Azərbaycan hansı superdövlətə daha yaxındadır: Rusiyaya yoxsa, ABŞ-a..?

12-01-2015, 15:25   
Azərbaycan hansı superdövlətə daha yaxındadır: Rusiyaya yoxsa, ABŞ-a..?
Ərəstun Oruclu: “Faktlar göstərir ki, Azərbaycan Qərbdən və Amerikadan imtina edərək, Rusiyaya yaxınlaşıb”

Asim Mollazadə: “ABŞ Azərbaycanın önəmini çox yaxşı anlayır”

ANS TV-nin efirində yaymlanan həftəlik "Hesabat" proqramında Mirşahin Ağayev son zamanlar rəsmi dairələrin yürütdüyü anti-Amerika siyasətini müzakirəyə çıxarıb.

M.Ağayev hökuməti Qərbdən imtina edib, Rusiyaya yaxınlaşmaqda ittiham edənlərə üz tutaraq, Azərbaycanın müstəqil bir ölkə olduğunu və heç bir dövlətə sədaqət andı içmədiyini bildirib: “İndi Azərbaycanda müstəqilliyə qəribə bir sinonim tapılıb. Qərb deyib, kimlərisə “əlaqədar təşkilatlar” kimi səfeh ifadə altında ümumiləşdirməyəcək, hər şeyi öz adı ilə çağıracam. Deməli, müstəqilliyin və demokratiyanın təzə sinonimi tapılıb: Amerika... Amerika isə birmənalı toponim deyil. Onun Azərbaycanla bağlı siyasətində Bakını razı salmayan, elə bizim özümüzün ürəyimizcə olmayan bir sıra məqamlar var. Və ən qəribəsi də budur ki, Azərbaycının dövlət kursunu qəbul etməyənlər belə hesab edirlər ki, nə olursa olsun, nə baş verirsə versin, Azərbaycan mütləq Amerikanın yanında olmalıdır. Hətta yanda olmaq Azərbaycanın ziyanına olsa belə...

Azərbaycan müstəqil dövlətdir! Yəni Rusiyadan asılı deyil, Birləşmiş Ştatlardan asılı deyil, İrandan asılı deyil, Nikaraquadan, Lixtenşteyndən asılı deyil. Bu, müstəqil olmaq deməkdir. Müstəqil olmaq Rusiyadan asılı olmayıb, Amerikadan asılı olmaq demək deyil. Və Azərbaycan heç vaxt əl basıb and içməyib ki, mən həmişə Amerikanın yanında olacağam.

Belə bir andı elə Amerika Birləşmiş Ştatlar da heç vaxt içməyib. Ona görə də bu gün nə Birləşmiş Ştatların Azərbaycanın yanındalığı əbədidi, nə də Azərbaycanın Birləşmiş Ştatların yanındakı yeri... Dövlətin öz yeri, öz yolu var və bu yolda Amerika da, Rusiya da müxtəlif təyinatlı məntəqələrdir”.

Musavat.com-a açıqlamasında Mirşahin Ağayevin fikirlərinə münasibət bildirən politoloq Ərəstun Oruclu bu siyasətin Azərbaycanı yeni sanksiyalar hədəfinə çevirəcəyini bildirib: “XXI əsrdə bir dövlətin digərindən asılılıq anlayışı və ya asılı olmamaq anlayışı, əvvəlki təsəvvürlərdən xeyli fərqlidir. Hazırda bir qloballaşma dövrüdür və bütün dövlətlər iqtisadi-siyasi əlaqələr quraraq, bu və ya digər birliklərdə birləşərək, ümumi fəaliyyətlə məşğuldurlar. Yəni, bu əməkdaşlıq orada iştirak edən bütün dövlətlər üçün gəlir gətirməlidir. Asılılıq anlayışı artıq tarixdə qalıb. Bu gün müstəqillik sözünü istismar etmək, Azərbaycanın müstəqil, azad olduğunu dəfələrlə vurğulamaq, artıq başqa mətləblərdən xəbər verir. Azərbaycan dünyada mövcud olan digər dövlətlər kimi tərəfdaşlıq qurur. Bu günə qədər Azərbaycanın həm iqtisadi, həm də siyasi tərəfdarı Qərb dövlətləri olub. Amma son bir ildə bu situasiya dəyişib və Azərbaycan-Qərb münasibətlərində müəyyən qədər gərginlik yaşanıb. Mən istisna etmirəm ki, bu gərginliyin səbəbi Azərbaycan hökumətinin Qərbdən imtina edib, Rusiyanı seçməsidir. Yüksək ehtimalla bu gərginlik onun əlamətləridir”.

Politoloq vurğuladı ki, Azərbaycan hökumətinin Amerikanı baykot etmək siyasəti artıq iki ölkə arasındakı münasibətlərə təsir edib: “Ancaq bu haraya qədər davam edə bilər? Azərbaycana da digər dövlətlər kimi sanksiyalar tətbiq olunacaqmı və olunacaqsa, bu, hansı nəticələrə gətirib, çıxara bilər? Görünən odur ki, bu proses qarşılıqlı söz savaşı və ittihamlar səviyyəsində qalmayacaq. İstənilən halda, bunun real təsirləri özünü göstərəcək”.

Ərəstun Oruclu Azərbaycanın Qərbdən və Amerikadan imtina edərək, Rusiyaya tərəf yönəldiyi fikrinə də aydınlıq gətirib: “Ancaq bu, hələlik açıq görünmür. Əgər, Azərbaycan Rusiya və Qazaxıstanla birgə Xəzərdə hərbi təlimlər keçirirsə, bu, artıq Azərbaycanın Rusiyaya yaxınlaşması deməkdir. Əgər, 3-4 il əvvəl Azərbaycan müdafiə xarakterli silahlarını İsraildən alırdısa, ancaq son iki ildə bunu Rusiyadan alırsa, bu da Rusiyaya yaxınlaşmaq mənasını verir”.

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü Asim Mollazadə isə musavat.com-a açıqlamasında Azərbaycanın ABŞ-la tərəfdaş ölkə olduğunu və iki ölkənin bir neçə sahədə əməkdaşlıq etdiyini vurğulayıb: “Xüsusilə də, təhlükəsizlik, enerji və iqtisadi məsələlərdə iki ölkə arasında əməkdaşlıq mövcuddur. Düzdür, demokratiya, insan haqları və bu kimi məsələlərdə ciddi fikirayrılqları var. Lakin Azərbaycanın xarici siyasətində hər hansı dəyişiklik yoxdur. ABŞ-da da Azərbaycana qarşı illərdir ki, çox ciddi, nüfuzlu və təhlükəli erməni diasporası fəaliyyət göstərir.

Son illərdə qondarma “erməni soyqırımı”nın yüzilliyi” ilə bağlı Azərbaycana və Türkiyəyə qarşı bu fəaliyyət daha da artıb. Ancaq bütün bunlarla yanaşı, mən Azərbaycanın xarici siyasətində heç bir ciddi dəyişiklik görmürəm. Azərbaycan ABŞ-la tərəfdaşdır, antiterror koalisiyasının üzvüdür və qeyd etdiyim sahələrdə əməkdaşlığımız var.

Təbii ki, azərbaycanlı rəsmilər tərəfindən Amerikaya qarşı fikirlər səslənir. Ancaq bu, o demək deyil ki, iki ölkə arasındakı münasibətlər pozulur. ABŞ Azərbaycanın önəmini çox yaxşı anlayır və bu cür mürəkkəb bölgədə Amerikanın ən etibar elədiyi tərəfdaşlar Türkiyə və Azərbaycandır”.
musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.