"Müsavat 1993-cü ildən bu yana hakimiyyətlə heç zaman heç bir sövdələşməyə getməyən yeganə partiyadır”
“Bizim qonaq” rubrikasının qonağı Müsavat Partiyasının eks - başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərdir. Söhbətin dördüncü, sonuncu hissəsini təqdim edirik.
(əvvəli ötən saylarımızda)
- İsa bəy, sizcə, bu prosesdə hakimiyyətin rolu var idimi?
- Təbii, var.
- Nə şəkildə? Nə etmək istəyirdilər?
- İndi bu daha aydın görünür. Hakimiyyət Müsavat Partiyasını öz nəzarətinə götürmək istəyirdi. Əvvəlcə ikivariantlı hərəkət edirdilər. Düşünürdülər ki, partiya qurultay keçirməyəcək, bununla da məni, bütünlükdə Müsavatı səmimi olmamaqda ittiham edəcəklər. Ya da ki, qurultay keçirilsə, partiyanı nəzarətə keçirməyə cəhd edəcəklər. Qurultay ərəfəsində ikinci variantı seçdilər. Çox arxayın davranırdılar. Onlara elə gəlirdi ki, buna nail olacaqlar. Nail olmadılar, ona görə də indi partiyadaxili gərginliyi davam etdirməyə çalışırlar. Bu o qədər göz önündə olan bir məsələdir ki, burada diskussiyaya ehtiyac duymuram.
- Qubad İbadoğlunun rəhbərliyi altında ADR adlı bir hərəkat qurulur. Sizinlə məsləhətləşiblərmi, xeyir-duanızı alıblarmı?
- Yox.
- Gedişatı izləyirsinizmi?
- Mən hər şeyi izləyirəm.
- Bu gün Müsavat Partiyasının üzvü olan bir sıra şəxslər, hətta funksionerlər o hərəkatdadırlar. Sizin düşüncənizlə Müsavat Partiyasının rəhbərliyi bu məsələyə necə münasibət bəsləyəcək? Onlarla davam edəcəklər, yoxsa yolları ayıracaqlar?
- Partiyanın bu məsələdə mövqeyi çox aydındır. Mən də həmin mövqe ilə razıyam. Birinci şərt hər bir müsavatçının nizamnaməyə əməl etməsidir. Nizamnaməyə əməl olunursa, heç bir partiya üzvü hüquqi intizam tədbirləri ilə qarşılaşa bilməz. Ancaq nizamnamə pozuntusa varsa, o məsələ gündəmə gəlir və gələcək. İndi o “narazılar” deyilən kəsim nizamnaməni pozmadan hansısa bir şəkildə təşkilatlanmağa cəhd edir. Yaşayarıq, nizamnaməni pozmadan hara qədər hərəkət edə biləcəklərini görərik.
- İsa bəy, gələcəkdə ADR-in Müsavat Partiyası daxilində fraksiyaya çevrilməsi ehtimalı nə qədərdir?
- Bu məsələ məni maraqlandırmır. Özləri qurumlarını necə istəyirlər, elə də adlandırsınlar.
- Müstəvini bir qədər böyütmək istəyirik. Müsavat Partiyası qurultayını keçirdi, strukturlaşdı, indi də partiya kimi normal funksiya göstərir. Müsavat toparlayıcı, bütün düşərgənin bir arada olması və qüvvələrin birləşdirilməsi istiqamətində təkliflərlə çıxış edir, amma bir sıra təşkilatlardan, o sıradan AXCP-dən, Mili Şuradan tərs, bir az da kəskin və xoşagəlməyən ifadələrlə müşahidə olunan reaksiyalar gəlir. Bu prosesin sonunu necə görürsünüz? MSDM-in bu məsələdə bir təklif paketi varmı? MSDM-in rəhbəri olaraq bu məsələyə 2015 rakursundan baxışınız necədir? Xalq Cəbhəsinin, o sıradan Milli Şuranın rəhbərliyi Müsavat Partiyası birlikdəlik təklifinə isti baxmır. Siz bu məsələyə necə baxırsınız, 2015-də birlik mümkün ola bilərmi?
