İrəvan şəhər Ağsaqqallar Şurasının Anastas Mikoyana heykəl qoymaq qərarı İrəvanda qalmaqal yaradıb.
Kommunist dövrünün partiya və dövlət xadimi, 26 Bakı komissarından biri olan Mikoyana heykəl qoymaq qərarı İrəvan merinin sədrliyi ilə aprelin 30-da keçirilən iclasda verilib.
Qərarı əsaslandıranlar bildirirlər ki, Mikoyan keçən əsrin 20-ci illərində “inqilabi fəaliyyət göstərib”, “Böyük Vətən müharibəsi illərində sovet ordusunun təchizatı ilə məşğul olub”. Ancaq əsaslandırmada 30-cu illər haqda heç nə deyilmir.
Ağsaqqallar Şurasının 4 üzvü heykəl qoymaq qərarının əleyhinə çıxıb. Onlardan biri - hakim partiyanın üzvü, Ermənilərin Soyqırımı Muzey-İnstitutunun direktoru Ayk Demoyan bildirib ki, mübahisəli həyatı olan bir şəxsə İrəvanda heykəl qoyulmasının əleyhinədir. O, Mikoyanın 1937-1938-ci illərdə imzaladığı sənədə istinad edir ki, orda Mikoyan daha çox erməninin güllələnməsini və həbsini təklif edir. Demoyanın sözlərinə görə, Mikoyanın təklif etdikləri arasında minlərlə siyasi xadim və ziyalı var idi.
Son vaxtlar internetdə yerləşdirilmiş bir sənədə görə, o vaxtkı daxili işlər naziri Yejov Stalinə Xalq Komissarları Sovetinin sədr müavini Mikoyanın xahişini çatdırır. 1937-ci il, 22 sentyabr tarixli sənəddə Mikoyan Stalindən Ermənistanın antisovet elementlərdən təmizlənməsini xahiş edir və bu məqsədlə 2000 erməninin güllələnməsini təklif edir.
Ağsaqqallar Şurasının mədəniyyət və təhsil komissiyası isə Mikoyana heykəl qoyilmasına müsbət rəy verib. Komissiyanın sədri Tamar Pogosyan deyir ki, Mikoyanın həyatında Ayk Demoyanın dediyi faktların olması barədə onlarda məlumat yoxdur.
Ermənistanın Milli Arxivinin direktoru Amatuni Virabyan isə deyir ki, Stalin repressiylarında Mikoyanın bilavasitə rolu haqda çoxlu sənəd var: “Məsələn, İrəvandan Moskvaya teleqram var ki, Ermənistanda 500 adamın həbsi azdır, bu rəqəmi 1000-ə çatdırmaq lazımdır. Moskva isə sonra bunu 1500-ə çatdırır. Və yaxud məhkəmələr təşkil edib göstərmək ki, xalq düşmənləri iqtisadiyyata ziyan vurur. Mikoyanın imzası olan belə sənədlər çoxdur”.
A.Virabyan hesab edir ki, 1937-ci ilin repressiyasında iştirak edən adamlara heykəl qoymaq lazım deyil.
Mikoyana heykəl qoymaq Ermənistanda niyə məhz bu gün aktuallaşıb?
“Salam, İrəvan” fraksiyanın üzvü Anahit Baxşıyan deyir ki, “bu gün elə məmur imici formalaşdırılır ki, yuxarılar güllələmə siyahısı hazırlasa, bunun da altına imza atmağa hazır olsun” ("Azadlıq" radiosu).