Fətullah Gülən Şəbəkəsinin Azərbaycandakı əsas isimləri kimlərdir?
Camaatın yeni planları nələrdir?
“Ənvər Özərən qardaşlarımı məndən ayırmaq üçün qan düşəcəyini bildirdi”
“Camaat ona qarşı çıxanları Mehmet Durna və Bahri Topuz vasitəsi ilə ləkələyir”Müsahibimiz çox önəmli bir iş adamıdır. Önəmli olması Azərbaycanda gördüyü işlərdən daha çox Fətullah Gülən Camaatının içərisindəki yüksəlişi və enişi ilə əlaqədardır daha çox… Yanlış duymadınız. Bir vaxtlar Camaatın Azərbaycandakı ən yüksək mövqelərindən birini tutan iş adamı hazırda o şəbəkənin “Qara siyahı”sındakı ilk onluqdadır. Çox işdən xəbəri olsa da, danışmaq istəməməsini hələ də Camaatın Azərbaycanda güclü olması ilə izah edir. “Bir uşağı işdən çıxardılar deyə, siz camaatın Azərbaycanda silindiyinə inanırsınızsa, yanılırsınız” deyir. Biz də əlacsız qalaraq, iş dünyasındakı sabiq imamın adının açıqlanmaması şərti ilə danışmasına razı saldıq.
- Söhbətə Azərbaycana gəliş səbəbinizdən başlasaq?
- 1993-cü ilində iş qurmaq üçün Azərbaycana gəldim. Ona qədər bir neçə dəfə Bakıya gedib-gəlmişdim. Bura indiki kimi inkişaf etməmişdi. Müharibə gedən bir ölkəydi. Burada çalışmaq riskli sayılırdı. Lakin biz illərdən sonra qardaşlarımıza qovuşmanın sevinci ilə gəlmişdik. Gəlməyimizə də peşman deyilik. 21 il ərzində sevincimiz də, kədərimiz də bir oldu.
- Gülən Camaatı ilə tanış olmanız hansı illərə təsadüf edir?
- Bəlkə güləcəksiniz, amma ilk dəfə Bakıya gələndə məni qonaq edən şəxs bildirdi ki, burada iş görmək istəyirsənsə, Hizmətlə aranı yaxşı tut. O zaman Fətullah Gülən Hocaəfəndinin Türkiyədə də böyük nüfuzu var idi. Mərhum Turqut Özal, mərhum Alparslan Başbuğ kimi dəyərli böyüklərimizin də ona qarşı fikirləri müsbət idi. Mənə təklif edilən də bu idi ki, Azərbaycanda islam yenicə inkişaf edir, burada insanlara islamı öyrədəcək, Türk xalqını sevən nəsil yetişdirəcəyik. Mən bu gün də bu qayəyə xidmət edən taparsam, gedib onun xidmətçisi olaram. Belə ülvi duyğularla istismar olunduq. İstanbula döndükdən sonra qardaşlarımla məsləhətləşdim və belə bir təklifin gəldiyini söylədim. Onlar da Fətullah Hocaəfəndinin insanları əski sovet ölkələrinə gedib, sərmayə qoymağı təşviq edən vəəzlərindən xəbərdar olduqları üçün müsbət yanaşdılar. Və nəticədə məni dəvət edən şəxslə əlaqə yaratdım və Bakıya gəlmək istədiyimi bildirdim. Gəlmədən öncə məni Naci Tosunun yanına apardılar. Çox böyük izzətlə məni qarşıladı və niyyətim barədə xəbərdar olduğunu bildirdi. “Sizə Azərbaycana getməyiniz heç də təsadüfi gəlməsin, sizlər seçilmişlərsiniz” dedi. Mən nədən Naci Tosun tərəfindən qəbul edildiyimi belə bilmirdim. Lakin Bakıya gəldikdən sonra Fətullah Hocaəfəndinin Azərbaycan daxil olmaqla, Orta Asiya üzrə koordinatoru olduğunu öyrəndim. O, mənə “Bakıdakı dostlarımız sizə bütün