“Cəmiyyətdə siyasi qüvvələrin birliyi məsələsinə doymuş bir baxış var. İnsanlar siyasi qurumların bir araya gəlib ayrılmalarından yorulub”
- Milli Strateji Düşüncə Mərkəzi ilə Müsavat Partiyası bir-birilərinə yaxın qurumlar ola bilərlər. Ancaq onlar eyni təşkilat deyillər. Müsavat Partiyasının öz missiyası, gündəmi, funksiyaları var, Milli Strateji Düşüncə Mərkəzinin isə öz yanaşmaları var. Mən çox sevinirəm ki, Azərbaycanda Strateji araşdırma mərkəzi adlı bir neçə qurum var. Son illərdə çoxları özünü elə aparır ki, sanki durumu yenidən dəyərləndirməyə, problemlərlə bağlı bir beyin fırtınası etməyə heç bir lüzum yoxdur. Bu cür yanaşmalar sözün doğrusu, məni narahat edir.
Milli Strateji Düşüncə Mərkəzinin yaranma səbəblərindən biri də Azərbaycanın problemlərinə, bugününə və gələcəyinə yenidən bir baxış keçirməkdir. Təbii, 2015-ci il seçkilərinə biz laqeyd ola bilmərik. Çünki demokratiya məsələsini Azərbaycanın ümummilli məsələlərindən biri hesab edirik. 2015-ci ilin parlament seçkiləri də Azərbaycanda demokratik dəyişikliklərə başlamaq baxımından önəmli bir məqamdır. Cəmiyyətdə siyasi qüvvələrin birliyi məsələsinə doymuş bir baxış var. İnsanlar siyasi qurumların bir araya gəlib ayrılmalarından yorulub.
Görünür, bu məsələdə bizim də yanlışlarımız olub. Əminəm ki, 1989-cu ildən bugünə qədər Azərbaycanda nə təşkilat yaratmışıqsa, hamısının ümumi böyük missiyası ilə yanaşı konkret hədəfləri də olub. O təşkilatların çoxu konkret hədəflərinə çatmış qurumlardır. Tutaq ki, Demokratik Konqres Əbülfəz Elçibəyin Bakıda olmadığı dönəmdə, Əliyev rejiminin Azərbaycanı sürüklədiyi geopolitik riskləri önləmək, Elçibəyin legitim prezident statusunun qorunub saxlanması və onun arxasında ciddi siyasi qüvvənin davam etməsi baxımından önəmli bir missiya idi. Bu missiyanı həyata keçirdik. Ölkədə demokratik seçkilərə nail olmadıq, hakimiyyət dəyişikliyini həyata keçirə bilmədik, amma o dediyim hədəfə çatdıq. Eləcə də SİDSUH. 1998-ci ildə seçkiləri boykot etsək də ən güclü seçki islahatları hərəkatı yaratdıq. Qurum Əliyev rejimi dönəmində ən önəmli müqavimət hərəkatlarından biri oldu və bir sıra konkret nəticələrə nail oldu. Məsələn, senzura ləğv edildi.
“İndiki mərhələdə də koalisiya yaratmağa tələsməyin anlamı yoxdur”
Yaratdığımız digər qurumlar haqqında da eyni fikirləri söyləmək olar. Sadəcə, görünür, biz onları yaradanda cəmiyyətə hədəflərimizi kifayət qədər dəqiq şəkildə deməmişik. Əsasnamə sənədlərində də sadaladığım məqamlar ətraflı göstərilmədiyi üçün sonra müəyyən arzuolunmaz durumlar yaranıb. Məsələn, 2005-ci ildə yaratdığımız “Azadlıq” bloku. O zaman öndə olan aparıcı müxalifət partiyalarının birliyi kimi “Azadlıq” bloku zamanın şərtləri daxilində mümkün olan ciddi mücadilə verdi, ciddi nəticələr əldə etdi. Çox təəssüf, hakimiyyət seçkinin nəticələrini total şəkildə saxtalaşdırmaqla, dinc nümayişçiləri zorakılıqla dağıtmaqla nəticələrin rəsmiləşməsinə imkan vermədi. “Azadlıq” missiyasını yerinə yetirmişdi, onu süni surətdə saxlamaq, uzatmaq əlavə fəsadlara səbəb oldu. İndiki mərhələdə də koalisiya yaratmağa tələsməyin anlamı yoxdur. Mənim fikrimi soruşan olsa, bunu məsləhət görməzdim.
