Oliqarxlar sanksiyalardan narahat olduğu üçün kampaniyaya qarşı çıxır
Hakimiyyət daxilində anti-ABŞ kampaniyasına münasibət birmənalı deyil. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbə məlumat verib. Mənbə bildirib ki, xüsusilə oliqarxlar anti-ABŞ kampaniyasının əleyhinədir. “Bu onların ABŞ-la eyni mövqedə olmasından irəli gəlmir. Oliqarxlar sadəcə qarşıdurma dərinləşdiyi və hakimiyyətə sanksiyalar tətbiq olunması reallaşacağı təqdirdə ilk olaraq onlara zərbə dəyəcəyini düşünür”, - deyə mənbə bildirib.
Mənbə bildirib ki, oliqarxlara yaxın deputatlar, QHT nümayəndələri və media orqanlarının da bu məsələdə öndə görünməməsi bundan irəli gəlir.
Qeyd edək ki, ABŞ-ın Azərbaycan hakimiyyətinə insan haqlarına hörmət etmək barədə çağırışları Bakı ilə Vaşinqtonun münasibətlərində gərginlik yaradıb. Bu gərginlik ABŞ-ın nüfuzlu nəşri olan “New York Times” qəzetində “Azərbaycan prezidenti Ilham Əliyevin iki üzü” başlıqlı məqalədən və ABŞ dövlət katibinin keçmiş müavini Devid Kramerin “Azadlıq” Radiosuna son müsahibəsindən sonra daha şiddətlənib. “New York Times”a cavab olaraq rəsmi dövlət qəzeti olan “Azərbaycan”da “Barak Obamanın ikiüzlüyü” başlıqlı dərc olunub. Məqalədə ABŞ prezidentinin ünvanına kəskin ittihamlar səsləndirilib. Bundan başqa yanvarın 15-də hakimiyyətin nəzarətində olan QHT-lərin təşkilatçılığı ilə ABŞ-la bağlı dinləmələr təşkil edilib.