Rusiya nəşrindən ölkəmizdə çevriliş planı anonsu; “Geopolitika” jurnalının baş redaktoru: “İlham Əliyev balanslı siyasət aparmağa çalışır, ancaq Qərb bütün mümkün yollarla onun hakimiyyətini devirməyə çalışacaq”; rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlərin gərginləşməsinin səbəbi üzə çıxır...
Qərb Rusiyanı daha da zəiflətmək üçün ona qonşu ölkələrdə dövlət çevrilişləri seriyası hazırlayır və sırada Azərbaycan da var. Virtualaz.org saytı xəbər verir ki, bu sensasion fikirlərlə rusiyalı ekspertlər “Svobodnaya pressa”da çıxış ediblər.
Sözügedən materialda bildirilir ki, ABŞ Ukraynada 2014-cü ildə həyata keçirilmiş çevrilişlərlə kifayətlənmək niyyətində deyil və Rusiyaya qonşu digər ölkələrdə də siyasi rejimləri dəyişdirməyə çalışacaq.
“2015-ci ildə yeni ”narıncı" inqilablar gözləmək olar. Prinsipcə, yeni heç nə yoxdur, dövlət çevrilişlərinin bütün texnologiyası köhnədir, təkcə ayrı-ayrı metodikalar modernləşdirilir. Bu da hakimiyyətdə kimin olmasından, əhalinin onu nə dərəcədə dəstəkləməsindən və hansı alətlərə malik olmasından asılıdır" - deyə, “Geopolitika” jurnalının baş redaktoru Leonid Savin bildirib. Onun fikrincə, 2015-ci ildə Qərb çox güman ki, Ermənistandakı vəziyyəti qarışdıracaq. Vəziyyətin qarışa biləcəyi ölkələr sırasına Azərbaycanı da daxil etmək olar, çünki L.Savinin qənaətinə görə, Bakının Vaşinqtonla və Qərbi Avropa ilə münasibətləri pisləşir. “İlham Əliyev balanslı siyasət aparmağa çalışır, ancaq aydındır ki, Qərb bütün mümkün yollarla onun hakimiyyətini devirməyə çalışacaq” deyə, baş redaktor bildirib.
İddialara görə, Tacikistana təzyiqlərin artması da gözlənilir, çünki bu ölkəni Avrasiya İttifaqında gözləyirlər. Eyni təxmini Qazaxıstan və Qırğızıstan haqda da demək olar. L.Savinin sözlərinə görə, Qərbin hədəfində Serbiya və Çernoqoriya, habelə Belarus və Moldova da yer ala bilər. Onun fikrincə, dövlətlər bu çevriliş cəhdlərinin qarşısını almaq üçün mümkün təxribat ocaqlarını aşkara çıxarmalıdır. Həmçinin media məkanına nəzarət etmək, diplomatik missiyaların, xüsusən də ABŞ səfirliyinin nə işlə məşğul olduğunu izləmək lazımdır. L.Savin ATƏT missiyalarının da fəaliyyətinin nəzarət altında saxlanılmalı olduğunu deyib. Baş redaktorun sözlərinə görə, Qərbin qeyri-hökumət təşkilatlarının fəaliyyətini də izləmək lazımdır. Çevriliş cəhdlərinin qarşısını almaq üçün vətəndaş cəmiyyəti ilə dövlət əlbir hərəkət etməli, cəmiyyətdə parçalanma meyllərinin qarşısı alınmalıdır.
***
Sözsüz ki, bizi daha çox ölkəmizə aid inqilab anonsu maraqlandırır. Azərbaycanla ABŞ, həmçinin bir sıra Qərb dairələri arasında münasibətlərin gərgin fazaya keçdiyi dövrdə hakimiyyət çevrilişi ilə bağlı xəbərdarlığın yayılması müxtəlif cür yozula bilər. İlkin olaraq burada Azərbaycanla ABŞ-ın münasibətlərini daha da gərginləşdirmək cəhdinin olduğunu da təxmin etmək mümkündür. Ancaq Bakı ilə Vaşinqton arasındakı münasibətlərdə “soyuq müharibə” elementlərinin olması, Vaşinqtondan Bakıya qarşı sanksiyalar tətbiqinə dair çağırışların cavabında Azərbaycan hakimiyyətinin ABŞ-ı terroru dəstəkləməkdə belə ittiham etməsi, Azadlıq Radiosunun Bakı bürosunun ofisinin möhürlənməsi, yanvarın 12-də Bakı vaxtilə gecə saatlarında ABŞ-da Azərbaycanla bağlı dinləmələrin keçirilməsi və s. faktlar məqalədəki iddialara marağı artırır.
