Neft donanmasında mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir?

10-01-2015, 11:51   
Neft donanmasında mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir?
Abşeron rayon Dəniz Neft Donanma Idarəsinin keçmiş işçilərindən ilginc açıqlamalar
Abşeron rayon Dəniz Neft Donanma Idarəsinin işçiləri Xanlar Ağayev və Tofiq Vəliyev qanunsuz olaraq işdən çıxarıldıqlarını bildirirlər. Xanlar Ağayev "Azadlıq”a deyib ki, o 30 il Abşeron rayon Dəniz Neft Donanma Idarəsində müxtəlif vəzifələrdə işləyib. Sonuncu vəzifəsi gəmidə mexanik olub.
Xanlar Ağayevin sözlərinə görə, işdən çıxarılmasının faktiki səbəbi idarənin rəhbəri Daməd Imanovun qanunsuz hərəkətləri ilə bağlı müxtəlif qurumlara şikayətlər yazması olub, rəsmi səbəb isə işdə səhlənkarlığa yol verməsi kimi göstərilib: "2011-ci ilin yanvar ayının 7-də qəflətən gəmiyə gözətçilər gəldi. Heç bir axtarış aparmadan birbaşa mənim işlədiyim şöbəyə daxil oldular, akkumulyator yeşiyini qaldırıb ordan bağlama çıxartdılar. Içərisində bir şüşə spirtli içki vardı. Ikinci şüşədə isə də ağ maye vardı, dedilər ki, partlayıcı maddədir. Işçilərdən biri həmin şüşəni götürüb dənizə tulladı. Mən etirazımı bildirdim ki, hər iki tapılan əşya hal şahidlərinin iştirakı ilə protokollaşdırılmalı idi, dənizə atılmamalı idi. Sonra da həmin tapılan əşyaları guya mənim gəmiyə gətirildiyimi yazıb, ləkələyərək işdən çıxartdılar. Onda başa düşdüm ki, əslində bağlamanı gəmiyə özləri qoymuşdular ki, məni şərləsinlər. Çünki 30 ilin işçisi idim, rəhbərlik məndə qüsur tapa bilmirdi ki, məni işdən qovsun”.
Xanlar Ağayevin sözlərinə görə, rəhbərliyin gözündən düşməsinə səbəb baş verən qanunsuzluqlara qarşı mübarizə aparması olub: "2010-cu ilin sentyabrından baş idarəmizə rəhbərliyin qanunsuz hərəkətləri, işçilərlə kobud davranışı, mənə verilməli olan məzuniyyət pullarının mənimsənilməsi ilə bağlı şikayətlər göndərmişəm. Ikiqat ödənişlər, məzuniyyət pullarım düzgün ödənilmirdi, əlavə saxlayıb işlədirdilər, pulunu ödəmirdilər. Baş idarəmizdən əlavə, MTN-nin Xəzər rayon şöbəsinə də məktub yazmışdım. Hərçənd ki, bu şikayətləri oxuyan da yox idi. Əvəzində isə rəhbərlik mənə qarşı belə addım atdı ki, başqalarına görk olsun, yəni gördünüz də şikayət edənin başına nə oyun gətirdik”.
Şikayətçi deyib ki, işə bərpa və ona çatmalı olan ödənişlərin tələbi ilə Xəzər rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb. Xanlar Ağayev müxtəlif qurumlara etdiyi müraciətlərin, məhkəmə qərarlarının və digər sənədlərin surətini də redaksiyamıza təqdim edib.
Tofiq Vəliyev isə işdən guya yaş senzinə görə çıxarılıb. Şikayətçi bildirib ki, o, "SPK- 47/25" gəmisinin kaptan-kranmeysteri vəzifəsində işləyib. Onun sözlərinə görə, işdən çıxarılması barədə arxa tarixə yazılıb: ”Mən 2009-cu ildə işdən çıxarılsam da, bununla bağlı qərarın tarixi 2008-ci il göstərilib. Bunun özü böyük saxtakarlıqdır".
Tofiq Vəliyev hesab edir ki, onun işdən çıxarılmasının səbəbi sadəcə həmin vəzifəyə rüşvət əsasında yeni təyinatın olmasıdır: "Kadrları müxtəlif bəhanələrlə işdən çıxarıb, onların yerinə heç bir təcrübəsi olmayan adamları təyin edirlər. Özü də rüşvət müqabilində. Bu cinayətdir. Idarədə başqa qanunsuz əməllər də var və bunları ifşa etmişəm. Məsələn, istirahət və məzuniyyət günlərində işə cəlb edilməyə görə bizə pul yazılır. Amma bu pulu verməyiblər. Biz bu faktı araşdırmalar nəticəsində üzə çıxarmışıq. Işçilərin çoxu bilmir ki, məzuniyyət və istirahət günlərində işə cəlb edilməyə görə pul ödənilməlidir. Mən işdən çıxarılandan sonra apardığımı araşdırmalardan belə qənaətə gəldim ki, burada işçilərin haqqını yeyən, rüşvət və korrupsiyaya bulaşan mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərir”.
Tofiq Vəliyev də məhkəmələrə üz tutub. Lakin hələ nəticə yoxdur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.