Qanlı olayla bağlı müdhiş detallar ortaya çıxdı; Sahil qəsəbəsinin sakinlərinin iddiası: “Zaur Tərlanov arvadının Rəhimov qardaşlarından biri ilə münasibətindən şübhələnib”; öldürülən gənclərin anası yüksək faizlə sələmə pul verirmiş...
Yanvarın 8-də axşam saatlarında Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində baş verən dəhşətli qətl hadisənin şok pərdəarxası məqamları ortaya çıxıb. Artıq hadisəni törədən və öldürülən qardaşların kimliyi məlum olub.
Qətli törədən 1984-cü il təvəllüdlü Zaur Ənvər oğlu Tərlanovdur. Öldürülən qardaşlar 1985-ci il təvəllüdlü Cahid və 1980-cı il təvəllüdlü Cavid Rəhimovlardır. Qardaşları gülləyən Zaur Tərlanov könüllü olaraq 38-ci polis bölməsinə təslim olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilsə də, Sahil qəsəbəsinin sakinləri arasında keçirdiyimiz sorğu qətllə bağlı şübhəli detallar ortaya çıxardı.
Məlum oldu ki, qətldə şübhəli bilinən Zaur Tərlanov “Standartbank”ın Qaradağ rayonunda yerləşən filialının işçisi olub. Öldürülən qardaşlar isə, Dərin Özüllər Zavodunun işçiləri olublar.
Sakinlər qətlin qısqanclıqla bağlı baş verməsi fikrini təsdiqlədilər. Adının çəkilməsini istəməyən qəsəbə sakininin “Yeni Müsavat”a verdiyi məlumata görə, güllənən qardaşlardan birinin Zaur Tərlanovun həyat yoldaşı ilə yaxın əlaqələri olub. Zaur bununla bağlı qardaşları görüşə çağırıb. Söhbət zamanı qətllə yetirilən qardaşlar Zaura hədə-qorxu gəliblər.
Yanvarın 8-də axşam saatlarında Zaur Tərlanov işdən qayıdan qardaşların “Toyota Land Cruiser” markalı maşınının (dövlət nömrə nişanı 90 RC 008) qarşısını kəsərək, odlu silahla atəş açıb. Sakinlər onu da dedilər ki, qətli törədənlə qətlə yetirilənlər Sahil qəsəbəsinin sakinləri olublar.
Araşdırmalarımız zamanı qətllə bağlı səsləndirilən versiyalara kölgə salacaq faktlar ortaya çıxdı. Belə ki, öldürülən qardaşların anası Nigar Rəhimova yüksək məbləğdə faizlə borca pul verirmiş. Bununla bağlı dəfələrlə narazılıqlar olub. Hətta bir il öncə faizi ödəyə bilmədiyinə görə, qəsəbədə yaşayan bir gəlin özünü yandırıbmış. Qəsəbə sakinləri Rəhimovlar ailəsinin zülmündən təngə gəldiklərini də qeyd etdilər. Deyilənə görə, öldürülən qardaşların ailə həddən artıq imkanlı olub. Onların şəhərin müxtəlif yerlərində evlərinin olduğunu bildirilir.
Hər iki ailə arasında əvvəllər yaxın münasibətlər mövcud olub. Hətta qətli törətməkdə şübhəli bilinən Zaur Tərlanovun bankdan aşağı faizlə Rəhimovlar ailəsinə pul təşkil etdiyi və onların həmin pulları yüksək faizlə dövriyyə buraxdıqları də iddia edilir. Sonralar hər iki ailə arasında münasibətlər pozulub. Zaurun toyunda da qardaşların anası və özləri iştirak ediblər.
Güllənən qardaşların və Zaur Tərlanovun ataları Dərin Özülləri Zavodunda bir yerdə işləyiblər. Sakinlər onu da bildirdilər ki, əvvəllər onlar arasında narazılıqlar olub. Zaur dəfələrlə həyat yoldaşını yayılan xəbərlərə görə döyüb. Qətli törədən şəxsin xanımı ilə adı hallanan qardaşlardan biri Zaura bu xəbərlərin şayiə olduğunu deyib. Hətta sakinlər bildirdilər ki, qadını qardaşlardan hər hansı biri ilə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün həkim müayinəsindən də keçiriblər.
Araşdırma apardığımız zaman Zaur Tərlanovun Bakının mərkəzindən ev aldığı və xanımının orada yaşadığı da ortaya çıxdı. Onun yoldaşının əvvəllər Saray qəsəbəsində yaşadığı deyilir.
Qətlə yetirilən hər iki qardaş evli olublar. Cahid və Cavid Rəhimovlar yanvarın 9-da dəfn olunublar.
38-ci polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən bildirdilər ki, yanvarın 8-də gecə saatlarında Zaur Tərlanov Qaradağ rayon Prokurorluğuna aparılıb. Prokurorluğun bu barədə mövqeyini öyrənməyə çalışdıq. Nə qədər qəribə olsa oradan bildirdilər ki, açıqlama almaq üçün prokurorluğunun binasına yaxınlaşmaq lazımdır.
Sonda onu qeyd edək ki, Baş Prokurorluq Qaradağ rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Prokurorluqdan musavat.com-a daxil olan məlumatda bildirilir: “Yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus ”Vinçester" markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Leksus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları qəsdən öldürüb hadisə yerindən qaçıb.
Daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam etdirilir".
Mövzunu davam etdirəcəyik.
Cavanşir ABBASLI musavat.com