Zəfər Quliyev: “Qərb Rusiya ilə anlaşıb”

14-01-2015, 20:09   
Zəfər Quliyev: “Qərb Rusiya ilə anlaşıb”
“Pərdəarxası danışıqların hesabına artıq Rusiya ilə Qərb arasında ümumi bir razılıq var”
Politoloq Zəfər Quliyev son dövrlər dünyada və regionda baş verən prosesləri “Yeni Müsavat”a şərh edib. Müsahibəni təqdim edirik.

- Paris terrorundan sonra sanki Rusiya-Qərb qarşıdurması arxa plana keçib. Siz bunun səbəblərini necə izah edirsiniz?

- Bu olaylar baş verəndən məndə belə bir gözlənti vardı ki, Avropa, ABŞ siyasətçiləri gündəmi dəyişəcək. İlk gündən bir çox səbəblərə görə, bu olay Qərb siyasi dairələrinin maraqlarına uyğun kimi görünürdü. Belə iddialar da var ki, Qərblə Rusiya arasındakı qarşıdurmada Qərb özü də maraqlıdır. Ancaq mən şəxsən fərqli düşünürəm. Fikrimcə, Rusiya ilə uzunmüddətli qarşıdurma, yenidən soyuq savaş şəraitinə qayıtmaq nə Vaşinqtonun, nə də Avropa İttifaqının maraqlarına uyğun deyil. Onlar burdan heç nə qazanmırlar. Çünki dünyanın geosiyasi mənzərəsi Sovetlər Birliyi dağılandan sonra xeyli dəyişib. Məhz Sovetlər Birliyi dağılandan sonra ortaya yeni nəzəriyyələr çıxdı. Hantinqtonun nəzəriyyəsi sanki ABŞ kəşfiyyatının, ABŞ siyasi dairələrinin sifarişi ilə yazılmışdı.

Bu nəzəriyyədə əsas tezislərdən biri o idi ki, artıq dünyada ideoloji səbəblərə görə olan qarşıdurmalar keçmişdə qalıb, gələcəkdə ölkələr arasında ideoloji, sistemli qarşıdurmalar yox, sivilizasiya qarşıdurmaları olacaq. Yəni fərqli mədəniyyətlərin, fərqli dinlərin, bir-birindən fərqlənən dünyaların toqquşması aktuallaşacaq. Paris terrorundan öncəki proseslərin də təcrübəsi bunu göstərirdi. 11 sentyabrdan sonra gündəm dəyişmişdi, Avropa, xüsusən də ABŞ əsas diqqəti məhz bir-birindən fərqlənən mədəniyyətlər, dinlər arasındakı konfliktlərə yönəltmişdirlər. Təsadüfi deyil ki, məhz həmin dövrdən başlayaraq İslam təhlükəsi, İslam terrorizmi, fundamentalizm əsas dünya gündəminin əsas mövzularını sırasına keçib.

Faktiki olaraq Birləşmiş Ştatların, eləcə də onun müttəfiqlərinin son illərdəki siyasəti daha çox Yaxın Şərqə yönəlib. Ya bu bölgədəki ölkələrdə baş verən inqilabi proseslərə dəstək verirlər, ya köhnə diktatorları hakimiyyətdən uzaqlaşdırmaqla məşğul olurlar. Düzdü, bu, bir qədər ayrı mövzudur, amma ortada neft amili də var. Bütün bunlar Qərbin əsas siyasi xətti idi. Rusiya ilə faktiki qarşıdurma yarananda həm Avropanın, həm ABŞ-ın diqqəti bu xətdən yayındı, durum soyuq savaş dönəmindəkinə yaxınlaşdı. Bu nə Vaşinqtonu, nə də Brüsseli sonadək qane etmirdi. Ona görə də ciddi sanksiyalarla Moskvanı çökdürməyə çalışdılar. Hesab edirəm ki, son dövrdə bizim bilmədiyimiz pərdəarxası danışıqların hesabına artıq Rusiya ilə Qərb arasında ümumi bir razılıq var.

“Qərbi narahat edən Rusiyanın Krımı ilhaq etməsi, Ukraynanı parçalamaq cəhdi yox, Moskvanın hegemonluq iddiası idi”



- Rusiya Qərblə münasibətləri yumşaltmaq üçün nələri qurban verə bilər?

- Moskva əvvəlki aqressiv imperiya iddialarından xeyli geri çəkilə, Qərb də bunun qarşılığında sanksiyaları yumşalda bilər. Paris hadisələri belə bir dəyişiklik üçün əlavə imkanlar yaratdı.

- Siz Paris terrorunun yeni mərhələyə keçilməsi üçün fürsət olduğunu deyirsiniz. Sizcə, bu terrorun müəllifi təqdim edildiyi kimi radikal islamçılar deyil, prosesləri yeni mərhələyə daşımaq istəyən Qərblə Rusiya ola bilərmi?

