7 yanvar terrorunun küləyi Azərbaycanı da vuracaq – təhlükə

10-01-2015, 10:20   
7 yanvar terrorunun küləyi Azərbaycanı da vuracaq – təhlükə
Dünyanın simasını 11 sentyabr qədər dəyişən olay; Qlobal düzəni poza biləcək qorxulu prosesin tətiyi çəkilmiş kimi görünür; Paris qətliamı həm də Krımın ilhaqının effektinə bərabər rezonans doğurub və Rusiya işğalını arxa plana keçirib - dost-müttəfiqlərin sırası dəyişə bilər; ölkəmiz yeni təhdidlərlə üz-üzə...
Təzə təqvim ili dünya düzənini silkələyən qanlı hadisə ilə başladı. Parisdə satirik jurnalın redaksiyasına hücum və bu hücum nəticəsində 12 nəfərin qətlə yetirilməsi gerçək mənada qlobal miqyaslı yeni situasiya yaratmış oldu.

Bu olayı effektinə və rezonansına görə, Rusiya tərəfdən Krımın ilhaqına da bənzətmək olar; ABŞ-da, Nyu-Yorkda 3 min nəfərə yaxın insanın ölümü ilə nəticələnən 2001-ci ildəki 11 sentyabr terror olayı ilə də müqayisə etmək mümkündür. Doğrudur, Parisdə cəmi 12 nəfər həyatını itirib, lakin söhbət kəmiyyətdən deyil, qeyd edildiyi kimi, hadisənin əks-sədasından, onun doğura biləcəyi uzaqgedən nəticələrin ciddiliyindən və ictimai-siyasi əhəmiyyətindən gedir.

Məsələ də ondadır ki, 11 sentyabr terroru zamanı, belə demək mümkünsə, yalnız gizli fəaliyyət göstərən “əl-Qaida” təşkilatı mövcud idisə, indi həm “əl-Qaida” var, həm də İraq və Suriyanın mühüm bir hissəsini ələ keçirib “xilafət” yaradan və beynəlxalq təhlükəsizliyi real surətdə təhdid edən, özünün ciddi ordu birləşmələrinə malik İŞİD.

Eyni zamanda 11 sentyabrdan keçən müddətdə Qərbin bətnindən yetişmiş və 77 dinc müsəlmanın ölümünə səbəb olmuş Breyvik sindromu var. Yəni əslində 2015-in dünyası 2001-ci ilin 11 sentyabr sonrası dünyasından daha ziddiyyətli, daha təhlükəli, daha etibarsızdır. İndi havadan barıt qoxusu daha çox gəlir, nəinki o zaman.
Bundan əlavə, 11 sentyabrdan 7 yanvaradək olan müddətdə ABŞ-ın İraq və Əfqanıstan projeləri faktiki, iflas olub. Terrorla mübarizə və demokratiya ixracı adı altında bu ölkələrə hərbi müdaxilə edən Amerika və müttəfiqlərin həmin ölkələrdən öz qoşunlarını məğlub qismində çıxarıblar. Bu amil sözsüz ki, radikal-ekstremist, dinçi qüvvələrə əlavə stimul verir.

Bura qlobal miqyasda, ələlxüsus da Qərbdə müəyyən məkrli dairələrin israrla sivilizasiyalar arasında toqquşma yaradıb, bulanıq suda balıq tutmaq sevdası ilə yaşamasını da əlavə eləsək, beynəlxalq sabitliyə təhlükənin nə dərəcədə böyük olduğu üzə çıxar.

Yeri gəlmişkən, bəzi versiyalara görə, beynəlxalq sanksiyalara tuş gəlmiş Rusiya da bu qarşıdurmada maraqlıdır, çünki ən azından Qərbin diqqətini özündən yayındırır, eyni zamanda terrorla mübarizədə “yaxşı tərəfdaş” kimi ortaya çıxır. Təsadüfi deyil ki, 7 yanvar olayından sonra Qərb siyasətçilərindən biri terrorizmlə mübarizədə Rusiyanı Avropanın “etibarlı müttəfiqi” adlandırıb.



