53 saylı məktəbdə müəllimənin birinci sinif şagirdinin saçını dibindən qopartması ciddi rezonans doğurub.
Axar.az xəbər verir ki, ötən gün sosial şəbəkədə paylaşılan və qısa müddətdə medianın gündəminə gələn olayla bağlı Bakıda yerləşən məktəb direktoru açıqlama verməkdən yayınır.
Qeyd edək ki, Yasamal rayonunda yerləşən 53 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Zülfiyyə Hacıyeva birinci sinifdə oxuyan balaca məktəbli qıza qarşı zorakılıq və vəhşilik edərək, yazısını düzgün yaza bilmədiyi üçün onun saçını dibindən qoparıb. Ancaq adı çəkilən müəllimə və məktəbin direktoru Firəngiz Həsənova məsələ ilə əlaqədar israrlı zənglərimizə baxmayaraq, açıqlama verməkdən qaçdılar.
Özünü təqdim etmək istəməyən, məktəbin adi işçisi olduğunu deyən və direktora aid telefon nömrəsinə cavab verən xanım isə Axar.az-a direktorun hazırda ikinci korpusda olduğunu bildirdi:
“Firəngiz xanım ikinci korpusdadır. Bu məsələ ilə bağlı hazırda sizə cavab verə biləcək bir şəxs yoxdu. Mən adi işçiyəm, bu səbəbdən bir söz deyə bilmərəm”.
Şagirdin saçını yolan ibtidai sinif müəlliməsi Z.Hacıyeva ilə də danışmaq cəhdlərimiz boşa çıxdı. Onun hazırda dərsdə olduğunu bildirdilər:
“Müəllimə dərsdədir. Danışa bilməz”.
Məktəbdə hazırda bununla bağlı ciddi müzakirələrin getdiyi də deyilir. Bildirilir ki, Təhsil Nazirliyindən 53 saylı məktəbə komissiya gəlib və bu da ciddi həyəcana səbəb olub.
Mövzunu diqqətdə saxlayırıq.