Əgər yaratmaq qərarına gəlinəcəksə qurumun missiyası, hədəfləri və vəzifələrinin çox konkret göstərilməsini arzuolunan sayıram. Müsavat Partiyası hər zaman olduğu kimi, yenə də toparlayıcı qüvvə kimi fəaliyyət göstərmək əzmindədir. Müsavat Partiyası Milli Şuranın üzvü olduğu dönəmdə də - 2013-cü il prezident seçkisindən sonra bir sıra siyasi partiyalara əməkdaşlıq və müttəfiqlik təklif etmişdi. Ancaq bu, qəbul edilmədi. Milli Şuradan ayrılanda da Müsavat Partiyası bəyanatında göstərdi ki, biz qurumdan ayrılsaq da həm MŞ, həm də qurumda təmsil olunan siyasi partiyalarla funksional işbirliyinə hazırıq. O baxımdan Müsavatın indi toparlayıcı təşəbbüslə çıxış etməsinin hansısa məsələdə mövqeyini dəyişməsi kimi təqdim edilməsi kökündən yanlışdır. Təbii, bu məsələdə siyasi partiyaların mövqelərinə hörmətlə yanaşmalıyıq, çalışmalıyıq ki, hər kəs öz mövqeyinin məsuliyyətini daşısın.
- Sizcə, Müsavat Partiyası parlament seçkisinə gedəcəkmi?
- Müsavat Məclisi seçkidə iştirak mövqeyini bəyan edib.
- Bəs hansı halda Müsavat Partiyası seçkidə iştirak etməyə bilər?
- Bunun üçün çox ciddi əsaslar olmalıdır. Məsələ burasındadır ki, seçkidə iştirak uzun bir dönəm, fədakar iş tələb edən hədəfdir. Seçkini boykot etmək isə xüsusən də passiv boykot, bir günün içərisində qəbul edilən qərardır. Bir bəyanatla bu məsələ bitər. Ona görə də boykot haqqında qərar son tədbir kimi nəzərdən keçirilə bilər. Məncə, Müsavat da, digər ciddi siyasi qüvvələr də seçkidə iştiraka çalışmalıdır.
- Hakimiyyətin davranışını proqnozlaşdırmaq mümkündürmü? Nəsə dəyişə bilərmi? Dünyadakı bütün siyasi, iqtisadi amilləri nəzərə alsaq, 2015-də parlamentin tərkibini dəyişmək şansı yarana bilərmi?
- Şərti olaraq 3 variant var. Birinci variant - hakimiyyət yenə də müxalifətsiz parlament yaratmağa çalışacaq. İkinci variant -2010-cu ilə qədərki vəziyyətə qayıdılaraq Milli Məclisə öz dairəsində gerçək qələbə qazananlardan bir neçə müxalifətçinin təmsilçiliyinə razılaşacaq, üçüncü variant - seçkiyə oxşayan seçki keçirilərək, xeyli dairədə qələbə qazananların parlamentdə təmsilçiliyinə imkan veriləcək. Əgər köklü dəyişiklik olmayacaqsa, orta variant daha inandırıcıdır. Məhz buna görə də müəyyən qüvvələr həyəcanlanıblar. Hesab edirlər ki, yenə də 1995 - 2010-cu illər arasındakı kimi, bir neçə müxalifətçinin təmsilçiliyinə imkan veriləcək. Təbii, bu variantda da kimlərin parlamentdə olacağına hakimiyyət qərar verəcək. Bəziləri indidən narahatdırlar ki, birdən onlar bu siyahıda olmazlar. Müsavat baxımından bunlar gülünc yanaşmalardır. Müsavat 1993-cü ildən bu yana hakimiyyətlə heç zaman heç bir sövdələşməyə getməyən yeganə partiyadır.