məsələlərdə yardımçı olacaqlar, siz də orada imanlı insanların yetişməsinə yardımçı olun” dedikdə, nəyi nəzərdə tutduğunu bilmirdim. Onunla görüşdən qısa müddət sonra Bakıya gəldim. Həqiqətən, o zaman fəaliyyət göstərmək həm çətin, həm də asan idi. Yəni, müharibə şəraitində olan ölkənin çətinlikləri bizi sıxırdı. Lakin bizə Azərbaycan iqtidarı tərəfindən yaradılan imkan və şərait işlərimizi asanlaşdırırdı. Biz isə bu imkanın Hocaəfəndinin sayəsində yaradıldığını zənn edirdik. İki il çalışdıqdan sonra burada ciddi bir biznes qura bildim. Təbii ki, Hizmətdən olan dostlar işimin qurulmasında mənə yardımçı olurdular və işim tam düzənə girənə qədər bəlkə də mənimlə bərabər çalışdılar. İşlər düzənə girdikdən sonra Hizmətin məndən ilk xahişi oldu. Bəzi türk tələbələrin maddi sıxıntısına yardımçı olmağım istəndi və mən sevə-sevə yardım etdim. Və yardımlaşma prossesi illərlə davam etdi. Mənim düşüncəmə görə, çox xeyirli iş görürdüm. Lakin yardım tələblərinin getdikcə çoxalması deyil də, başqa səbəblər narahat etməyə başladı. Bu gün də tələbəyə, imkansıza yardıma hazıram. Fəqət getdikcə, “filan millət vəkilinin qohumuna dəstək”, “nazir müavininin atasının müalicəsi” kimi tələblər gəlməyə başladı. Bunu onunla izah edirdilər ki, bu şəxslər Hizmət üçün çox önəmlidirlər. Biz də qeyd-şərtsiz yardım edirdik. Lakin insanlıq halıdır, bir gün əlimizdə çox pul olur, bir gün az. İstənilən məbləğ düzəlmədikdə, Hizmətdəki dostların narazılığı məni narahat edirdi. Hətta birində dedim ki, “bu yardımsa, azına-çoxuna niyə baxırsınız”.
- Nə zaman onlardan qopmaya başladınız?
- Camaatın əsl siması 2000-ci illərdə açılmağa başladı. Hocaəfəndi Pensilvaniyaya getdikdən sonra çox dəyişdi. Biz bankın haram olduğunu düşündüyümüz halda bunlar bank qurdular. Əvvəldən nəyə olmaz demişdilərsə, bu səfər özləri etməyə başladılar. Camaatın buradakı öndərlərinin bəzi işlərindən xəbərdardım və 2005-ci ildən bunlara verdiyim yardımı təməlli dayandırdım. Qiyamət o zaman qopdu. Dünənə qədər “qardaş” dediklərim üzərimə gəlməyə başladılar. Mən durumdan rahatsız olub, Türkiyəyə zəng vurdum. Ona işlərimin yolunda getmədiyindən və buradakı insanların fəaliyyətindən rahatsız olduğumdan yardımı kəsdiyimi anlatdım. O da səbrli olmamı, məsələ ilə məşğul olacağını dedi. Naci bəylə görüşdükdən sonra onlar bir qədər geri çəkildilər. Bu səfər isə başqa problem yarandı. Azərbaycan hüquq-mühafizə orqanlarına çağrılmağa başlandım. Dövlət qurumlarına gedən imzasız məktublarda mən Azərbaycan əleyhinə fəaliyyətlərdə suçlanırdım. Özüm türk milliyyətçisi olduğum halda ismim PKK ilə əlaqələndirilirdi. Yaxşı ki, həm Azərbaycan, həm də Türk dövləti məni yaxşı tanıdığından bu yalanlara inanmadılar. Bu camaatın iç üzünün açılmasında da bu məktublar mühüm rol oynadı.
- Necə?
