AŞ PA-nın qarşıdan gələn sessiyasında ölkəmizlə bağlı qəti qərarlar verilə bilər
Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası öz işinə başlayacaq. Redaksiyamıza daxil olan məlumata görə, hakimiyyət bu sessiyadan ciddi narahatdır. Çünki sessiyada Azərbaycanla bağlı ciddi müzakirələrin olacağı gözlənilir.
Iddialara görə, sessiyada Azərbaycanda insan haqlarının vəziyyəti, jurnalistlərin, QHT nümayəndələrinin, siyasilərin repressiyaya məruz qalması, Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi və s. bu kimi məsələlər əsas müzakirə mövzusu olacaq. Bildirilir ki, müzakirələrin nəticəsi olaraq Azərbaycanla bağlı qəti qərarların veriləcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Ispaniyanın paytaxtı Madriddə keçirilən toplantıda AŞ PA-nın sədri Anna Broşur demişdi ki, bəzi ölkələrin Avropa Məhkəməsinin qərarlarını icra etməməsi xoşagəlməz vəziyyət yaradır və bu problemin aradan qaldırılması üçün ciddi tədbirlər görməyə ehtiyac var. Məlumat üçün deyək ki, Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin sabiq səhiyyə naziri Əli Insanov və REAL Hərəkatının sədri Ilqar Məmmədovla bağlı qərarlarını icra etmir.
Bundan başqa AŞ PA-nın katibi Torbörn Yaqland da bir müddət əvvəl Azərbaycan hakimiyyətini sərt tənqid etmişdi. Yaqland hətta Böyük Britaniyanı Azərbaycanda insan haqları ilə bağlı yaranmış kritik vəziyyətə ciddi yanaşmağa çağırmışdı.
Bu baxımdan hakimiyyət fərqindədir ki, qış sessiyasında Azərbaycanla bağlı kritik müzakirələr olacaq.