Bakıda yeni məscidlə bağlı sələfi PLANI

10-01-2015, 10:55   
Bakıda yeni məscidlə bağlı sələfi PLANI
Ötən il dekabrın 26-də açılışı olmuş “Heydər məscidi” ətrafında müəmmalı vəziyyət davam edir. Məscidin təntənəli açılış mərasimi olmasına baxmayaraq ibadət ocağına axund və imam təyinatı hələ də reallaşmayıb. Belə ki məscidə axund və imam təyinatı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilsə də, yeni məscidin idarəçiliyi Bakı Şəhər İcra Hakimiyyətində olacaq. Hətta BŞİG-dən Trend-ə verilən açıqlamada yeni məscidə təyinatlarla bağlı məlumat veriləcəyi bildirilirdi.

Azərbaycanın ən iri məscidinin hələ də axund və imamsız olması müəyyən şübhələrə səbəb olub. Qeyd edək ki, əvvəlcə mətbuatda məsciddə şiələr üçün camaat namazını QMİ sədrinin müavini Fuad Nurullahın, sünni namazını isə yenə QMİ sədrinin müavini, müfti Salman Musayevin qılacağı haqda xəbər yayıldı. Ancaq buna baxmayaraq məlumat hələlik təsdiqini tapmayıb.

Ölkənin ən iri ibadət ocağının icmasının formalaşması və imam-camaat təyinatı hələ də ləngidiyi bir vaxtda məlum olub ki, paytaxtdakı sələfi icması yeni məscidə yerləşməyə çalışır. Belə ki, məlumatlara əsasən artıq vəhhabilərin bu məscidlə bağlı planı quraraq hər gün camaat namazına gedəcək qrup formalaşıb. Söhbət yüzlərlə insanlardan gedir.

Bildirilir ki, 2008-ci ildə “Əbu Bəkr” məscidinin partladılmasından sonra Müşfiqabad, Qaraçuxur və İçərişəhərdəki məscidlərə toplaşan sələfi camaatı ibadət yerlərinin olmamasından şikayətlənir.

İndi isə gələn məlumatlara görə, sələfi icması yeni məscidə toplaşmağı qərara alıblar. Bildirilir ki, sələfilər məsciddə özlərinin ayrıca öz imamlarının iştirakı ilə camaat namazı qılmaq niyyətindədirlər, imam şiə olsa, namaza qatılmayacaqlar: “Onlar məscidə gəlib şiə camaat namazının bitməsini gözləyəcək və hətta hökumətin təyin etdiyi sünni imamın namazına qatılmayacaq, namaz bitdikdən sonra öz imamlarının iştirakı ilə camaat namazı qılacaqlar. Bu hər gün təkrarlanacaq. Məqsəd məscidi tam nəzarətə almaq, oradakı imamlara təsir göstərməkdir. Bu metod artıq təcrübədən keçib. Şamaxı tarixi Cümə məscidini prezident açılış etdikdən sonra sələfilər ora nüfuz etdilər. İndi orda hər gün camaat namazı qılanların 90 faizi vəhhabilərdir”. //”Yeni Musavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.