Fransa paytaxtı Parisdə antiterror mitinqi başlayır

11-01-2015, 15:34   
Fransa paytaxtı Parisdə antiterror mitinqi başlayır
“The Associated Press” agentliyinin xəbərində deyilir ki, bu gün (bazar günü) Parisdə dünyanı sarsıtmış terror olaylarına etiraz olaraq, möhtəşəm mitinq keçiriləcək.

Musavat.com-un Qərb mərbuatına istinadən verdiyi məlumata görə, Fransa paytaxtında 17 nəfərin ölümü ilə nəticələnmiş olaylarla bağlı şənbə günü bu ölkənin müxtəlif yerlərində 700 min adam mitinqlərə qatılıb. Bu gün isə 1 milyondan artıq insanın biraraya gələcəyi gözlənilir.

Agentlik qeyd edir ki, bu günkü mitinqin ana xətti ekstremizmə qarşı birlik nümayiş etdirməkdir. Nümayişə qatılacaq liderlər arasında İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin rəhbəri Mahmud Abbas da olacaq.

Bu arada isə Avropa və ABŞ-ın təhlükəsizlik xidmətlərinin rəhbərləri görüşərək, terrora qarşı mübarizə aparmaq üçün öz işlərini koordinasiya etmək haqqında razılığa gəliblər.

Fransanın baş naziri Manuel Vals deyib ki, bu mitinq Fransa xalqının azadlıq və tolerant düşüncəni ləyaqətlə müdafiə etməsini hər kəsə göstərməlidir.

“Jurnalistlər ona görə öldürüldülər ki, onlar azadlığı müdafiə edirdilər. Polislər ona görə öldürüldülər ki, onlar sizləri müdafiə edirdilər. Yəhudilər ona görə öldürüldülər ki, onlar yəhudi idilər”, baş nazir deyib.

Şənbə günü Fransanın RTL radiosu Amedi Koulibalinin səs yazısını yayımlayıb. Yəhudi mağazasında 4 nəfəri öldürən bu terrorçu Qərbi Suriya və Malidə hərbi əməliyyatlar aparmaqda suçlayıb. Usama bin Ladeni isə özünün ilham mənbəyi kimi təqdim edib.

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Fransua Ollanda zəng edərək, Fransada yəhudilərin müdafiəsi üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb. Fələstin rəhbəri Mahmud Abbas terror olayların pisləyib.

Fələstinin “Həmas” təşkilatı da terroru pisləsə də, yəhudi mağazasına hücum barədə onların bəyanatında heç bir qeyd yer almayıb.

“Əl-Qaidə” və İŞİD-ə bağlı qruplar isə Fransa olaylarını ruh yüksəkliyi ilə qarşılayıblar. Onlar terror aktı yerinə yetirilərkən Fransa polisi tərəfindən öldürülmüş şəxsləri “xilafətin aslanları” kimi ifadələrlə vəsf ediblər. Onlar bu terror aktını Məhəmməd peyğəmbərin (s) təhqir olunmasına qarşı qisas kimi dəyərləndiriblər və Fransanı müsəlman ölkələrində hərbi əməliyyatlar keçirməkdə ittiham ediblər.

“The Associated Press” agentliyi qeyd edir ki, cümə günü Fransada həyata keçirilmiş terror aktı son onilliklərin ən dəhşətli hadisəsi kimi yadda qalacaq.

Fransanın baş naziri Manuel Vals bu gün keçiriləcək mitinqi “azadlığa çağrış” kimi dəyərləndirib.

Son məlumata görə, dünyanın bir sıra nüfuzlu TV kanalları bu mitinqi canlı olaraq, yayımlayacaq. Artıq səyyar studiyalar mitinqin başlayacağı yerlərdə quraşdırılıb.//musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.