12 gündür ki, uşaqlarımız “Tubzon”da işgəncələrə məruz qalır”
14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin öldürülməsi məhkumların kütləvi etirazına səbəb olub. Ötən il dekabrın 22-də baş verən bu olaydan 4 gün sonra müəssisəyə xüsusi təyinatlılar yeridilib, məhkumlar kütləvi şəkildə döyülüblər. Onlardan 11 nəfərin taleyi bu gün də qaranlıqdır. Belə məlumatlar var ki, həmin dustaqlar vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə köçürülüblər. Amma bu haqda rəsmi məlumat yoxdur, məhkumların yaxınlarına da onlarla görüşməyə şərait yaradılmır.
“Dilqəm Əsgərov və Şahbaz Quliyev ermənilərin əlindədir. Onların barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsi ilə xəbər alırıq. Bizim Binə qəsəbəsində, “Tubzon”da saxlanılan 11 övladımız barədə isə dekabrın 26-dan bu yana xəbər verilmir. Bilmirik ki, uşaqlarımız orada ölüb, ya qalıb!” – bu sözləri “Yeni Müsavat”a məhkum analarından biri deyib. O bildirib ki, yanvarın 8-də Penitensiar Xidmətə gedərək rəis Mədət Quliyevlə görüşmək istəyiblər: “Mədət Quliyevin qəbuluna getdik. Dedilər, məzuniyyətdədir. Amma onu işə gələn gördük. Qəbuluna düşə bilmədik. Bizi bir nəfər qəbul etdi. Çox kobud şəkildə danışırdı. Deyirdi, sizi polisə verəcəyəm. 102-ni yığacağını deyirdi. Onu birtəhər sakitləşdirib dedik ki, Mədət Quliyevin müavini Hüseyn Əlixanovun yanında olmuşuq. O, “Tubzon”un rəisi Nizamiyə zəng edib və bizi qəbul etməsini tapşırıb. Amma bizi qəbul etməyib. Bizə belə xəbər çatıb ki, uşaqlarımızın bəzilərini orada əməliyyat ediblər. Onların əl-ayaqları sınıb. Bir neçəsinin daxili orqanları dağılıb. Vəkilləri də “Tubzon”a buraxmırlar”.
Valideynlər deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli İbrahimovla danışıb: “Əli İbrahimov nümayəndəyə deyib ki, 11 nəfər məhkum vərəm xəstəsi olduqlarına görə “Tubzon”a köçürülüblər. Bu ağ yalandır. Ora köçürülən məhkumların heç biri vərəm deyil. “Tubzon” işgəncə yeridir. Bizim övladlarımıza orada işgəncə verirlər. 12 gündür ki, uşaqlarımız “Tubzon”da işgəncələrə məruz qalır”.
Valideynlər Ə.İbrahimovun onları da aldatdığını bildirdilər: “Elşad Babayev öldürüləndən sonra, dekabrın 26-da uşaqlarımızı “Tubzon”a köçürüblər. 26-da ora itlərlə qoşun girib. Hamını döyüb alt paltarında plastda saxlayıblar. Bizə də deyirlər ki, uşaqlarınız məhkəməyə gediblər. Övladlarımızın vəziyyəti çox ağırdır. Döyülmələrdən daxili orqanları zədələnib. Biz hər gün 9-10 saat “Tubzon”un qabağında dayanıb övladlarımızla görüş veriləcəyini gözləyirik. Oranın rəisi Nizami qabağımıza çıxmır. O, Azərbaycanda məhbusları vəhşicəsinə döyməsi ilə ad çıxarıb. Onlar məhkumlara qarşı vandalizmlə məşğuldurlar. Hara gedirik, deyirlər ki, prezident qol çəkib, qoşun girib “zon”a. Əli İbrahimov yanvarın 1-nə qədər övladlarımızın harada olduğunu gizlətdi. Bu ən böyük qanunsuzluqdur. Əgər bir məhkum xəstələnərsə və ya başqa bir “zon”a, istintaq təcridxanasına köçürülərsə, mütləq onun yaxınlarına bu haqda məlumat verilməlidir. Özü ilə bərabər iş qovluğu da göndərilməlidir. Bizə deyirlər ki, övladlarınızı heç yerə göndərməmişik. İş qovluqlarını bizə göstərirlər. Deməli, övladlarımızın “Tubzon”a köçürülməsinin qanunsuz olduğunu özləri də bilirlər. Onları orada qeydiyyata salmadan saxlayırlar. Qanundankənar ora aparıb “press”ləyirlər, döyürlər. Bizə “Tubzon”dan xəbər gəlib ki, onları orada 1 həftə əl-ayaqları qandalda saxlayırlar, işgəncə verirlər. İşgəncə verənlərin adları da bizə məlumdur. Əgər övladlarımızın hər hansı bir günahı varsa, onları Bakı İstintaq Təcridxanasına, Şüvəlan istintaq təcridxanasına göndərsinlər. Onların xəstə məhkumlar üçün müalicə müəssisəsində onların nə işi var? Sağlam adamı vərəmli xəstələrlə eyni yerdə saxlanılması sadəcə cinayətdir”.