- Siz “yeganə” sözünü nadir hallarda işlədirsiniz. Demək, bu, məlumatdır...
- Əminəm ki, bu məsələdə sizin məlumatlar məndən daha çoxdur. Müsavat yeganə partiyadır ki, lideri və rəhbərliyi parlamentə faktiki olaraq buraxılmayıb. Kimlərsə öz davranış modellərini Müsavata aid etmək istəyirlər. Guya Müsavat hakimiyyətlə danışacaq, bir neçə yer alacaq, onlar da kənarda qalacaqlar.
- Belə bir şans olsa, bazarlıq təklif olunsa, Müsavat getməzmi?
- Bazarlığa, separat danışıqlara biz heç zaman getməmişik, getmərik də. Biz açıq, şəffaf dialoq, azad seçki tərəfdarıyıq. Bəziləri bu durumu öz arşınları ilə ölçürlər. Əslində ürəklərində bilirlər ki, Müsavat buna getməz, ancaq düşünürlər ki, 2005-ci ildə olduğu kimi, yenə də Müsavatın 3-5 dairədəki qələbəsi tanınar, onlar kənarda qalar. Özləri bunu etmək istəyirlər, ancaq bizə aid edirlər. Müsavat isə bu məsələdə sakitdir, biz sövdələşməyə getmirik, kimin kənardan nə deyəcəyi də bizi xüsusi olaraq ilgiləndirmir. Amma dediyim 3 variant ciddi təsirlər olmayacağı situasiyaya aiddir. Ciddi müsbət dəyişikliklər olsa, təbii, MM-in tərkibində böyük dəyişiklikləri olması labüddür. Postsovet məkanında köklü demokratik dəyişikliklərin qarşısını alan əsas amil Moskvadır. Moskva da artıq ciddi böhrana daxil olub. Əksər araşdırmaçılar hesab edir ki, böhran ya Putin rejiminin getməsi ilə nəticələnəcək, ya da Putin özü rejimi liberallaşdırmağa məcbur olacaq. Bu durum isə Güney Qafqaza, Azərbaycana təsir etməyə bilməz. Eləcə də neftin qiymətinin enməsi ilə sosial-iqtisadi gərginliyin artması amili duruma çox ciddi təsir edə bilər. Mən fikrimdə qalıram - Əliyev rejimi mövcudiyyətinin tam əksəriyyətini yaşayıb və mövcudiyyətinin son dönəminə daxil olub. Qərblə, ABŞ-la bu cür qarşıdurma da bu mənim dediyimi şərtləndirən amillərdən biridir.
- Hakimiyyətlə açıq dialoq tərəfdarısız. Bəs Qərblə Müsavat Partiyasının hansısa qapalı danışıqları olubmu, ya varmı? Çünki elə durum yaranıb ki, Qərb istər-istəməz Azərbaycanda müttəfiqlər axtarmalıdır.
- ABŞ diplomatları ilə kontaktlarımız 1989-cu ildən başlayıb. O zaman ABŞ-ın Moskva böyükelçiliyindən 2 diplomat Bakıya gəlmişdi, AXC-də görüş istəmişdilər, ilk təmaslar o zamandan başladı. O gündən indiyə qədər nə ABŞ, nə də Avropa diplomatları ilə mənim elə bir söhbətim olmayıb ki, onun ortaya çıxmasından narahat olum. Təbii, bir çox həssas mövzuları müzakirə etmişik. Mən dediklərimin hamısının arxasında durmağa hazıram.
Aygün MURADXANLI
musavat.com/