Azərbaycanla ABŞ arasında gərginlik açıq müstəviyə keçdi; NED tərəfindən təşkil olunan tədbirdə hakimiyyət sərt tənqid edildi; dövlət katibinin rəsmi nümayəndəsi Tomas Melia: “Biz AzadlıqRadiosunu və başqa təşkilatları var gücümüzlə müdafiə edəcəyik”; rəsmi dövlət qəzeti Obamanı ikiüzlü adlandırdı
Vaşinqtonda Azərbaycanla bağlı 12 yanvarda keçirilən dinləmələr gözlənildiyindən də gərgin keçib. “Azərbaycanda müstəqil səslərin susdurulması” adlı müzakirələr ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunub.
Tədbirin aparıcısı Demokratiyanın Araşdırılması üzrə Beynəlxalq Forumun icraçı direktoru Kristofer Uolker olub. O, müzakirələri açıq elan edərək bildirib ki, Azərbaycanda analoqu olmayan səviyyədə repressiyalar gedir. “Bu ölkədə azad söz basqı altındadır, fərqli düşüncə boğulur. Bunun nəticəsi olaraq, çoxsaylı insanlar həbsxanadadır”, deyən Uolker konkret olaraq, Leyla Yunusun, Xədicə İsmayılın adlarını çəkib.
“Respublikaçı Alternativ” (REAL) Hərəkatının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin professoru Altay Göyüşovsa deyib ki, Avropa Şurasına qoşulmamışdan əvvəl Azərbaycan daha demokratik ölkə idi. Onun fikrincə, indi Avropa Şurasına rəhbərlik etməsi Azərbaycana demokratiyanı daha da inkişaf etdirmək üçün bir fürsət olmalı idi. Amma bunun əvəzində həmin dövrdən müstəqil səsləri tamamilə boğmaq, müxalif fikir üçün meydanı tamamilə daraldıb aradan qaldırmaq üçün istifadə edildi: “Putinin Krımı işğal etməsindən sonra Azərbaycanda repressiyalar görünməmiş həddə çatdı. Hökumət tənqidi səsləri tamamilə sıradan çıxarmaq siyasəti yürüdür. Bütün bunlar Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövrünə təsadüf etdi. Ölkəmiz Avropa Şurasına qoşulanda ümid edirdik ki, bizdə də vətəndaş hüquq və azadlıqları təmin olunacaq. Amma Avropa Şurasına daxil olmamışdan əvvəl vəziyyət indikindən yaxşı idi”.
Altay Göyüşov deyib ki, ölkədə bütün telekanallar hökumətin nəzarətindədir, hökumət təkcə azad mətbuat təmsilçilərini deyil, facebook fəallarını da həbs edir.
AzadlıqRadiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu deyib ki, dekabrın 26-da AzadlıqRadiosunun Bakı ofisinə qeyri-qanuni hücum olub: “6 il əvvəl də eyni tarixdə FM dalğasında yayımımızı dayandırmışdılar. Bu dəfə həmin gün mənim üçün daha ağır oldu. Radionun avadanlıqlarını, möhürünü, sənədlərini apardılar. Radionun bank hesabına həbs qoyulub. Bu cür basqı Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir. Əməkdaşlarımızı prokurorluğa çağırdılar, onları sorğu-suala tutdular. Hətta əməkdaşlarımızdan birini gecə paltarında, ayaqqabısız sürüyərək aparmışdılar.
Digər əməkdaşımız Xədicə İsmayılova həbsdədir. Xədicənin həbsindən iki gün əvvəl Prezident Administrasiyasının rəhbəri məqalə yazmışdı və onun yazdıqları bir işarə idi. Biz əminik ki, hüququmuzu digər məhkəmələrdə müdafiə edə bilərik, amma Azərbaycanda yox. Çünki Azərbaycanda azad məhkəmə yoxdur. Biz bütün mümkün vasitələrlə AzadlıqRadiosunun fəaliyyətini davam etdirəcəyik”. K.Kazımoğlu onu da qeyd edib ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərini ölkədən çıxarıb: “Azərbaycanda Rusiyanın beş informasiya agentliyinin bürosu var. İranın İRNA agentliyinin bürosu var. ABŞ-ın bir radiosu vardı, onu da bağladılar”.
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasında baş analitik olan Ketrin Kozman bildirib ki, Azərbaycan yeganə sovet ölkəsidir ki, burada əhalinin 65 faizi şiə, 35 faizi sünnidir. Hazırda həbsdə olan tarixçi alim Arif Yunusun “Azərbaycanda İslam” adlı kitabını nümayiş etdirən Kozman onu bu sahədə yaxşı bir resurs kimi qiymətləndirib. O həmçinin bildirdi ki, Azərbaycanda İslam Partiyasının 5 funksioneri həbsdədir.
Massaçusets Universitetinin tarix professoru Odri Alştat çıxışında deyib ki, Azərbaycan hökuməti inqilab baş verən ölkələrdən özünəməxsus nəticələr çıxararaq, ATƏT-in Bakı ofisinin statusunu məhdudlaşdırıb, beynəlxalq təşkilatları ölkədən çıxarıb: “Bu həbslər dalğası ona görə həyata keçirilir ki, Azərbaycan dövlətçiliyi, müstəqilliyi təhlükə altındadır, yoxsa hakimiyyət qurduğu rejimi qorumaq üçün bu addımı atır? Nəticə belə çıxır ki, hakimiyyətlərini qorumaq üçün repressiyalara əl atırlar. 2012-ci ildə Bakıda ”Eurovision" keçirilən vaxt müxalifətçilər çox fəal idi, onlar ölkədəki problemləri çatdırırdı. Qarşıdan Yay Oyunları gəlir. Azərbaycan hökuməti repressiyaları ona görə gücləndirib ki, bu dəfə ölkədəki problemləri dilə gətirənlər olmasın, həmin səsləri susdursun".
ABŞ dövlət katibinin demokratiya, insan hüquqları üzrə köməkçisinin müavini Tomas Melia vurğulayıb ki, Azərbaycanda baş verənləri çox yaxından izləyirlər: “Dövlət katibi Con Kerri İlham Əlievə zəng edərək, Azərbaycanda ABŞ təşkilatlarına, eyni zamanda yerli müxalifətə basqılardan narahatlığını bildirib. ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini tanıyır və bunu qoruyub saxlamağa kömək edir. Müstəqil, demokratik Azərbaycan ABŞ-ın və dünyanın yaxşı müttəfiqi ola bilər. Söz azadlığı, sərbəst toplaşma azadlığı vacibdir və olmalıdır. Biz yüksək səviyyədə hakimiyyətlə əlaqədəyik və çalışırıq ki, yol tapaq və davam edək. Yaxın həftələrdə Senat da yeni səfiri təsdiqləyəcək və o, vəzifəsinin icrasına başlayacaq. Bu da bizə yeni imkanlar yaradacaq. Biz AzadlıqRadiosunu və başqa təşkilatları var gücümüzlə müdafiə edəcəyik”.
Azpolitika.az xəbər verir ki, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondunun proqram direktoru Miriam Lanskoy Azərbaycandakı vəziyyətdən danışarkən hətta ağlayıb: “Çox düşünürəm ki, niyə bu hadisələr baş verir? Azərbaycanda son 10 ildə hər şey pisləşməyə doğru gedib. 90-cı illərə baxsaq, Azərbaycan da Gürcüstan və Ermənistanla paralel gedirdi. İndi isə Özbəkistanla paralel gedir. Azərbaycanın ən gözəl jurnalistləri, ən gözəl alimləri, ən gözəl aktivistləri həbsxanaya atılır. İntiqam Əliyev avqustda həbs olunanda demişdi ki, mən də yaxşı insanlar olan yerə gedirəm. Niyə yaxşı adamlar həbsə atılır? Günahsız insanlar əzilir..?” Bu yerdə Miriam Lanskoy göz yaşlarını saxlaya bilməyib.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu dinləmələr haqqında bir neçə məqamı xüsusi vurğulayıb: “Birinci diqqət çəkən məqam ondan ibarət idi ki, mövzu kifayət qədər tənqidi çalarlı bir mövzu idi. Yəni indiyə qədərki dinləmələrdə bu cür başlıqlı mövzu müzakirəyə çıxarılmamışdı. İkinci məqam ondan ibarət idi ki, faktiki olaraq Azərbaycan hakimiyyətinin mövqelərini müdafiə edəcək hansısa - belələri də az deyil - muzdlu amerikalı siyasi ekspertlər dinləmələrə dəvət olunmamışdı. Nəhayət, diqqət çəkən digər məqam da bu idi ki, dinləmələrdə Azərbaycan hakimiyyəti haqqında qeydlərin, iradların əksəriyyəti tənqidi xarakterli idi. Bu da anlaşılandır, çünki biz artıq buna qədər də dəfələrlə eşitmişik ki, Azərbaycan hakimiyyətinin insan haqlarına, söz və mətbuat azadlığına, vətəndaş cəmiyyətinə münasibəti ABŞ-ın müxtəlif səviyyələrdə rəsmiləri, hətta prezident Obama tərəfindən tənqid olunur”.
Ə.Oruclu dedi ki, dinləmələrdə iştirak edən Tomas Melia kifayət qədər neytral çıxış edib və Azərbaycanla strateji tərəfdaşlığın önəmini irəli çəkib: “Bu, bir daha göstərdi ki, bütün tənqidi qeydlərə, iradlara baxmayaraq, ABŞ Azərbaycanla strateji müttəfiqlikdə maraqlıdır. Bununla da Azərbaycanda rəsmi təbliğatın təqdim etdiyi kimi ki, guya bu tərəfdaşlığı pozmaqda ABŞ maraqlıdır, bunu darmadağın etdi. Yanvarın 13-də ”Azərbaycan" qəzetində “Obamanın ikiüzlülüyü” başlıqlı yazı da göstərir ki, Azərbaycan-ABŞ münasibətlərinin pozulmasında, bunların inkişaf etməməsində, dağılmasında pozuculuq göstərən kimdir. Artıq hər şey aydındır". (Bu barədə ayrıca yazını qəzetimizin 8-ci səhifəsində oxuya bilərsiz-red).
Ə.Oruclu istisna etmir ki, iki ölkə arasındakı gərginlik növbəti fazaya keçə bilər: “Bakının rəsmi qəzetinin bu cür reaksiyasından sonra mən istisna etmirəm ki, münasibətlər daha gərgin fazaya keçə bilər”.
Rəsmi Bakı isə dinləmələrə soyuqqanlı yanaşır.
XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirdi ki, ABŞ rəsmisinin iştirakına baxmayaraq, dinləmələrin formatı qeyri-hökumət xarakteri daşıdığı üçün rəsmi Bakı buna şərh verməyəcək.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc isə xatırlatdı ki, Amerikada dinləmələr praktikası keçmişdə də olub: “Bu, dövlətin idarəçiliyin mühüm tərkib hissəsidir və siyasi elitasının çevrəsində qərarlaşmış beyin mərkəzləri, institutlar və analitik dairələrin hamısını, eyni zamanda maraq qruplarını bir araya gətirərək, xüsusilə də seçkilər dövründə belə dinləmələri biz yaxın tariximizdə görmüşük. Dinləmələrdə diqqətimi çəkən ilk növbədə ABŞ dövləti adına iştirak edən Tomas Melianın daha sistemli, ehtiyatlı leksikondan istifadə etməyə çalışması idi. Əslində burada dinləmələrin qabaran marağı Amerika pulları üzərində indiyə qədərki dövrdə fəaliyyət aparanların zərər çəkməsi idi. Yəni belə demək mümkündürsə, o vəsaitlər ki, QHT-lərə yönəldilirdi, həmçinin burada ayrı-ayrı institutlar fəaliyyət aparırdılar və məhz Azərbaycandan o layihələr yönləndirilirdi, o cümlədən AzadlıqRadiosu üçün ayrılmış vəsaitlər üzərində vasitəçilik edənlər var idi. Birdən-birə bu qədər böyük vəsaitə zərbə dəyib və Azərbaycanla işbirliyinin kəsilməsi fonunda həmin qüvvələrin real olaraq vəsaitləri dayanıb. Ona görə də dinləmələrdə bu maddi ağrı daha çox hiss olunurdu, nəinki siyasi mənafelər”.
Z.Oruc ikinci məqam olaraq qeyd etdi ki, vaxtilə bölgəyə cavabdehlik daşıyan insanların müxtəlif siyasi narazılıqlarını, şəxsi mövqelərini dövlət adına daha çox daşımaları idi: “Məsələn, Devid Kramer dövlət katibinin köməkçisi olarkən Azərbaycanın hansısa layihələrdə iştirakı, neft və qaz məsələlərinə dair tələblərdə bulunub, ancaq bunlar reallaşmayıb. Həmin münasibət ondan sonrakı dövrdə davam edib və hazırkı kəskin narazı dilə çevrilib. Artıq o, dünən (dinləmələrdə - red.) səbr kasası və sairdən danışmağa başlamışdı. Əslində o, özünün hikkəsini Amerika dövlətinin adına yazmaqla məşğuldur”. Üçüncüsü məqamdan bəhs edərkən deputat son dövrlər regional və postsovet məkanda geopolitik dəyişikliklərin olduğuna diqqət çəkdi: “Azərbaycanı çox fəal şəkildə Qərbin proyektlərinə qatmağa çalışırlar.
Bu isə avtomatik bizim məlum xarici siyasət kursundan imtinanı ehtiva edir. ABŞ-ın Azərbaycana qarşı son təsirlərində, təzyiqlərində radionun, bir ovuc QHT strukturlarının davasından daha çox, bu bürüncəyə örtülmüş geopolitik dava var. Azərbaycanın enerji layihələri Avropa ilə ortaqlığı özündə ehtiva edir. Ancaq bunu tam onların layihəsi kimi dəyərləndirmək olmaz. Ən azı Orta Asiyanın ehtiyatlarının işlənməsi üçün Azərbaycanı bu layihələrin forpostuna çevirmək istəyən Qərb onun şahidi olmadı, NABUCCO-nun üstündən xətt çəkildi. Bu isə həmin dairələri çox ağrıdır.
Çünki bir neçə milyon dollar vəsait onun texniki-iqtisadi əsaslandırılmasına, lobbiçiliyinə və piarına xərclənmişdi. Azərbaycan isə Türkiyə ilə birgə öz layihəsini seçdi. Ona görə də bu dinləmələr orada narazıların nə səviyyədə yerləşdirilməsi ilə, ordakı leksionla bizə bir mesaj idisə də, daha artıq dərəcədə Amerika-Azərbaycan arasındakı münasibətlərin bir indikatoruna çevrildi. Həqiqətən də müxtəlif məsələlərə baxışlarda problemlər var. Amma mən ən sonda Azərbaycan dövləti adına hörmətli Əli Həsənovun açıqlamasını əsas götürmək istərdim. Orada vurğular dəqiq, yerində qoyulub ki, ölkəmizin rəsmi qurumları Amerika ilə münasibətlərin üzərinə xətt çəkmək, onu təftiş etmək, yaxud başqa bir dairələrə yönəlmək üçün bu əlaqələrdən imtina niyyətini güdmür. Ona görə də Amerikanın əlinə oynamaq istəyən, yaxud ABŞ-dan maaş aldığı üçün indi onun dayanmasından ağrı keçirənləri bir qırağa qoysaq, əminəm ki, Amerikanın siyasi elitası daha realist bir mövqe ilə problemlərin çözümü üçün real addımlar atmağa çalışacaq”.
E.PAŞASOY
musavat.com/