- Mənə bu barədə məktubların olduğunu dedikdən sonra araşdırmağa başladım. Ən yaxınımdakı insanların fəaliyyətini belə nəzərdən qaçırmamağa başladım. Və çox maraqlı bir nüans yaxaladım. Mənim bura gətirdiyim öz doğma qardaşlarım məndən kənar gəzirlər. Öncə əhəmiyyət vermək istəmədim. Lakin sonra hər ikisini çağıraraq, başıma gələnləri onlarla bölüşdüm. Onlardan duyduqlarım tüklərimi biz-biz etdi. Deməli, eyni oyun qardaşlarıma da oynanmış. Onlara “qardaşınız düz yolda deyil, ondan ayrılın. Sabah onunla bərabər siz də həbs olunarsınız. Ya da aranızda qan düşər” deyilib. Təsəvvür edin ki, mənim illərlə yardım etdiyim şəxslər qardaşlarımı məndən ayırmaq üçün qan söhbəti belə açıblar. Qardaşlarım “sənin PKK ilə əlaqəli olduğunu və ortaq qazancımızı oğurlayaraq, PKK-ya göndərdiyinin sənədini göstərdilər” dedikdəa, başımdan qaynar qazan tökdülər.
- Kim demiş?
- Deməli, Camaatın Mütəvəlli Heyəti var. İllərdən bəri dəyişməyən və Camaatın Azərbaycandakı fəaliyyətini nəzarətdə saxlayan bu heyətin başı Ənvər Özərəndir. Onun məsum-məsum danışmasına baxmayın. Azərbaycanda Gülən camaatının bütün planlarının icraçısı odur. Onun əsas bir çox adamı var. Bəzilərini biz tanıyırıq. Bəzilərini isə tanımırıq. Çünki onlar daha çox maşadan istifadə etdiklərindən hamı onların maşalarını əsas adam kimi qəbul edir. Lakin bu yanlışdır. Mənim tanıdığım Mütəvəlli Heyət üzvləri Kamil Kurnaz, Mehmet Durna, Bahri Topuz, Yavuz Keleşdir. Bu şəxslər Ənvər Özərənin iş dünyasında əsas adamlarıdır. Bu şəxslərdən Kamil Kurnaz və Mehmet Durna qardaşlarımla görüşərək, onları mənə qarşı çıxarmaq istəmişlər. Lakin nəticə ala bilməyincə, “baş imam”-Ənvər Özərən dövriyyəyə girmiş və gənclərin beynini qarışdırmışdır. Ənvər Özərən şəxsən qardaşlarıma məndən uzaqlaşmaq təlimatı vermişdir və başarılı da olmuşdur. Ona Hocaəfəndinin əsas adamı olduğu üçün hamı kimi inanan qardaşlarım sırf onların təlimatı ilə işə zərər vurmağa başlamış və qısa müddət sonra mənə ayrıldıqlarını, başqa işlə məşğul olacaqlarını söyləmişdilər. Nəticə etibarı ilə üç qardaş olaraq əl-ələ götürdüyümüz biznesimiz üçümüz üçün də uçurum halına gəlmişdir.
- Ənvər Özərən niyə belə bir təlimat vermişdir?
- O, mənim onlardan ayrılacağımı təxmin etmirdi. Həmişə haqqımda müsbət raporlar yazan birisi olaraq, bunu öz başarısızlığı kimi qəbul etdiyindən həzm edə bilmirdi. Onun üçün əlindən gələni edirdi ki, ya geri dönüm, ya da təməlli məhv olum. Bütün bunlar nədir ki? Elə insanlar var ki, ailə üzvlərini ondan ayırıblar. Bunlar lazım gələrsə, ailəni belə sənə qarşı qaldıracaq xislətə sahibdirlər.
- Mütəvəlli Heyət ilə görüşmədinizmi?
- Onlar da işin içindədirlər. Qardaşlarımla Kamil Kurnaz və Mehmet Durna danışıqlar apararkən, haqqımda iftiraları dövlətə ötürən Bahri Topuz olub. Əslində bu planın müəllifi Mehmet Durna olub. O, bu planı hazırlayıb Mütəvəlli Heyətə təqdim edib və ondan sonra Ənvər Özərən və Bahri Topuz fəaliyyətə başlayıb. Ümumiyyətlə, Mehmet Durna o heyətin beynidir. Bütün şeytani planların altında olun imzası vardır. Bahri Topuz da həm dövlətə insanları satır, həm də camaatın ən aşağıdakı insanına qədər bu iftiraların yayılmasında rol oynayır.
- Bəs Yavuz Kələş?
