ABŞ-da mühakimə olunan Misir əsilli londonlu imam Əbu Həmzə terrorçulara yardım etməkdə günahlandırılaraq ömürlük həbs edilib.
Axar.az xəbər verir ki, 2014-cü ilin may ayından bu iddia ilə mühakimə olunan Əbu Həmzənin ömürlük həbs qərarı Nyu Yorkdakı federal məhkəmə tərəfindən təsdiqlənib.
Əsl adı Mustafa Kamil Mustafa olan Əbu Həmzə ABŞ-ın Oreqon ştatında cihadçılara təlim düşərgəsi yaratmaq məqsədi ilə iki adama tapşırıq vermək, Əfqanıstanda Əl Qaidəyə kömək etmək məqsədi ilə adamlarını ora göndərmək və 1998-ci ildə Yəməndə qərbli turistləri əsir götürən yaraqlıları simsiz telefonla təmin etmək daxil olmaqla, 11 hadisədə günahkar hesab edilib.
Hakim qarşısına çıxarılan Əbu Həmzə məhkəmədə “Mən hələ də günahsızlığıma inanıram” deyib, onu müdafiə edən vəkilləri də Əbu Həmzənin fiziki qüsurlu olduğu üçün daha az cəza almağını tələb ediblər.
Xatırladaq ki, Əbu Həmzə cinayətə sövqetmə və irqçilikdə günahlandırılaraq 2004-cü ildə İngiltərədə həbs edilmişdi.