“Erməni siyasətçilərinin vəzifəsi odur ki, hazırda mövcud olanı qoruyub saxlasınlar. Ermənistanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü onun mövcudluq şərtidir”.
Musavat.com-un məlumatına görə, bu sözləri erməni saytına müsahibəsində Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq, “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin söyləyib.
Duqinin qənaətincə, İrəvanın ayrı yolu sadəcə yoxdur.
“Ermənistanın mövcud olması üçün bu qurumlarda qalması vacibdir. Çünki bunun əksi mövcudluğun aradan qalxmasıdır. Mən Ermənistan deyəndə Dağlıq Qarabağı da nəzərdə tuturam. Əgər hansısa ultimatum vermək cəhdlərində bulunularsa, o zaman Ermənistanın varlığı məsələsi qoyulacaq” – deyə moskvalı ekspert vurğulayıb.
Musavat.com