Qardaşların qətli ilə bağlı yeni şok detallar ortaya çıxdı - Əməkdaşımız araşdırma apardı

9-01-2015, 18:22   
Qardaşların qətli ilə bağlı yeni şok detallar ortaya çıxdı - Əməkdaşımız araşdırma apardı
Qətli törədən şəxs “Standartbank”ın işçisi çıxdı; Öldürülən qardaşların anası yüksək məbləğdə faizlə borca pul verirmiş...

Yanvarın 8-də axşam saatlarında Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində baş verən dəhşətli qətl hadisəsinin şok pərdəarxası məqamları ortaya çıxıb. Artıq hadisəni törədən və öldürülən qardaşların kimliyi məlum olub.

Qətli törədən 1984-cü il təvəllüdlü Zaur Ənvər oğlu Tərlanovdur. Öldürülən qardaşlar 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovlardır.

Qardaşları gülləyən Zaur Tərlanov könüllü olaraq, 38-ci Polis Bölməsinə təslim olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilsə də, Sahil qəsəbəsinin sakinləri arasında apardığımız araşdırmalar qətllə bağlı şübhəli detalları da ortaya çıxardı.

Məlum oldu ki, qətldə şübhəli bilinən Zaur Tərlanov “Standartbank”ın Qaradağ rayonunda yerləşən filialının işçisi olub. Öldürülən qardaşlar isə, Dərin Özüllər Zavodunda işləyiblər.

Söhbətləşdiyimiz sakinlər qətlin qısqanclıqla bağlı törədildiyini təsdiqlədilər. Qəsəbə sakinləri ad çəkməsələr də, bizə məlumat verdilər ki, güllələnən qardaşlardan birinin Zaur Tərlanovun xanımı ilə yaxın əlaqələri olub. Zaur bununla bağlı qardaşları görüşə çağırıb. Söhbət zamanı qətlə yetirilən qardaşlar Zaura hədə-qorxu gəliblər.

Yanvarın 8-də axşam saatlarında Zaur Tərlanov işdən qayıdan qardaşların «Toyota Land Cruiser» markalı maşınının (dövlət nömrə nişanı 90 RC 008) qarşısını kəsərək, odlu silahla onlara atəş açıb. Sakinlər onu da qeyd etdilər ki, qətli törədən və qətlə yetirilən qardaşlar bir qəsəbənin, yəni Sahil qəsəbəsinin sakinləri olublar.

Araşdırmalarımız zamanı qətllə bağlı səsləndirilən versiyalara kölgə sala biləcək faktlar da ortaya çıxdı. Belə ki, öldürülən qardaşların anası Nigar Rəhimova yüksək məbləğdə faizlə borca pul verirmiş. Bununla bağlı dəfələrlə narazılıqlar olub.

Hətta bir il öncə faizi ödəyə bilmədiyinə görə qəsəbədə yaşayan bir gəlin özünü yandırıbmış. Söhbət zamanı qəsəbə sakinləri Rəhimovlar ailəsinin zülmündən artıq təngə gəldiklərini də qeyd etdilər. Onların çox varlı ailə olduqlarını və şəhərin müxtəlif yerlərində evlərə sahibləndiklərini də bildirdilər. Qonşuların dediklərinə görə, Rəhimovlar ailəsini çox harınlanmış bir ailə hesab etmək mümkündür.

Hər iki ailə arasında əvvəllər yaxın münasibətlər mövcud olub. Hətta qətli törətməkdə şübhəli bilinən Zaur Tərlanovun bankdan aşağı faizlə Rəhimovlar ailəsinə pul təşkil etdiyi və onların həmin pulları yüksək faizlə dövriyyə buraxdıqları də məlum oldu. Sonralar hər iki ailə arasında münasibətlər pozulub. Zaurun toyunda da qardaşların anası və özləri iştirak ediblər. Güllələnən qardaşların və Zaur Tərlanovun ataları Dərin Özülləri Zavodunda bir yerdə işləyiblər.

Sakinlər onu da bildirdilər ki, əvvəllər onlar arasında narazılıqlar yaşanıb. Zaur öz həyat yoldaşını yayılan xəbərlərə görə, dəfələrlə döyüb. Qətli törədən şəxsin xanımı ilə adı hallanan qardaşlardan biri Zaura bu xəbərlərin şayiə olduğunu deyib. Hətta sakinlər qadınla bağlı həkimə müraciət edildiyini də söylədilər.

Araşdırma apardığımız zaman Zaur Tərlanovun Bakının mərkəzindən ev aldığı və onun xanımının həmin evdə yaşadığı da ortaya çıxdı. Zaur Tərlanov kimi, həmçinin qətlə yetirilən qardaşlar da ailəli olublar.

Yanvarın 9-da qardaşlar dəfn olunublar. Qəsəbə sakinləri qətldə şübhəli bilinən Zaur Tərlanovun Qaradağda yerləşən 38-ci Polis Bölməsinə gələrək, könüllü təslim olduğunu bildirdilər.

38-ci Polis Bölməsi ilə əlaqə saxladıq. Bölmədən bizə bildirdilər ki, yanvarın 8-də gecə saatlarında Zaur Tərlanov Qaradağ rayon Prokurorluğuna aparılıb.

Ona görə də Prokurorluğun bu hadisə ilə bağlı mövqeyini öyrənməyə çalışdıq. Nə qədər qəribə olsa da, oradan bildirdilər ki, açıqlama almaq üçün Prokurorluğun binasına yaxınlaşmaq lazımdır.

Sonda onu qeyd edək ki, Baş Prokurorluq Qaradağ rayonunda törədilmiş bu qətllə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir: “Yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Leksus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb, hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

Rayon Polis İdarəsi və Prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq, istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.