Hüquq müdafiəçisi mətbuat vasitəsilə həbsdəki həyat yoldaşı Arif Yunusu 60 illik yubileyi münasibətilə təbrik edib
Həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun yanvarın 8-də məhkəmə-tibbi ekspertizası keçirilib. Bu, hüquq müdafiəçinin vəkillərinin vəsatəti əsasında mümkün olub. Ekspertizanın nəticələri barədə istintaq müddətində məlumat veriləcək.
Bu barədə musavat.com-a Leyla Yunusla yanvarın 8-də 1 saylı Bakı İstintaq Təcridxanasında görüşən vəkil Elçin Qəmbərov məlumat verib: “Leyla Yunusla bağlı son məlumat ondan ibarətdir ki, yanvarın 8-də məhkəmə-tibbi ekspertizası keçirildi. Bu, biz vəkillərin vəsatəti əsasında keçirilmişdir. Nəticələr barədə təbii ki, istintaq müddətində məlumat veriləcək. Leyla Yunusun özü ilə görüşdüm. O, mətbuatdan xahiş etdi ki, yanvarın 12-də 60 yaşı tamam olan həbsdəki həyat yoldaşı Arif Yunusa təbriklərini çatdırsınlar. Mən ona dedim ki, yaxın günlərdə İntiqam Əliyev və Rəsul Cəfərovun məhkəmələri başlamalıdır. O, bildirdi ki, bu şəxslərin yaxın günlərdə məhkəmələrinin olacağına inanmır. Hesab edir ki, bu ilin sonuna qədər həbsdə qalacaq”.
Elçin Qəmbərov hüquq müdafiəçisinin səhhəti ilə bağlı da danışdı: “Leyla Yunusla görüşdən sonra bəyanat yaydım. Bunun səbəbi mətbuatda yayılan xəbərlərlə bağlı idi. Guya alman həkimin iştirakı ilə aparılan müayinə Respublika Diaqnostika Mərkəzində olub. Alman həkim guya deyib ki, Leyla Yunusun səhhətində heç nə yoxdur. Bu, həqiqətə uyğun deyil. Bəyanatda hamısını qeyd etmişəm. Alman həkim Leyla xanımdan qan analizi götürərək, Almaniyaya aparıb. O, bildirib ki, ilkin nəticələri Avropa Məhkəməsinə göndərəcək. Bu xəbərləri “Azərtac” yaymışdı. Bütün bu yayılan xəbərlərlə bağlı etirazımızı bildirdik. Saxlanma şəraiti və səhhəti ilə bağlı bizim heç bir narazılığımız yoxdur”.