Bakıda isterik ABŞ dinləmələri

16-01-2015, 10:49   
Bakıda isterik ABŞ dinləmələri
Vaşinqtonla qarşıdurma dərinləşir; hakimiyyət ölkəni təcridə aparır

Ideal insan tapmaq çətin olduğu kimi, ideal dövlət tapmaq da çətindir. Bütün ölkələrdə xoşagəlməz məqamlar, yanlış siyasi gedişlər tapmaq olar və bütün ölkələri tənqid etmək üçün səbəblər var. Amma insan hüquqları, demokratiya, qanunun aliliyi kimi anlayışlara hər bir dövlət həssas yanaşmalı və bu dəyərlərə hörmət etməlidir.

Azərbaycan hakimiyyəti isə fəaliyyətdə olduğu 21 il ərzində bütün tənqdilərdə qərəz, ikili standartlar, erməni izi axtarmağa çalışıb. Ancaq Azərbaycandakı insan haqlarının, mətbuat azadlığının, iqtisadi azadlıqların hansı səviyyədə olduğunu gizlətmək mümkün deyil. Hakimiyyət tənqidlərdən nəticə çıxarmaq əvəzinə “ən yaxşı nəticə tənqid edənlərə şər-böhtan atmaqdır” düşüncəsi ilə hərəkət edir.

Son dövrlər isə Azərbaycan-Qərb münasibətləri tamamən zədələnib və YAP hakimiyyəti bütün dünya ilə düşmənçilik siyasəti yürüdür.


ABŞ-la münasibətlərdə isə xüsusilə böhtan yaşanır və hakimiyyət bu ölkəni korrupsiyada, dini-irqi ayrı-seçkilikdə, insan hüquqlarını pozmaqda ittiham edir.

Artıq ABŞ-Azərbaycan münasibətlərində “tutuquşu” siyasəti həyata keçirilir. Belə ki, bir neçə gün öncə ABŞ-ın “Nyu York Times” qəzetində “Ilham Əliyevin iki üzü” adlı məqalə dərc olundu. Dərhal, “Azərbaycan” qəzetində “Obamanın iki üzü” adlı cavab məqaləsi yazıldı. Daha sonra ABŞ-da Azərbaycanla bağlı dinləmələr keçirildi və Azərbaycandakı vəziyyət kəskin tənqid olundu. Buna cavab olaraq ötən gün Bakıda ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş dinləmə keçirildi.

Belə çıxır ki, ABŞ Azərbaycana qarşı sanksiya tətbiq etsə, Azərbaycan da ABŞ-a qarşı sanksiyalarla çıxış edəcək. Onsuz də bizim hökumətimiz hisslərlə siyasət yürüdür və belə bir hal baş versə, təəccüblənmək lazım deyil.

Indi isə ötən gün Bakıda QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən dinləmələrə diqqət yetirək.

Dinləmədə ilk çıxışçılardan olan millət vəkili Azay Quliyev bildirib ki, ABŞ-da insan haqlarının vəziyyəti bərbaddır, dini-irqi ayrı-seçkilik hökm sürür, beynəlxalq prinsiplər kobud şəkildə pozulur.

Millət vəkili Zahid Oruc isə keçmişə ekskurs edib və Ceffersonu tənqid etməyə başlayıb: “Tomas Cefferson da insanların qanun qarşısında bərabər olduğuna dair qanun hazırlayanda özünün 200 qulu var idi”.

Tədbirdə çıxış edən politoloq Elman Nəsirov isə bildirib ki, hazırda ABŞ dünya ölkələrinə səfir göndərmək üçün müəyyən məbləğ təyin edib: “Amerikalı tədqiqatçılar araşdırıblar ki, ən bahalı səfir yerləri Fransa və Monakodadır. Ora səfir getmək üçün 6 milyon rüşvət ödəmək lazımdır”.

Millət vəkili Qüdrət Həsənquliyev “Azadlıq” radiosunu hədəf seçib və radionun yuxarıdan idarə edildiyini, ABŞ ideologiyasının təbliğatını apardığını bildirib.

Diqqət edirsinizsə, hakimiyyət təmsilçiləri Azərbaycana qarşı irəli sürülən ittihamları ABŞ-ın özünə yönəldiblər. Bugün bütün dünya insan haqlarının pozulmasına, korrupsiya faktlarına görə Azərbaycanı qınaq obyektinə çevirib. Hakimiyyətin isə arqumenti olmadığı üçün “sən özünsən” ritorikası ilə danışır.

Dinləmədə çıxış edənlərin heç biri Azərbaycana qarşı ittihamların əsassız olduğunu sübut edə bilməyiblər, heç buna cəhd də etməyiblər. Məhz bunun göstəricisidir ki, Zahid Oruc Ceffersonun qullarından, Elman Nəsirov ABŞ-dakı səfir qiymətlərindən söhbət açıb.

ABŞ-da səfirlərin rüşvətlə təyin olunduğunu təsdiq edən heç bir fakt məlum deyil. Azərbaycandakı rüşvət faktlarını isə saymaqla bitmir. Mandat alverindən tutmuş, “kürü diplomatiyası”na qədər bütün “qabiliyyət”lər aşkar olundu. Bu ölkədə seçkidən öncə seçilən adamların siyahısı müəyyənləşir, bu ölkədə seçkiyə start verilməzdən öncə seçki qutuları dola bilir. Politoloq ABŞ-ı elə əməldə ittiham edir ki, bu əməl Azərbaycan hakimiyyətinin həyat prinsipidir.

Görünür, Elman Nəsirov hakimiyyət bulağından su içdiyinə görə ABŞ-dakı təhsil, səhiyyə, hüquq, söz azadlığı kimi dəyərləri deyil, rüşvət hallarını araşdırmaq zərurəti hiss edib.

Ceffersonun qullarına gəlincə, Zahid müəllimin bu qədər keçmişə getməsinə ehtiyac yox idi. Çünki, 2015-ci ildə Azərbaycan vətəndaşı qul vəziyyətinə salınıb, qul bazarlarında minlərlə insan iş axtarır, müəllim, həkim, təqaüdçü qul puluna möhtac qalıb, 41 dərəcə istidə fəhlə məcburən işlədilir və s.

Tutaq ki, ABŞ-da insan haqları pozulur. Bu əsas verirmi ki, Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarını şərləyərək həbs etsin? Hansı Qərb ölkəsində prezident çıxış edərək müxalifəti “ünsür”, “vətən xaini” adlandırır, hansı ölkədə ictimai-siyasi fəalların cibinə narkotika atıb həbs edirlər, hansı sivil ölkədə müxalifət partiyasının qərargahını partladırlar? Ölkənin ziyalı kəsimini, intellektual gəncliyini, jurnalistlərini şərləyib həbs etməyə necə haqq qazandırmaq olar?

Bakıda ABŞ əleyhinə dinləmələrin keçirilməsi o qədər gülüncdür ki, heç bir ekspert bu məsələyə münasibət bildirmək istəmir.

Ümumiyyətlə, Azərbaycan hakimiyyəti bu dinləmə ilə nəyə nail olacaq? Bəlkə, hakimiyyətin ABŞ-ı məhv etmək planı var?

Ümumi mənzərə bir daha göstərir ki, hakimiyyət sivil dünyanın cərgəsinə qoşulmaqdan uzaqdı və bütün vasitələrlə Azərbaycanı dünyadan təcrid edir.

Akif azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.