Məsələn, iddia etmək olar ki, Azərbaycan hakimiyyətinin Ağ Evin inqilab və ya hakimiyyət dəyişikliyi ilə bağlı planından xəbərdar olduğu üçün belə aqressiv tövr nümayiş etdirir. O da istisna deyil ki, Qərbin çevriliş planları barədə gizli dosyelər Rusiya kəşfiyyat orqanları tərəfindən Bakıya ötürülüb və məqsəd münasibətlərin korlanması da ola bilər. Daha bir versiya da var ki, Moskva belə informasiyaları dövriyyəyə buraxmaqla təklənməkdə olan Rusiyanın ətrafında postsovet ölkələrinin haləsini yaratmaq, Qərbin çevriliş planlarından hakimiyyətləri “agah” etmək yolu ilə Avrasiya Birliyi projesinin maksimum tez gerçəkləşməsinə nail olmaq istəyir. Ancaq istənilən halda məsələ ciddi araşdırma tələb edir. Yeri gəlmişkən, bir neçə gün öncə rəsmi “Azərbaycan” qəzetində dərc olunan “ABŞ-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr” adlı məqalədə ABŞ-a qarşı sərt ittihamlar yer almışdı, eyni zamanda Amerikanın 2005-ci ildə eks-spiker Rəsul Quliyev və sabiq nazir Fərhad Əliyev vasitəsilə dövlət çevrilişi etmək istədiyi iddia olunurdu.
***
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bu kimi informasiyaları dövriyyəyə buraxmaqla ruslar sadəcə Azərbaycanı qızışdırır və bir sıra hallarda buna nail ola bilirlər: “Şəxsən mən Qərbin Azərbaycanda hər hansı çevriliş həyata keçirəcəyini gözləmirəm. İlham Əliyev prinsipcə Qərbə, ABŞ-a münasibətdə kifayət qədər sıx, səmərəli əməkdaşlıq nümayiş etdirir. Yəni geosiyasi, geostrateji, təhlükəsizlik, enerji, nəqliyyat təhlükəsizliyi kimi xeyli məsələlər var ki, bu sahədə əməkdaşlıq onları kifayət qədər qane edir və burda hər hansı problem yoxdur. Sadəcə olaraq onlar Azərbaycanda siyasi və iqtisadi sahədə islahatların aparılmasını istəyirlər. Çünki Qərb stabilliyin bərqərar olunmasında demokratiyanı önəmli sayır. Bu mənada kifayət qədər təkliflər, çağırışlar səslənir. Brayzanın, Morninqstarın dövründə də bunları eşidirdik, onlardan sonra gələn səfir də eyni sözləri deyəcək. Yəni bundan o tərəfə mən heç nə görmürəm”.
M.Əliyev 2014-cü ildə yaşanan gərginliklərə, Qərbə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinin həbsinə, həmçinin AzadlıqRadiosu ətrafında yaşananlara baxmayaraq, Azərbaycan tərəfinin konfrontasiyada maraqlı olmadığını, həmçinin əməkdaşlıqdan qaçmadığını vurğuladı: “Keçən ilin sonunda bir sıra addımlar atıldı, həmçinin insan haqları ilə bağlı qrup yaradıldı, əfv sərəncamı verildi. İlham Əliyevin hansısa çevrilişlər planı barədə məlumatlı olub-olmadığını deyə bilmərəm. Ancaq şəxsən mən Qərbin belə bir planının olmadığına əminəm. 2003-cü ildə İlham Əliyev Amerikanın dəstəyi və yardımı ilə hakimiyyətə gətirilib. Artıq İlham Əliyevin şəxsi hakimiyyəti çox möhkəmlənib. Bu, onu göstərir ki, bunlar hamısı həmin dəstək əsasında baş verib. İndi bu hakimiyyəti devirmək kimə lazımdır? Üstəlik, Rusiyanın da belə bir planı yoxdur. Çünki Rusiya ilə də münasibətlər eynidir, 2003-cü ildə ruslar da eyni rolu oynayıb”. /musavat.com/