***
Parisdəki hücumun mümkün sonucları ilə bağlı istər analitiklər, istərsə də siyasət adamları tərəfindən müxtəlif proqnozlar, xəbərdarlıqlar səslənməkdədir. Məsələn, bu olaya dair fikirlərini “Yeni Müsavat”a açıqlayan Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, hadisə həm İslama hücum edənlərin, həm də hücumdan faydalanaraq öz sıralarını genişləndirmək istəyən islamçı qrupların işinə yarayır: “Fransada və Avropanın başqa ölkələrində müsəlmanlara qarşı təzyiqlər, sıxışdırma halları güclənsə, İŞİD və ”əl-Qaidə" kimi təşkilatlar bundan daha çox yararlanacaq, öz resurslarını artıracaqlar".

Belə bir təhlükə isə həqiqətən var və 7 yanvardan sonra köhnə Avropa qitəsində yaşananların fonunda deyəsən güclənməkdədir. Axı, “pis nümunə yoluxucu olur”. Onun yoluxucu olmaması üçünsə ilk növbədə qlobal siyasəti müəyyən edən fövqəlgüclərin olduqca təmkinli, ölçülü-biçili addımlar atması gərəkdir. Və hansı addım olur-olsun, bu kontur-tədbirlər, sivilizasiyalararası, dinlərarası, mədəniyyətlərarası münasibətlərə zərbə vurmamalıdır. Əks halda, nəticə 7 yanvardan da ağır ola bilər - çünki dünya indi qat-qat böyük barıt çəlləyi üstündədir.

***



Bu iddiamızın bir sübutu da Parisdə dünən təkrarlanan qorxunc olaylardır. Məlum olduğu kimi, 9 yanvarda Parisdə yenidən terror və girov eyləmləri oldu, dünyanın gözü bu olaylara dair canlı yayın yapan televiziyalarda qaldı. Bütün bunlar da onu göstərir ki, dünya, xüsusi ilə də Avropa yaxşı təşkil olunmuş radikal qüvvələrin qorxunc terror ssenariləri ilə qarşı-qarşıya qayıdıb. İndi İŞİD sindromu hər yerdədir. Bütün dünyanın təhlükəsizliyi təhdid altındadır.



***
Madam ki, söhbət dünya düzəninə və təhlükəsizliyinə yeni təhdidlərdən gedir, demək, Azərbaycan da yeni təhlükələrdən sığortalanmayıb. Biz əslinə qalsa, neçə aydır artıq bu təhlükənin içində, onunla qabaq-qənşərik - nəzərə alsaq ki, 1 yanvar hücumunu alqışlayan İŞİD-in sıralarında yüzlərlə azərbaycanlı vuruşur və qruplaşmanın hədəfində Azərbaycan da var. Həmçinin, son vaxtlar ölkə miqyasında təhlükəsizlik orqanları tərəfindən aparılan həbslər, həyata keçirilən əks-təbdirlər qənaətimizə şübhə yeri saxlamır.



Avropadakı proseslər isə təhlükəli uzantı kimi özünü ölkəmizə də göstərə, müəyyən qrupların fəallaşmasında büruzə verə bilər əgər: 1. Qitədə islamofobiya əndazəni aşsa və nəzarətdən çıxsa; 2. Radikal ekstremist qruplar - istər xristian təmayüllülər olsun, istərsə də islam - öz uğurlarına əminlik hasil eləsələr. Unutmayaq ki, konkret olaraq Azərbaycanda radikalların hədəfində təkcə Qərb dünyasının məkanları, atributları olmaya da bilər.

Hər halda, şər deməsən, xeyir gəlməz. Şər isə dövlət, millət sərhədlərini çoxdan tanımır.

Siyasət şöbəsi musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.