“Ərdoğan çevriliş haqqında düşünən generallara və Gülən hərəkatına elə zərbələr endirdi ki...”

15-01-2015, 16:38   
“Ərdoğan çevriliş haqqında düşünən generallara və Gülən hərəkatına elə zərbələr endirdi ki...”
Elxan Şahinoğlu: “Türkiyə prezidenti Salvador Alyende olmağa da hazırdır – təki iqtidarda qalsın”; “Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Türkiyə baş nazirinin müavini Bülənt Arınçın “iyunda bizi devirmək istəyirlər” açıqlamasını real məlumatlara istinadən ifadə olunan narahatlıq sayır
“İndiki hökuməti devirmək üçün bəzi qüvvələr əl-ələ verib. 30 mart, 10 avqust seçkilərinə təsir etmək istədilər, alınmadı. İndi də iyun ayında keçiriləcək parlament seçkisinə qədər çevriliş etməyi planlaşdırırlar”. Türkiyə baş nazirinin müavini Bülənt Arınçın ötən həftəsonu verdiyi bu açıqlama Türkiyə gündəmində ciddi müzakirə edilməkdədir.

Mediaya açıqlamasında AKP-yə qarşı gizli niyyətləri olan güclərin heç zaman bağışlamayacağını bildirən Arınç Gülən hərəkatını hədəf alıb: “Bir il öncəyə qədər hər sahədə yardım və dəstək verdiyimiz insanlar, hətta bizimlə birlikdə olduqlarını düşündüyümüz bəziləri indi AKP-yə qarşı birləşib. Türkiyə hökuməti bu güclərə rəvac verməyəcək, onları bəlli bir mərtəbəyə yüksəldən AKP-yə qarşı xəyanətlərini əsla əfv etməyəcək”.

AKP iqtidarının dilə gətirdiyi narahatlığı “Yeni Müsavat”a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Rəcəb Tayyib Ərdoğan prezident seçiləndən sonra “Hizmət” hərəkatına ağır zərbələr vursa da, hərəkatın əks həmlələr yetirmək istəyi gözləniləndir. Onların uğur qazanma şansı isə ekspertə görə, yoxdur: “Türkiyə dinamik ölkədir, hər an hər şey baş verə bilər. Məsələn, kim gözləyə bilərdi ki, məhkəmə təkbaşına hökumət quran, iqtidar partiyası olan AKP-nin qapadılması haqqında qəfil qərar çıxara bilər. Və ya dünənə qədər AKP-nin müttəfiqi olan Gülən hərəkatı Ərdoğanı yıxmaq üçün bütün vasitələrini işə salar.

Bütün bunların hamısı Türkiyədə baş verir və hələ ki, bu cür təlatümlər Ərdoğan və onun partiyasını zəiflətmir, əksinə, o, bu mübarizədən daha da güclü çıxır. Bülənt Arıncın “yayda bizi devirəcəklər” açıqlamasının reallığa söykəndiyini söyləmək mümkündür. Görünür, hakim partiyanın əlində gizli kəşfiyyat məlumatları var. AKP ön addımlar ataraq bu yolla kimliyi bəlli olmayan qarşı tərəfin planlarını pozmaq istəyir. Ancaq hətta Bülənt Arınc preventiv addım ataraq cəmiyyəti çevriliş barədə xəbərdar etməsəydi belə növbəti “Ərdoğanı devirmək planı”nın uğur qazanacağını söyləmək çətindir. Son 10 ildə Ərdoğanı kimlər devirə bilərdisə, onlar zəiflədilib. Ərdoğan çevriliş haqqında düşünən ordu generallarına və Gülən hərəkatına elə zərbələr endirdi ki, çətin ki, onlar bir daha bu mövzuya qayıtsınlar”.

