Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həbsdəki jurnalistin həyat yoldaşı: “Onun qarşısında şərt qoyulmuşdu ki, “ya Şirvandan çıxacaqsan, ya da həbs olunacaqsan”

3-06-2020, 10:04   

 


İsmayıl Nadirlinin aclıq aksiyasına başladığı bildirilir
Müxtəlif internet televiziya kanallarıyla əməkdaşlıq edən jurnalist İsmayıl Nadirlinin (İslamoğlu) həbsdə aclıq etdiyi bildirilir. Bu barədə Meydan TV-yə jurnalistin həyat yoldaşı Aysel Nadirli məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı bu üsulla heç bir təqsiri olmadan həbs edilməsinə etiraz edir.
A.Nadirli deyir ki, yaşadıqları Şirvan şəhərinin polis rəisi həyat yoldaşına həbs olunacağı haqda xəbərdarlıq etmişdi: “Onun qarşısında şərt qoyulmuşdu ki, “ya Şirvandan çıxacaqsan, ya da həbs olunacaqsan”. Dediyini də elədi. Bu adamın qohumları, evi buradadır, niyə başqa yerə köçüb getməlidir?”
Həyat yoldaşı deyir ki, İ.İslamoğlu jurnalist fəaliyyətinə, Şirvandakı neqativ halları işıqlandırdığına görə təqib olunur.
“Həbsdən mayın 17-də buraxılmışdı. Ona yol qəzasına görə 25 sutka cəza verilmişdi. Heç 15 gün azadlıqda qalmağa qoymadılar. Mayın 30-da səhər evdən çıxdı, ondan heç bir xəbər ala bilmədik. Axşam öyrəndik ki, polis şöbəsindədir. Guya Vahid Əliyev adlı adam küçədə ondan ünvan soruşub, həmin adamı təhqir edib. İsmayıl məhkəməsində də dedi ki, belə bir adamı ümumiyyətlə, tanımayıb. Ona atılan şər-böhtandır, sadəcə, həbs olunması üçün bu adamdan istifadə edirlər”.
Mayın 31-də Şirvan Şəhər Məhkəməsinin qərarıyla İ.İslamoğluya 15 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə ittiham olunub.
İyunun 2-də Şirvan Apelyasiya Məhkəməsində həmin qərardan verilən şikayətə baxılıb. Qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.
A.Nadirli onu da əlavə edib ki, həyat yoldaşı Şivan şəhər Polis Şöbəsindəki təcridxanada saxlanılır. Amma onunla nə telefonla danışa bilirlər, nə də görüşməyə imkan verilir. Amma o, ailə üzvlərinə xəbər göndərərək deyib ki, qanunsuz həbsinə etiraz olaraq, aclıq aksiyası keçirir: “Başqa çıxış yolu qoymayıblar, ona görə aclıq etmək qərarına gəlib”.
İ.İsmayıloğlunun əməkdaşlıq etdiyi “Çarx TV”nin kollektivi onun həbsilə əlaqədar Daxili işlər naziri Vilayət Eyvazova məktub göndərib. Məktubda Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyinin fəaliyyətindən narazılıq ifadə olunub. Vurğulanıb ki, İ.İsmayıloğlu da polis rəisinin qərəzi nəticəsində hazırda həbsdədir.
Daxili İşlər Nazirliyindən isə ictimai-siyasi fəalların həbsi ilə əlaqədar bildirilib ki, kimsə peşə fəaliyyətinə, yaxud siyasi mənsubiyyətinə görə cəzalandırılmır. Həbs olunanlar konkret qanun pozuntusuna görə cəzalandırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar