman edilən 7 ölkə arasındadır. Medianın korrupsiyasına gəlincə isə, onu yalnız dörd ölkədə - Avstraliya, Misir, Yeni Zelandiya və Britaniyada bu bəlaya bulaşmış kimi görürlər.
Dini qurumlara ən az inanan Danimarkadır. Biznesin korrupsiyalı sahə olduğuna inanan 3 ölkə arasında Norveçin də adı var.
Sadə insanlar korrupsiyanı aradan qaldıra bilərmiş...
Suallardan biri də təxminən belə səslənir. Sadə insanlar rüşvət və korrupsiyanın qarşısının alınmasında nəsə edə bilərmi? Bu sualın cavabı ölkədən-ölkəyə müxtəlifdir və dövlətlər növbəti cədvəldə bu prinsiplə qruplara ayrılıb.
Ermənistan, Estoniya, Litva, Ukraynada adamların 20 faizdən 40 faizədək hissəsi hesab edir ki, sadə insanlar korrupsiya ilə mübarizəyə töhfə verə bilərlər.
Ümidli adamların daha çox, yəni 61-80 faiz olduğu ölkələrin kateqoriyasında çox sayda ölkənin, o cümlədən Azərbaycanın da adı çəkilir. Bu qrupa həmçinin Türkiyə, Britaniya, ABŞ və hətta Mozambik də daxildir.
İnsanların korrupsiya ilə mübarizəyə ən çox can atdığını əks etdirən kateqoriyada (81-100 faiz) Yunanıstan və əsasən Venesuela kimi Cənubi Amerika ölkələri var.