- TUSİAB-ın köhnə patronu olsa da, əslində bu gün də Gülən camaatının iş dünyasındakı əsas adamlarından biridir. Gülənin güvənini qazandığı üçün Mütəvəlli Heyətdədir. Bu gün də dövlətin Fətullah Gülənə qarşı münasibətinin dəyişdiyini görüb, camaatın Bakıdakı biznesini qorumaq üçün çalışır. Bu barədə planlarından xəbərim var.
- Sizi bu camaatdan döndərən əsas səbəb nə oldu?
- Bilirsiniz, əlhəmdulillah müsəlmanam. Həm də dini az-çox bilən insanam. Məni bu camaatdan şübhələndirən buradakılar olsalar da, uzaqlaşdıran Hocaəfəndinin çıxışları oldu. Onun müsəlman olmaq istəyən gəncə “sən öz dinində nə pislik gördün ki, dinini dəyişdirirsən” mahiyyətli sözləri, missioner məktəbinə etdiyi yardım və bu kimi faktorlar qanıma toxunurdu. Dinimiz təbliği vacib buyururkən, sən ayağına qədər gəlib müsəlman olmaq istəyənə necə bu sözü söylərsin? Ya da sən necə kəlmeyi-şəhadəti bölərsən? Bəzi islam alimləri buyururlar ki, Mehdidən öncə Süfyan deyə bir alim gələcək. O, böyük bir alim olacaq və elmlə dəlalətə düşəcək. Bir çox alimlər də ona tabe olacaqlar. Başqa hökmdarlar kimi cəsarət və səltənət sahibi olmadığı halda ağlıyla və hiyləsi ilə bir çox alimin fikrin qarışdırıb, yanında saxlayacaq. Bir çox din dərsləri ilə əlaqəsi olmayan müəllimləri ətrafına toplayıb, dünya üçün çalışacaq, axirət üçün deyil. Yəni, Süfyan müsəlmanlar içindən çıxacaq Dəccaldır. Camaatın ən böyük problemi Gülənin hər dediyini qanun kimi qəbul etməkdir. Yəni, müzakirə, özünütənqid yoxdur. Buna görə də, bu problemlər yaşanır. Onlara görə, Camaatdan ayrılanların hamısı xain və dövlət agentidir. Camaatı qəbul etməyənlər də dinsiz ateistdir. Halbuki son seçimdə ateistlərə səs istəyən elə camaatın özü oldu.
- Azərbaycandakı Gülən camaatı ilə bağlı nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki? Allah Azərbaycanın yardımçısı olsun. Camaat burada Türkiyədən daha çox təşkilatlanıb. Elə qurumlar vasitəsi ilə təşkilatlanıb, elə insanlara nüfuz ediblər ki, qısa müddətdə onları təmizləmək imkanı yoxdur. Bütün dövlət qurumları içərisində Gülən camaatının müridləri vardır. Və çox vaxt bunlar haqqında danışarkən “namaz qılıb-qılmadığı” müzakirə olunur. Halbuki camaatın dərdi namaz-filan deyil, əsas dövlətin onların istədiyi şəkildə idarə olunmasıdır. Ərdoğana qarşı çıxmalarının kökündə də bu dayanırdı. Hakan F idanı həbs etdirmək istəmələri də MİT-in içindən təmizlənmələri idi. Bunlar özlərinə qarşı təhlükə hiss etdikləri zaman bütün vasitələrdən istifadə edirlər. Mən elə camaat üzvü tanıyıram ki, hər gün içir və İslam nəyi qadağan edibsə, onları edir. Bir daha təkrarlayıram ki, Hocaəfəndi şəxsən bildirib ki, sizin həqiqi kimliyinizi bilməmələri üçün qadınlarınızın başını bağlamayın, içki məclislərində sərxoş olmayacaq həddə içki için. Azərbaycan iki-üç naziri ya da deputatı işdən çıxarmaqla, bu bəladan qurtula bilməz. Çox ciddi filtirasiya lazımdır. Həm də ehtiyatlı olmalıdırlar. Xüsusilə, İlham Əliyevin təhlükəsizliyi son dərəcə önəmlidir. Çünki camaat istəyinə nail olmadıqda, sui-qəsdlər başlayır…