- Mən Rusiya telekanallarını çox diqqətlə izləyirəm. Artıq sanksiyaların yumşalacağının anonsu verilir. “Euronews” kanalında da bu məsələ geniş müzakirə edilir. Avropa İttifaqı ciddi şəkildə belə bir niyyətinin olduğunu açıqlayır. Aydındır ki, Moskva bu xəbərləri çox sevinclə qarşılayır. Bu baxımdan Paris terrorunun müəllifliyi ilə bağlı bir neçə versiya irəli sürmək mümkündür.

- Zəfər bəy, yaxın günlərə qədər Almaniya kansleri Merkel bildirirdi ki, sanksiyalar onların tətbiq səbəbləri - yəni Rusiyanın Ukraynaya hərbi təcavüzü aradan qalxdıqdan sonra götürülə bilər. Sizcə, bu addım sanksiyalardan Avropa iqtisadiyyatına da güclü ziyan dəyməsinə görə atılıbmı, yoxsa başqa səbəblər var?

- Azərbaycanın timsalında Qərbin bu cür siyasətinin dəfələrlə şahidi olmuşuq – sözdə bir şey deyilib, ancaq pərdəarxasında olan məqamlar başqadır. Qərb dəfələrlə Azərbaycanı insan haqlarının durumuna, söz azadlığına, demokratiyanın inkişafına problemlər yaratdığına görə tənqid edib. Ancaq mən dəfələrlə demişəm ki, Qərblə Azərbaycan arasında əsas problem insan haqları məsələləri ilə yox, rəsmi Bakının Kremllə yaxınlaşmaq cəhdləri ilə bağlıdır. Azərbaycanın Rusiyaya yaxınlaşması Qərbin geosiyasi, praqmatik, enerji maraqlarına təhlükə yaradır.

“Paris terrorunu 11 sentyabrdan başlanan prosesin növbəti mərhələsi kimi qiymətləndirirəm”


Siyasətin çirkinliyi də elə bundadır. Sözlə niyyət tamamilə fərqli olur. Qərblə Rusiyanın münasibətlərini gərginləşdirən yalnız Ukrayna, Krım məsələsi deyil. 2008-ci ildə Rusiya Gürcüstanın iki subyektini – Abxaziya və Osetiyanı əlindən alanda Qərbin heç reaksiyası olmadı. İndi də Qərbi narahat edən məsələ Rusiyanın Krımı ilhaq etməsi, Ukraynanı parçalamaq cəhdi yox, Moskvanın hegemonluq iddiası idi. Rusiya geosiyasi inqilab edərək ABŞ-ın liderliyini şübhə altına qoyurdu. Həm Avropaya öz təsirini gücləndirmək istəyirdi, həm enerji silahından bütün cəbhələrdə istifadə etmək istəyirdi. İndi Qərb Rusiyanı bu iddialardan geri çəkilməyə məcbur edir. Qərb Rusiyanın güclü dövlət olması ilə razılaşır. Qərb Kremlə anlatmağa çalışır ki, “20-liy”ə, “8-lik”ə daxil olsa da, bundan çox iddiaları olmamalıdır. Pərdəarxası danışıqlarda yenə də dünyanı təsir dairələrinə bölmək məsələsi qoyulur. Qərbin bu məsələdə üstünlüyü ondadır ki, sanksiyalarla Rusiyaya güclü basqı göstərə bildi. İndiki mərhələdə Qərbin, o sıradan Vaşinqtonun məqsədi əvvəlki prioritetlərə qayıtmaqdır. Bu prioritetlər də Yaxın Şərqlə, müsəlman aləmi ilə bağlıdır. İndi həmin bu proseslərə Avropanın aparıcı ölkələri qoşulur, faktiki olaraq Fransa bu məsələdə lider rolunu oynayır.

- Avropanı müsəlman amili nədən bu qədər çox narahat edir?

- Avropa müsəlman faktorunun genişlənməsini öz mədəniyyətləri, sosial həyatları üçün çox təhlükəli sayırlar. Düşünürəm ki, yaxın zamanlarda ardıcıl olaraq Qərb ciddi siyasi addımlar da atacaq. Artıq Fransa parlamentində radikal İslama qarşı çağırışlar səslənir. Yaxın zamanlara qədər isə Qərb bu addımları terrorizmə qarşı mübarizə kimi qələmə verirdi. Radikal İslam harada başlayır, harada qurtarır? Bunun sərhədlərini müəyyən etmək son dərəcə çətindir. Aydın olan odu ki, Qərb radikal İslamla mübarizə adı altında müsəlmanlara yönəlik miqrasiya siyasəti sərtləşdiriləcək, müsəlmanların haqları pozula bilər. Çox təhlükəli bir dönəm başlayır.

- Siz sivilizasiyaları savaşı dediniz. İslam aləmi bu yanaşmanı qəbul etməyərək iddia edir ki, müsəlmanlar Xristian dünyasına qarşı yox, əksinə, xristianlar İslam dünyasına qarşı fəaliyyətdədir. Sizcə, sivilizasiyaların savaşı indi dünyada baş verənlər üçün doğru seçilən ifadədirmi?