Elxan Şahinoğlu bildirir ki, AKP-nin devrilməsində yalnız Gülən hərəkatı maraqlı deyil. Ərdoğanı zəiflədə biləcək daha iki qüvvə qalır – PKK və xarici qüvvələr: “Məsələn, PKK “danışıqlar nəticə vermir” arqumentini bəhanə edərək Türkiyədəki tərəfdarları vasitəsilə növbəti qətliamlara və sərhəddə təxribatlara start verə bilər. Növbəti əsgər tabutları isə Ərdoğana qarşı tənqidi səsləri artıracaq. Ancaq PKK-nın da Ərdoğanı zəiflədə biləcək gücdə olduğunu zənn etmirəm. Pis-yaxşı məhz Ərdoğan “kürd məsələsinin” həlli üçün qollarını çırmaladı və Türkiyə ictimaiyyəti, o cümlədən kürdlərin böyük əksəriyyəti bunu unutmurlar. Ona görə də ictimaiyyət və dəyişikliklər arzusunda olan kürdlər PKK-nın “qətliama davam” ssenarisinə dəstəkləməyəcəklər. Bu amil isə Ərdoğanın lehinə işləyəcək. O ki qaldı, xarici qüvvələrə, bəli, Ərdoğan hakimiyyətinin zəifləməsində maraqlı olan xeyli kənar güc var. Onlar istəyərdilər ki, Ərdoğan siyasi arenanı tezliklə tərk etsin. Ancaq bunun üçün onların əlində hansı alətlər var? Türkiyə Rusiya deyil ki, neft və qaz satışından asılı olsun və ABŞ-la Səudiyyə Ərəbistanı sövdələşərək enerji qiymətlərini süni surətdə endirməklə Putinin çöküşünü sürətləndirdikləri kimi Ərdoğanın da sonunu yaxınlaşdırsınlar”.

Elxan Şahinoğlu düşünür ki, Ərdoğanın hakimiyyətini zəiflədəcək yeganə amil iqtisadiyyat ola bilər: “Əgər Türkiyə iqtisadiyyatında tənəzzül başlayarsa, sosial problemlər artarsa, aydındır ki, bu, cəmiyyətin narazılığına səbəb olacaq. Günahkar axtarışında isə əsas hədəf prezident Rəcəb Tayyib Ərdoğan və AKP olacaq. Bu halda haqqında danışılan çevriliş üçün müəyyən zəmin yarana bilər. Ancaq bu gün Türkiyə iqtisadiyyatı keçmiş illərdən fərqli olaraq möhkəmdir, kənar təsirlər və daxili təlatümlər çətin ki, onun dayanıqlığına ciddi təsir etsin. Çevriliş haqqında düşünənlər onu da anlamalıdırlar ki, onların əməlləri Türkiyəyə xeyir gətirməyəcək. Türkiyə Cümhuriyyəti tarixində bir neçə çevriliş olub, ali məqsədlərlə baş nazirləri devirənlər ölkəni daha çox problemlər məngənəsinə sürükləyiblər. Üstündən onilliklər keçdikdən sonra Türkiyə indi də bu çevrilişlərin təsirlərini aradan qaldırmaqla məşğuldur. Vaxtilə baş nazir Adnan Menderesi dar ağacından asan ölkə keçmiş yanlışlığının acısını yaşayır”.

Ekspert Türkiyə hakimiyyəti devirməyin çox çətin olmasını həm də prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi keyfiyyətlərinə bağlayır: “Ərdoğan hakimiyyət hərisidir. Hətta daxili və xarici təsirlər artsa belə, o, prezidentlik müddətini tamamlamayana qədər yüksək kürsünü tərk etməyəcək. Ərdoğan Çilinin mərhum dövlət başçısı Salvador Alyende kimi hərbi çevrilişə qarşı müqavimət göstərib həlak olmağa üstünlük verər, nəinki kiminsə diqtəsi ilə hakimiyyəti tərk etməyə. Ərdoğanı və onun partiyasını yalnız və yalnız seçki yolu ilə dəyişmək olar. Doğrusu və demokratik cəmiyyətə xas olan da elə budur”.://musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.