Paris olayları da göstərdi ki, radikal islamçıların Suriyadan geri qayıtması ölkə üçün təhlükə yaradır; son həbslər bu təhlükəni neytrallaşdırmağa hesablanıb, amma tutulmayanlar da var
Yanvarın 7-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları Bakıda əməliyyat keçirərək 10 nəfəri həbs edib. Nazirliyin yaydığı rəsmi məlumatda qeyd olunur ki, saxlanılanlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə və digər hüquqazidd əməllərin törədilməsində şübhəli bilinir.
Saxlanılan Mustafayev Elxan İsa oğlu, Rəsulov Bəhruz Aydın oğlu, Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov Ramil Urfan oğlu barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 28, 283-1.3-cü və 283-1.3-cü maddələri ilə cinayət işi açılıb.
Müəyyən edilib ki, Elxan Mustafayev, Bəhruz Rəsulov, Kamran Əzizov, Nadir Əlixanov, Bəxtiyar Şahbazi və onun 1985-ci il təvəllüdlü oğlu Bəhruz Şahbazi, həmçinin Sadiq Məhəmmədzadə, Vidadi Sultani və Ramil Aslanov 2014-cü ildə qeyri-qanuni yolla Suriya Ərəb Respublikasının ərazisinə gediblər. Orada həmin ölkənin və Azərbaycan Respublikasının qanunvericilikləri ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçmiş, müxtəlif növ odlu silahdan istifadə qaydalarını öyrəniblər.
Təlimlərdən sonra onlar Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətlərində iştirak ediblər.
Qeyd edək ki, Azərbaycanda Suriyada savaşlara qatılan ölkə vətəndaşları ilə bağlı narahatlıq ötən ilin əvvəlində radikal islamçı qruplaşmalar arasında savaş başlayandan sonra yaranıb. 2014-cü ilin yanvarın 3-də Suriyada İŞİD və “ən-Nusra” qruplaşmaları arasında qanlı savaşlar başlayıb və hər iki qruplaşmada azərbaycanlılar olduğundan azərbaycanlıların ölüm xəbərləri artıb. Bundan sonra hökumət, rəsmi qurumlar və Qafqaz müsəlmanları İdarəsi səviyyəsində Suriyaya savaşa qarşı çağırışlar ediblər. Eyni zamanda Milli Məclis Cinayət Məcəlləsinə xarici ölkələrdə qeyri-qanuni birləşmələrə qoşulanlara ağır cəza nəzərdə tutan maddə əlavə edib.
Ehtimal olunur ki, Azərbaycandan Suriyaya, indi isə İraqa (daha əvvəl Pakistan və Əfqanıstana, o cümlədən Çeçenistana) gedərək radikal qruplara qoşulan radikal dindarların sayının çoxalması hakimiyyəti narahat edir. Çünki 2003-cü il, eləcə də 2008 və 2012-ci illərdə baş verən hadisələr göstərdi ki, bir qayda olaraq xarici ölkələrdə silahlı qruplara qoşulanlar sonradan Azərbaycana qayıdır və bir çox hallarda silahlı terror hücumlarda iştirak edirlər və problemə çevrilirlər. Son illərdə Yaxın Şərqdə baş verən savaşlara qoşulan şəxslərin sayının çox olması Avropa ölkələrini də narahat edir. Artıq bir sıra Avropa ölkəsi Yaxın Şərqdə terror qruplarına qoşulan şəxsləri həbs edir və ya vətəndaşlığını ləğv edir.
Azərbaycan hökuməti qanunları sərtləşdirib, bundan başqa ölkəni tərk edərək Suriyaya getmək istəyənlər bir çox hallarda sərhəddən geri qaytarılır və ya Türkiyədə həbs edilərək geri göndərilir. Ancaq bütün bunlara baxmayaraq vaxtaşırı mətbuatda ölkə vətəndaşlarının radikal qruplara qoşulmaq üçün Suriyaya getməsi xəbərləri yayılır. Son olaraq ötən il sentyabrın 23-də həyata keçirilən anti-İŞİD əməliyyatı zamanı 26 nəfər yaxalanmışdı. Bundan başqa bir qədər əvvəl Zərdabda Suriyada döyüşlərə qatılmış ölkə vətəndaşı məhkəmə hökmü ilə cəzalandırılıb.
Son olaraq Parisdə baş verən terror hücumunun Suriyada döyüşlərdə iştirak etmiş iki qardaş tərəfindən törədilməsi bir daha Yaxın Şərqdən qayıdanlar təhlükəsini aktuallaşdırır. Fərqli ideologiyanın daşıyıcısı olan, ətrafdakı bütün dəyərləri heçə sayan və onları məhv etməyə hazır olan bir düşüncənin daşıyıcıları istənilən ölkə üçün təhlükəlidir. Azərbaycanda aparılan son həbslərin həm də sadə bir məntiqi var. Ölkədə çoxlu sayda, həbs olunanlardan daha çox həbsdə olmayan var. Bu isə təhlükənin xeyli dərəcədə real olduğunu göstərir.
KƏNAN musavat.com