Fransanın paytaxtı Parisdə 12 nəfərin öldüyü terror aktı ilə bağlı kütləvi anım yürüşü keçirilir.
“Qafqazinfo” interfax.ru-ya istinadən xəbər verir ki, hökumətin yaydığı məlumata görə, yürüşdə yerli əhali və qonaqlarla birlikdə 1 milyondan çox insan iştirak edir.
Fransa rəhbərliyi və digər ölkə başçılarının da qatıldığı nümayişlər Respublika meydanından Volter bulvarına doğru davam edir. Meydan aksiyanın başlanmasına hələ iki saat qalmış artıq insanla dolub.
Xarici şirkət nümayəndələrinin və prezidentlərin nümayişdəki iştirakı təhlükəsizlik tədbirlərini daha da gücləndirib. Belə ki, binaların damına snayperlər yerləşdirilib, havada pilotsuz nəzarət təyyarləri və helikopterlər uçur.
KİV-in məlumatına görə, yürüş iştirakçılarını 5,5 min polis, jandarma qüvvələri qoruyur.
Parisə 40 ölkənin-Almaniya, Böyük Britaniya, İsrail, İtaliya, İspaniya, Fələstin və digər ölkələrin rəhbərləri, hökumət nümayəndələri gəlib.
Fransa prezidenti Fransua Ollandın sözlərinə görə, bu gün Paris bütün dünyanın paytaxtı rolunu yerinə yetirir.
Xatırladaq ki, yanvarın 7-də “Charlie Hebdo” redaksiyasına silahlı hücum nəticəsində 12 nəfər ölmüşdü. [media=https://www.youtube.com/watch?v=cTxq_93dfTA]