Əliyev Obamaya savaş açdı

14-01-2015, 10:07   
Əliyev Obamaya savaş açdıDövlət qəzeti ABŞ prezidentini hədəfə aldı

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın dünəki sayında ABŞ prezidenti Barak Obamanı hədəfə alan məqalə dərc edilib. “Barak Obamanın ikiüzlüyü” başlıqlı bu yazını bir neçə gün əvvəl ABŞ-ın nüfuzlu nəşrlərindən olan “New York Times” qəzetində “Azərbaycan prezidenti Ilham Əliyevin iki üzü” sərlövhəli məqaləyə cavab saymaq olar.

Məlumat üçün deyək ki, “New York Times”da dərc edilən həmin məqalədə Ilham Əliyev kəskin tənqid olunub. Azərbaycanın dövlət başçısının üzdə Qərb dəyərlərini bölüşən şəxs kimi görünsə də, əslində avtoritar və korrupsioner mahiyyətli olduğu vurğulanıb.

Bu məqalə redaksiya şurasının mövqeyi kimi təqdim edilib.

Görünür, Azərbaycan hakimiyyəti “New York Times” qəzetinin sərt tənqidindən qəzəblənib və müstəqil nəşrin məqaləsinə dövlət səviyyəsində cavab verməyi qərara alıb. Hər halda “Azərbaycan” qəzeti rəsmi nəşrdir və orada dərc olunan hər bir məqalə Prezident Administrasiyasının senzurasından keçir. “Azərbaycan” müstəqil şəkildə heç yerli məmurları tənqid etmək iqtidarında deyil, o ki, qaldı ABŞ prezidentini hədəfə ala.

Məqaləyə gəlincə, orada ABŞ və onun prezidenti Barak Obamanın ünvanına ənənəvi ittihamlar yer alıb. Barak Obama Azərbaycana münasibətdə ikili standartda, ermənipərəstlikdə, inqilablarda, dövlət çevrilişlərində, müttəfiqlərinə qarşı qeyri-səmimilikdə ittiham olunur. Məqalədən bəzi hissələrə təqdim edək: “...Bütün dünya açıq şəkildə gördü ki, ABŞ nəinki düşmən hesab etdiyi ölkələrin, hətta dost dövlətlərin rəhbərləri də daxil olmaqla yüksək vəzifəli şəxslərini izləyir, onların haqqında kompromat toplayır. Həmin məlumatlar təsdiq edirdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Avropa Ittifaqının Brüsseldəki, Avropa Şurasının Vaşinqton və Nyu Yorkdakı, həmçinin onlarla ölkənin səfirliklərini dinləyir. Lazım gəldikdə, Dünya Bankının keçmiş rəhbəri və həmin dövrdə Fransa prezidentliyinə ən real namizədlərdən biri olmuş Dominik Ctross-Kannla bağlı olduğu kimi, istənilən şəxsə qarşı ssenari qurula və reallaşdırıla bilər. Bu isə dünya liderlərinin ABŞ-a və onun ”səmimi" görünməyə çalışan prezidentinə qarşı etimadın və inamın itməsinə səbəb oldu.

“Həm də digər dünya ölkələrinin maraqlarını qoruyacağını” vəd edən cənab Obama nəinki sözlərinin üstündə durmadı, hətta Amerikaya ənənəvi müttəfiq olan ölkələri də qan çanağına çevirdi...

...Barak Obama hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycanla bağlı prioritetləri “səhrada ilğım”ı xatırlatmağa başladı. Bir tərəfdən ABŞ dövlət başçısı Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini, Ilham Əliyev hakimiyyəti ilə işləməyə davam edəcəklərini bəyan edir, digər tərəfdən də Azərbaycana dəstək istiqamətində heç bir addım atılmır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan əsas vasitəçilərdən biri kimi, ABŞ ikili standartları dövlət siyasəti səviyyəsinə yüksəltdi. Obama Administrasiyası hətta Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsində belə aciz görünməyə çalışdı...

...Bütün bunlar azmış kimi, ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif hakimiyyət dəyişikliyi ssenariləri həyata keçirməyə can atdılar. ABŞ mediası və QHT-ləri Azərbaycana qarşı “qara piar” kampaniyasını günü-gündən şiddətləndirir. Bu ikiüzlülük və riyakarlığın səbəbini anlamaq mümkün deyildir".

Bu məqalədən bir neçə gün əvvəl Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “Bloomberg” agentliyinə müsahibəsində Azərbaycan-ABŞ münasibətlərinin heç də pis olmadığını bəyan etmişdi. Həsənovun iddiasına görə, sadəcə “bəzi qüvvələr” münasibətlərə xələl gətirmək istəyir. “Azərbaycan”da dərc olunan məqalə bu iddiaların əsassız olduğunu ortaya qoydu. Görünən odur ki, ABŞ-la Azərbaycan iqtidarı arasında münasibətlər qarşıdurma səviyyəsindədir və Ilham Əliyev artıq şəxsən Barak Obamaya qarşı savaş açıb.
Akif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.