Konqresmen Azərbaycanla bağlı daha yüksək səviyyəli dinləmələrə çağırdı

16-01-2015, 01:21   
Konqresmen Azərbaycanla bağlı daha yüksək səviyyəli dinləmələrə çağırdı"Azərbaycan hökumətinin son hərəkətləri münasibətlərin möhkəmlənməsinə xidmət etmir"

ABŞ Nümayəndələr Palatasının üzvü, Palatanın Avropa, Avrasiya və Yeni yaranan Təhlükələr üzrə Altkomitəsinin sədri Dana Rohrabacher Azadlıq Radiosuna qarşı baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Azərbaycanın dünyanın şəksiz vacib hissəsində Amerikanın dəyərli müttəfiqidir. Ancaq hökumətin Azadlıq Radiosuna qarşı son hərəkətləri bu münasibətlərin möhkəmlənməsinə xidmət etmir. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbsi və daha sonra Azadlıq Radiosunun ofisində aparılan axtarış hökumətin azad media və ictimai fikri məhdudlaşdıran hərəkətləri sırasında sonuncudur".

"Mətbuat və ifadə azadlığı istənilən hökumətin vətəndaşları ilə əlaqə qurması və irəliləyişi zərbə altında qoyan korrupsiyanın əngəllənməsi üçün vacibdir. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa, Avrasiya və Yeni yaranan Təhlükələr üzrə Altkomitəsinin sədri kimi ümid edirəm ki, ABŞ-ın Azərbaycanla münasibətlərinə dair dinləmə keçiriləcək. Bu dinləmələr narahatlıq doğuran və əməkdaşlığın güclənməsinin vacib olduğu sahələrin müəyyənləşməsinə yardım edəcək".


"Hökuməti xanım İsmayılovanı azadlığa buraxmağa çağırıram. Belə bir hərəkət düzgün istiqamətdə addım və Azərbaycanın müsbət niyyətlərinin əlaməti olar". Konqresmen bəyanatını belə tamamlayır.

Dekabrın 5-də AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova həbs olunub. Radionun Bakı bürosunda dekabrın 26-da axtarış aparılıb, ofis möhürlənib. Daha sonra radionun onlarla əməkdaşı istintaqa çağırılıb (azadliq.org).

Beləliklə, yenə Azərbaycanla bağlı müzakirələrin keçirilməsi təklif olunur. Amma bu dəfə müzakirələrin Konqresdə olması təklif edilir. Konqresdə Azərbaycanla bağlı məsələnin müzakirəsi isə sanksiyalarla bağlı qərarın daha da yaxınlaşdığını deməyə əsas verir.

AXCP sədrinin müavini Fud Qəhrəmanlı bildirdi ki, yeni müzakirənin keçirilməsinin təklif olunması artıq onu göstərir ki, Azərbaycan-ABŞ münasibətlərində yaranan problem ötəri xarakter daşımır. Əgər Azərbaycan hakimiyyəti dəyişiklik istiqamətində addımlar atmasa, münasibətlərdəki gərginlik kritik həddə çatacaqdır: “ABŞ-da Azərbaycan hakimiyyəti haqqında yaranmış mənfi rəy artıq hakimiyyətin bütün qollarına sirayət edir. Konqresdə dinləmələrin keçirilməsi əvvəlkilərdən daha çox əhəmiyyət daşıyır. Yanvarda keçirilən dinləmələr daha çox Azərbaycanla bağlı ictimai rəyin ifadəsi üçün idi. Ancaq Konqresdə keçirilən dinləmələr ABŞ-ın Azərbaycan siyasəti ilə bağlı konkret addımların atılması ilə nəticələnə bilər. Sanksiyalarla bağlı qərarı məhz Konqres qəbul edə bilər. Azərbaycandakı problemlərlə bağlı müzaikrələrin Konqresə keçirilməsi dövlət səviyyəsində sanksiyaların tətbiqi ilə bağlı atılmış ciddi addımdır. Azərbaycan hakimiyyəti bundan ciddi nəticələr çıxarmalıdır”.



Fuad Qəhrəmanlı: «Konqresdəki dinləmələr ABŞ-ın Azərbaycan siyasəti ilə bağlı konkret addımların atılması ilə nəticələnə bilər»

F.Qəhrəmanlı dinləmələr Azərbaycanda vəziyyəti dəyişməyəcəksə, o zaman Azərbaycana qarşı sanksiya tətbiq oluna bilər. F.Qəhrəmanlının sözlərinə görə, hazırda bütün sərt tənqidlərə baxmayaraq yaranmış durumdan çıxış yolu var. Amma bunun üçün hakimiyyət mövcud siyasətindən imtina edərək insan haqlarına, demokratiyaya yanaşmasını dəyişməlidir. Amma proses belə davam edərsə, sonda Azərbaycan çətin duruma düşə bilər. “Zaman bu məsələdə kifayət qədər qiymətlidir. Hakimiyyət proseslərin ciddi xarakter daşıdığını və siyasi qərara çevrilmək üzrə olduğunu anlamalıdır”.

Xəyal azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.