“Azərbaycanın cənub zonasında vəhhabilərin sayı artır. Şiə bölgəsi olan Lənkəran, Masallı və Astarada gizli şəkildə təşkilatlanma, təbliğat işləri aparılır”.
Bu barədə Axar.az-ı məlumatlandıran yerli sakinlərdən biri vəhhabilərin özlərini ələ vermədiyini açıqlayıb. Onun iddialarına görə, vəhhabilər şiələrin qəzəbinə tuş gəlməmək və ictimai qınaqdan qorunmaq üçünü uzun saqqal saxlamır, balağı qısa şalvar geyinmirlər.
Onlar əvvəlki illərdə barmaqla sayılacaq qədər olub. Son zamanlar isə cənub zonasında qeyri-ənənəvi təriqət üzvlərinin sayında artım müşahidə olunur. Mənbənin qeydlərinə görə, onlar özlərini cəmiyyətdən təcrid ediblər, nadir hallarda diqqət cəlb edən yerlərdə toplaşırlar, məscidlərə getmirlər. Onlar öz arasında müzakirələr aparır, təbliğat yollarını göstərir, kitablar təqdim edirlər.
Bölgədə vəhhabiliyin yayılma metodikası adamlarla tək-tək təmasa girib, onları öz yanına almaqdır. Qatı şiələrin məskunlaşdığı yer olduğundan, burda vəhhabiliyin yayılması olduqca çətindir, buna baxmayaraq, təbliğatları və fəaliyyətləri dayanmır.
Masallıda bir gəncin Suriyaya qaçması, ardınca Lənkəranın Şıxəkəran kəndində evli qadının İŞİD-ə qoşulması regionda situasiyanın dəyişdiyini göstərir. Cənub regionunda qeyri-ənənəvi təriqətlərə üzv olanların siyahısında ibrahimilər və “Yehova şahidləri” adlı sektanı da qeyd etmək olar.