“Bir sıra radikal qruplaşmalar var ki, onları siyasi səhnəyə İslam dini yox, məhz Qərb, konkret olaraq Vaşinqton gətirib”


- Bu terminin ola bilsin daha optimal variantı tapıla bilərdi. Ancaq konflikt var – bu, danılmazdır. Müsəlman dünyası sürətlə inkişaf edir. Söhbət yalnız demoqrafik inkişafdan getmir. Avropada da müsəlman icmaların tərkibi genişlənir, onların təsiri artır. Daha qlobal baxdıqda isə İslam dünyasının dünyadakı problemlərə təsiri çoxalır, müsəlman ölkələri iqtisadi-sosial cəhətdən yüksəlir. Belə bir şəraitdə Hantinqtonun nəzəriyyəsində deyildiyi ki, bu konflikt gec-tez ortaya çıxmalı idi. Əsas təhlükə yaradan bir məsələ var – Vaşinqton həmin o nəzəriyyədən iki cür davranış modeli yarada bilərdi. Birincisi, konflikt varsa, onun qarşısını almağa çalışa bilərdi. Bu, tamam fərqli siyasət tələb edəcəkdi. Bu siyasət nəticəsində İslam dünyasındakı ölkələrdə demokratiyanın inkişafına gerçəkdən dəstək verilə, iki sivilizasiya bir-birinə yaxınlaşdırıla bilərdi. Ancaq biz bunun əksini gördük. Sanki ABŞ, eləcə də bir sıra aparıcı Qərb ölkələri çoxsaylı konfliktlər yaratmaq, onları idarə etmək, bu konfliktlərdən faydalanmaq siyasəti yürütdülər. Bu niyyət 11 sentyabrdan sonrakı proseslərə bir hərəkətlilik verdi. ABŞ Əfqanıstana, İraqa daxil oldu, ardınca ərəb inqilabları yaşandı. Ona görə də mən Paris terrorunu 11 sentyabrdan başlanan prosesin növbəti mərhələsi kimi qiymətləndirirəm.

- Zəfər bəy, sizcə bu proses Azərbaycan necə təsir edəcək? Qərb analitikləri son günlər dəfələrlə bildirib ki, Ukraynadan çəkildikdən sonra Kremlin əsas hədəfi Azərbaycan olacaq.

- Bu məsələyə iki cür yanaşmaq ola bilər. Bir tərəfdən Rusiya ilə Qərb bir sıra məsələlərdə anlaşaraq gərginliyi götürürlərsə bu proses postsovet məkanına da təsir edəcək. Bu, Azərbaycanı təhlükəli manevr imkanlarından nisbətən azad edə bilər. Çünki Rusiya ilə Qərb öz aralarında konsensusa gəlir, dil tapırlarsa onda Azərbaycanın ya Qərblə, ya da Rusiya ilə konflikt yaratmasına nə ehtiyac var? Balanslaşdırılmış siyasi xətti yürütmək üçün bu, çox uyğun bir şərait olar. Bu baxımdan Azərbaycan üçün xeyri ola bilər. Strateji baxımdan isə Azərbaycan müsəlman dünyasının bir hissəsidir. Ümumilikdə müsəlman dünyasına qarşı basqılar güclənsə, problemlərin sayı artacaqsa Azərbaycan dünyəvi dövlət olmasına baxmayaraq daim biz də seçim qarşısında qalacağıq. Demirəm bu gün, ola bilər, sabah, birigün. Ancaq proses bu cür davam etsə, Azərbaycan çətin bir geopolitik dönəmə daxil ola bilər.

- Sizcə, bu prosesdə Azərbaycan kimin yanında yer almalıdır – Qərbin, yoxsa, Qərbin basqısı ilə üzləşər İslam dünyasının? Məsələn, bu prosesdə Azərbaycanda radikal qruplaşmalara qarşı mübarizənin güclənəcəyi gözləniləndirmi?

- Bir sıra radikal qruplaşmalar var ki, onları siyasi səhnəyə İslam dini yox, məhz Qərb, konkret olaraq Vaşinqton gətirib. Əl-Qaidəni kim yaradıb? İndiki günə qədərə bəlli deyil ki, İŞİD-i deyilən fenomeni kim yaradıb, kim onlara geniş maliyyə, silah ayırır? Təbii, radikal İslam Azərbaycan üçün heç zaman seçim ola bilməz. Fikrimcə, bundan sonra da Azərbaycan hakimiyyəti bu cür radikal, silahlanmış, ekstremist qruplaşmalara qarşı mübarizəni davam etdirəcək.

Ancaq o sərhədlər çox incədir. Avropada terrorla mübarizəni radikal İslamla eyniləşdirdiklərinə görə, sabah radikal sözü də götürülsə, demək, Qərb İslamla mübariz aparacaq. Bu cür mübarizə Azərbaycan üçün də təhlükə yaradır. Azərbaycan öz mədəniyyətindən, öz tarixindən, öz dinindən heç bir zaman imtina etməməlidir. Bu baxımdan da Azərbaycan həm İslam dünyası, həm də bizim ən yaxın dost, qardaş ölkə olan Türkiyə ilə bir çox addımlarını bir çox məsələlərdə koordinasiya edib eyni mövqedən çıxış etməli olacaq.

Aygün Muradxanlı /musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.