Neftin ucuzlaşması ilə əlaqədar yüzlərlə azərbaycanlı işini itirib
Mirvari Qəhrəmanlı: «Ölkəmizdə qeyri-neft sektoru inkişaf etdirilmədiyindən adamları işlə təmin etmək çətin olacaq»
Dövlət başçısı Ilham Əliyev dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının Azərbaycan vətəndaşlarına heç bir təsir göstərməyəcəyini iddia etsə də, həmvətənlərimizin bir çoxu işini itirməklə, maaşının azalmasıyla bunun acısını öz həyatında hiss etməkdədir. Bir sıra neft şirkətləri işçilərini ixtisara salıb. Bir müddət əvvəl BP, daha sonra “Statoil” neft şirkəti ixtisarlara getdi. Ardınca “Azərneftyağ” zavodu da ləğv edildi. Bugünlərdə “Bahar Energy” əməliyyat şirkəti 80 əməkdaşını bir gündə işdən çıxarıb. Proseslərin gedişi ixtisarların bundan sonra da davam edəcəyini bəri başdan deməyə əsas verir.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı da ixtisarların davam edəcəyini düşünür. Hüquq müdafiəçisi deyir ki, “Bahar Energy” ölkədə fəaliyyət göstərən digər əməliyyat şirkətlərindən fərqlidir. Onun sözlərinə görə, “Bahar” və “Qum” ən yaxşı neft verən yataqlardır. 2010-cu ilədək “Qum adası” Neft və Qaz Çıxarma Idarəsində 2500-ə yaxın işçinin çalışdığını deyən Mirvari Qəhrəmanlının sözlərinə görə, həmin yataqda “Bahar” əməliyyat şirkəti yaradılıb: “2010-cu ildən başlayaraq, hər il 100, 500, 600 işçini ixtisar etməyə başladılar. Bu proses hazırda da davam edir və 2015-ci ilin sonunadək ixtisarlar gözlənilir. Ixtisarlar təəssüf ki, fəhlələrin əməyinə təsir göstərir. Çünki köhnə yataqlarda əsasən əl əməyindən istifadə olunur. Indi iki adamın işini bir fəhlə görür və əməkhaqqını da artırmırlar”.
Mirvari Qəhrəmanlı deyir ki, neftin qiyməti düşür və neçə illərdir hasilat da düşüb. Neft Şirkəti özünün strukturunu dəyişdirməyə məcbur olsa da, bu prosesi əlavə idarələr yaratmaqla reallaşdırıb. Ixtisarların davam edəcəyini deyən hüquq müdafiəçisi işçilərin öz ərizəsilə işdən çıxarılması prosesinin həyata keçirildiyini bildirir. Nəticədə ixtisara düşənlərin sayı da az göstərilir.
Mirvari Qəhrəmanlı onu da qeyd edir ki, “Binəqədi”, “Qarasu”, “Abşeron” əməliyyat şirkətlərində də ixtisarlar qaçılmazdır: “Zamanında Neft Fondundan qeyri-neft sektorunun inkişafına vəsait ayrılmadığı, qeyri-neft sektoru inkişaf etdirilmədiyi üçün adamları işlə təmin etmək çox çətin olacaq”.