Daxili işlər nazirinin indidən «sabitliklə» bağlı hədə-qorxu gəlməsinin pərdəarxası
Daxili Işlər Nazirliyində Daxili Qoşunların 2014-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Modern.az-ın xəbərinə görə, müşavirədə çıxış edən naziri Ramil Usubov bu il baş tutacaq I Avropa Oyunları və parlament seçkiləri ilə əlaqədar, Daxili Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda keçirilməsinin, bu zaman qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarınınn layiqincə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.
Ramil Usubov ölkə başçısı Ilham Əliyevi əmin edib ki, Azərbaycanda daxili sabitliyi, əmin-amanlığı pozmaq istəyən qüvvələrin qarşısı qətiyyətlə alınacaq.
Ramil Usubov adətən belə bəyanatları müxalifətin mitinqlərindən bir neçə gün əvvəl verirdi. Amma yaxın bir neçə həftədə hər hansı kütləvi tədbir gözlənilmir. Parlament seçkilərinə də hələ xeyli var. Yəni, siyasi ehtiraslar hələ qızışmayıb. Bəs Ramil Usubov niyə indidən hədə-qorxu bəyanatı səsləndirir?
Redaksiyamıza daxil olan məlumata görə, Ramil Usubovun indidən Ilham Əliyevi əmin etməsinin kökündə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı yaranmış vəziyyət dayanır. Ramiz Mehdiyev təxminən bir aydır ki, görünmür. Onun səhhətində ciddi problem yarandığı bildirilir. Ramiz Mehdiyevin müalicə üçün Avropa ölkələrindən birinə üz tutduğu deyilir. Bu, Ramiz Mehdiyevin komandasında narahatlıq yaradıb. Hakimiyyət dəhlizlərində gəzən söz-söhbətlərə görə, Ramiz Mehdiyev səhhətilə əlaqədar ümumiyyətlə işə çıxmaya bilər. Bu da rəqib qruplaşmaların onun komandasını sıradan çıxarmaq cəhdi daha da fəallaşmasını şərtləndirəcək. Ramil Usubov da bu komandanın əsas fiqurlarından biridir və hakimiyyətdə kifayət qədər güclü rəqibləri var. Məlumatda iddia olunur ki, bunun fərqində olan nazir bu bəyanatı ilə Ilham Əliyevə mesaj verir ki, o, hələ lazımlı adamdır. Yəni, bu bəyanat əslində Ramil Usubovun özünüqorunma instiktindən doğub.
azadliq.info