Krımın baş naziri Sergey Aksyonov SSRİ-Əfqanıstan müharibəsində iştirak etmiş döyüşçüləri Ukraynanın cənub-şərq vilayətlərinə göndərir.Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi açıqlama verib.
Nazirliyin açıqlamasında bildirilir ki, separatçı qruplar Rusiya Silahlı Qüvvələrinin hərbi hissələrində silahlandırılır. Təxribatçı qruplarda “Başmaqlar”, “Kilsə xadimləri” adlı silahlı dəstələr yer alıb. Separatçı qruplara keçmiş SSRİ dönəmində Əfqanıstanda döyüşmüş hərbçilər daxildir.
"Krımdan Ukraynanın cənub-şərq vilayətlərinə silahlı dəstələr göndərilir. Rusiya Silahlı Qüvvələrində silahlandırılan qruplara "Kalaşnikov" avtomatları, pulemyotlar və daşınabilən raket-zenit kompleksləri verilir. Separatçı qruplarda Rusiya hüquq-mühafizə orqanlarında çalışanlar da iştirak edir", Ukrayna DİN bildirir.
Ukrayna DİN-in bildiridiyinə görə, "Başmaqlar" separatçı qrupunun liderlərindən biri Nikolay Çerednikin yaratdığı iki diversiya-terrorçu qrup artıq Slavyansk şəhərindədir. Qrupların hər biri 400 nəfərdən ibarətdir.
Qeyd edək ki, Ukraynanın cənub-şərq vilayətində vəziyyət gərgin olaraq qalmaqdadır.