Valideynlər bildiriblər ki, Prezident Adminstarsiyasında da olublar: “Bizi Prezident Adminstrasiyasından ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna göndərdilər. Orada dedilər ki, sizi İsa müəllim qəbul edəcək. Amma o da hər hansı bir konkret söz demədi. Qanunsuzluqlarla bağlı məlumat verdik, övladlarımızın “Tubzon”a göndərilməsinin səbəbini soruşduq. İsa müəllim cavab verə bilmədi. “Tubzon”a gələn İmran Tağızadənin maşının qarşısını kəsdik. Nizami yanında idi, dedi ki, övladlarınız bura 15 sutkalıq karserə gəliblər, biz də 15 gün əlavə etmişik. Onların yanında Qırmızı Xaç Komitəsinin Maksim adlı nümayəndəsi də vardı. O dedi ki, “vaşi sınovya jivı i zdarovı”. Maksimə də dedik ki, bizə övladlarımızı göstərin. Biz onların öldü-qaldısından məlumatsızıq”.
Valideynlər təhdid edildiklərini də açıqlayıblar: “Bizə Nizami, İmran müəllim deyir ki, qəzetlərə şikayət edirsiz, övladlarınızın vəziyyətini ağırlaşdırısız. Biz dərdimizi kimə deyək? Bizə açıq-aşkar deyirlər ki, övladlarınız bura qayıdacaq. Yəni onlar da Elşad Babayevin taleyini yaşaya bilərlər. Dekabrın 22-dən sonra 14 saylı cəzaçəkmə müəssisəsində namaz qılmaq qadağan olunub. Açıq deyirlər ki, dindar məhkumlar əfv üçün ərizə yazmadığına görə onlara qarşı amansız davranırlar. İmran müəllim məhkum Anarın anasına dedi ki, evinizə adam göndərdik ki, əfv üçün ərizə yazın. Niyə yazmadız?”
Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi, məhkum yaxınları ilə təmasda olmuş Maksim Zadaluyevlə əlaqə saxlayıb. M.Zadaluyev deyib ki, başçəkmələrlə əlaqədar 3-cü şəxslərə, mediaya məlumat vermək təmsil etdiyi qurumun mandatına uyğun deyil. Bununla belə M.Zadaluyev məhkumların yaxınlarının müraciətlərinə baxmağa hazır olduqlarını da açıqladı: “Bizim Azərbaycan höküməti ilə müqaviləmiz var və həmin müqavilə bizə saxlama yerlərinə baş çəkməyə, orada saxlanılan məhkumlarla, saxlanılan şəxslərlə görüşməyə imkan verir”.
M.Zadaluyev məhkum E.Babayevin 14 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi haqda məlumatlı olduqlarını, mətbuatı izlədiklərini də bildirdi. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova 11 məhkumun müalicə müəssisəsinə köçürülməsi haqda məlumatlı olduqlarını söylədi: “Beynəlxalq Qırmızı Xaç Komitəsi saxlama yerlərinə baş çəkir və saxlanılan şəxslərin ailələri ilə görüşür. Amma bu barədə ictimaiyyətə məlumat verilmir”.
İ.Hüseynovadan BQXK-nin Azərbaycandakı nümayəndəliyinin vərəmli olmayan məhkumların vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə köçürülməsinə münasibətlərini də xəbər aldıq. İ.Hüseynova “şərh verə bilmərik” deyə bildirdi.
E.MƏMMƏDƏLİYEV