Terror Parisi dağıdır: Eyfel qülləsi ətrafında atışma... - YENİLƏNİB, FOTOLAR

9-01-2015, 19:07   
Terror Parisi dağıdır: Eyfel qülləsi ətrafında atışma... - YENİLƏNİB, FOTOLAR
Paris polisi metronun şəhərin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yerləşən “Trokadero” stansiyasını bağlayıb, şəhərdə atışma gedir.

Virtualaz.org saytı “Le Mond” qəzetinə istinadən xəbər verir ki, metrodakı sərnişinlərin evakuasiyasına başlanılıb.


Evakuasiyanın səbəbləri hələ dəqiq bəlli deyil. Yerli KİV belə ehtimal edir ki, burada söhbət yeni terror aktı təhlükəsindən gedə bilər.

Fransa Daxili İşlər Nazirliyi 20-ci sahədəki mağazada insanları girov götürməkdə şübhəli bilinən şəxsləri axtarışa verib. “The Guardian” qəzeti xəbər verir ki, bunlar Həyat Bumeddyen adlı,1988-ci il təvəllüdlü qız və 1982-ci il təvəllüdlü qaradərili gənc Amedi Kulibalidir.



* * *17:56

Parisin 20-ci dairəsindəki yəhudilərə məxsus ərzaq mağazasında naməlum silahlı şəxs insanları hələ də girov saxlayır.

Virtualaz.org saytı “France Presse” agentliyinə istinadən bildirir ki, terror hücumu qansız ötüşməyib. Belə ki, girovlardan iki nəfər öldürülüb. Bundan əvvəl isə bir nəfərin yaralanması haqda xəbər verilmişdi.

* * *17:13

Bu gün Parisin 20-ci dairəsində yeni atışma faktı qeydə alınıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində ən azı 1 nəfər yaralanıb.

Məlumata görə, atışma ərzaq mağazasında baş verib və cinayətkar ən azı beş nəfəri girov götürüb.

Cinayətkarın ötən gün qadın polisə və yol xidməti əməkdaşına silah açmış şəxs olduğu ehtimal edilir.

İnsident təqribən yerli vaxtla saat 13:00-da baş verib.



* * *14:53

“Charlie Hebdo” jurnalının redaksiya heyətini və iki polisi qətlə yetirən Əlcəzair əsilli terrorçular hazırda mühasirəyə alındıqları nəşriyyat binasında polisə təslim olmaqdan imtina edib.

Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, polis xüsusi əməliyyatı dayandırıb və bir neçə nəfəri girov saxlayan terrorçularla danışıqlara girib.

Lakin xüsusi əməliyyatın keçirildiyi Dammarten-an-Goel departamentinin yerli bələdiyyə şurasının deputatı İv Albarello bildirib ki, terrorçular təslim olmaq istəmədiklərini, döyüşərək ölmək, yaxud intihar etmək istədiklərini deyiblər.

Bundan əvvəl Fransa polisi bildirib ki, terrorçuları sağ ələ keçirməyə çalışır. Polis həmçinin girovların həyatını təhlükəyə atmayacaqlarını bildirib.

Terrorçu Kuaşi qardaşları Parisin şimalındakı sənaye rayonunda yerləşən nəşriyyat binasında mövqe tutublar və nəşriyyatın işçilərindən bir neçəsini girov götürüblər.

* * *13:32

“Charlie Hebdo” jurnalının redaksiyasına basqın edib qətliam törədən terrorçuların təqib olunması davam edir və Fransa KİV-ləri hazırda Parisdən 50 kilometr şimalda dramatik hadisələrin cərəyan etdiyini xəbər verir.

Son məlumatlara görə, terrorçu Kuaşi qardaşları ilə atışmada 2 nəfər ölüb, 20-si yaralanıb. Ölənlərin və yaralananların kimliyi barədə məlumat yoxdur.

Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, hazırda terrorçular Parisin şimalındakı sənaye zonasında CDT nəşriyyatının binasında mövqe tutublar və bir qrup işçini girov götürüblər. Girovların sayı dəqiqləşdirilir.

Bundan əvvəl Kuaşi qardaşları qadın sürücü tərəfindən idarə olunan maşını qaçırıb, qadının özünü isə buraxıblar. Hazırda sənaye zonası polis tərəfindən mühasirəyə alınıb, xüsusi təyinatlı jandarma qüvvələri yeridilib, havada hərbi vertolyotlar dövrə vurur.

Terrorçuların yaxalanması əməliyyatına Fransa prezidenti Fransua Olland şəxsən rəhbərlik edir. Əməliyyatda iştirak edən xüsusi təyinatlılara necə hərəkət etmək barədə əmrləri prezident özü verir.

Hazırda atışma dayanıb. Terrorçularla danışıqların aparıldığı bildirilir.

* * *12:59

Bu dəqiqələrdə yayılan məlumata görə, Parisin şimal hissəsində insanları girov götürənlər məhz “Charlie Hebdo” redaksiyasına basqın edən Şerif və Səid Kuaşi qardaşlarıdır.

Fransa KİV-ləri qardaşların yerinin aşkar olunduğunu, lakin onların bir nəfəri girov götürməyə imkan tapdığını xəbər verir. Onlar girov götürdükləri şəxslə birlikdə qaçırılmış avtomobildə hərəkət edirlər.

Hazırda antiterror qüvvələri onları təqib edir, atəş səsləri eşidilir. Kuaşi qardaşları Dammarten-an-Goel departamentində avtomobil qaçırıblar, bu zaman polislə atışma baş verib.

Bildirilir ki, antiterror qüvvələri hazırda terroçuları 2-ci milli avtotrasın kəsiyində təqib edirlər. Fransa daxili işlər naziri Dammarten-an-Goel departamentində xüsusi əməliyyatın keçirildiyini təsdiqləyib.


* * *12:54

Fransada polis “Charlie Hebdo” satirik jurnalının redaksiyasına basqın edib 12 nəfəri qətlə yetirən terrorçuları axtardığı bir vaxtda paytaxtın Sena və Marna departamentində naməlum silahlılar insanları girov götürüb.

Virtualaz.org saytı xəbər verir ki, bu təcili məlumatı RTL radiostansiyası yayıb. Girovların sayı və mümkün qurbanlar haqda məlumat yoxdur.

Bundan əvvəl Dammarten-ən-Goel departamentində “Charlie Hebdo”nun redaksiyasına basqın edən silahlıların təqib olunması zamanı atışma baş vermişdi. Fransa təhlükəsizlik qüvvələri avtomatlarla və qumbaraatanlarla silahlanmış terrorçu qardaşların axtarışına aviasiyanı da cəlb edib. Ancaq üçüncü gündür davam edən təqib əməliyyatları hələlik nəticə vermir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.