Yaxud, güvənilən dağların qar altında qalması
Mövcud hakimiyyətin siyasi təfəkkürü, idarəetmə forması, xarici siyasətdəki prioritetləri 21 il müddətində dəyişməz olaraq qalıb. Yəni hakimiyyət fəaliyyətinin bütün dövrlərində demokratik islahatlardan qaçmağa çalışıb, xarici əlaqələri yalnız iqtisadi müstəvidə möhkəmləndirmək istəyib və mövcud şərtlərdən sui-istifadə edib.
Amma artıq yeni mərhələ başlayıb və əvvəlki “sığınacaq”lar “şaxta”dan qorumur. Deməli, ya daha etibarlı sığınacaq tapmalı, ya da soyuqdan donmalısan. Indiki mərhələdə etibarlı sığınacaq Qərbə inteqrasiyada ifadə olunur. Mövcud siyasətin davamı isə “şaxta” vəd edir.
Bəs, yuxarıda qeyd etdiyimz yeni şərtlər nədə ifadə olunur və hakimiyyətin təzyiq riçaqları necə əldən çıxdı?
1-ci təzyiq vasitəsi və onun iflası
Hakimiyyət bütün dövrlərdə Qərbin demokratiya çağırışlarına məhəl qoymayıb və Rusiya faktorundan təzyiq vasitəsi kimi istifadə edib. Yəni dünyanın zəhmi ilə qarşılaşanda Rusiya tərəfə meyilləniblər və “məni sıxsan, qonşunun qapısına işıq salaram” təfəkkürü ilə siyasət yürüdüblər. Insafən bu siyasi fürsətcillik müəyyən mərhələlərdə hakimiyyətin köməyinə çatıb. Indi isə, Rusiya amili ilə dünyanı qorxutmaq, tankın qarşısını qar topası ilə almağa bənzəyir. Indi Rusiyanın özünə sığınacaq lazımdır və hər an bu ölkədə kataklizmlərin olacağı realdır. Yəni hakimiyyətin güvəndiyi dağlara qar yağıb. Belə bir məqamda Azərbaycanın Rusiyaya sığınmağı Qərbin qlobal maraqlarına zərbə vura bilməz və bu addım ümumi plana köklü dəyişiklik etmək zərurəti yaratmır. Batan gəmiyə yeni sərnişinlərin “pənah” gətirməsi, batıranların işinə ancaq yardım göstərə bilər. Deməli, hakimiyyətin uzun illərdən bəri istifadə etdiyi “qalxan”lardan biri sıradan çıxdı.
2-ci təzyiq vasitəsi və onun iflası
Hakimiyyət uzun müddət Qərbi həm də enerji amili ilə şantaj etməyə çalışıb. Bu enerji güvəni o həddə çatmışdı ki, “bizsiz heç bir layihə həyata keçə bilməz” şüarı yaranmışdı. Hakimiyyət komandası nefti atom bombası, sehirli çubuq kimi təsəvvür etməyə başlamışdı. Və bütün dünyanı bu “qəhrəman”la ram edəcəklərini düşünürdülər. Indi isə neftin qiymətdən düşməsi, alternativ neft məkanlarının tapılması, ABŞ-ın 44 illik qadağanı ləğv edərək neft satışına start verməsi, hakimiyyətin “qara qəhrəman”ını nokaut vəziyyətinə salıb. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin sonuncu müsahibəsi bu qənaəti bir daha təsdiqlədi: “Qlobal enerji bazarında baş verənlər fonunda Azərbaycan enerjisi 20 il əvvəl olduğu kimi əsas qüvvə deyil. Artıq enerji siyasət yox, ticarət məsələsidir”- deyə Kozlariç məqalədə yazır. Göründüyü kimi, hakimiyyətin Qərbə qarşı əsas təzyiq riçaqı olan enerji amili də sıradan çıxır və enerji vasitəsilə manevr limiti tükənir.
3-cü təzyiq vasitəsi və onun iflası
Iran faktoru da uzun illər Azərbaycan hakimiyyəti üçün manevr imkanı yaradıb və Qərb-Iran qarşıdurması Azərbaycanı cazibədar edib. Yəni Qərbin Iranla gərgin münasibətləri Azərbaycanın Qərb üçün regional əhəmiyyətini artırırdı. Indi isə hakimiyyət bu “dayağ”ını da itirib. Belə ki, Iran-Qərb münasibətlərinin normallaşması, Iranla nüvə sazişi perspektivi Azərbaycana olan ehtiyacı aradan qaldırır. Küsülülərin barışması, vasitəçilərə ehtiyacı sıfıra endirir. Deməli, Iran faktoru da sıradan çıxdı.
4-cü təzyiq vasitəsi və onun iflası
Ənənəvi təzyiq vasitələrindən biri də müharibə ab-havasının yaradılması idi. Belə ki, Qərb dünyası Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu bildirib. Hakimiyyət bu marağın daşıyıcısı olsa da müəyyən dövrlərdə “lazım” kartından istifadə edib və genişmiqyaslı hərbi əməliyyatlara start verəcəyinə işarə edib. Indiki mərhələdə isə bu “kart”ın istifadəsi, ümumiyyətlə, real görünmür. Əvvəla, hakimiyyət öhdəlik götürüb və böyük həvəslə olimpiya oyunlarına hazırlaşır. Belə bir mötəbər tədbirə ev sahibliyi edən ölkə, sabitliyin pozulmasını qətiyyən istəməz. Üstəlik, 2015-ci il seçki ilidir və hakimiyyət üçün böyük önəm kəsb edir. Yəni ictimai-siyasi hadisələrin cərəyan edəcəyi dönəmdə hakimiyyətin müharibə qərarı verəcəyi qətiyyən inandırıcı deyil və bütün dünya da bunun aydın dərk edir. Deməli, müharibə bəyanatları ilə həyəcanlandırmaq taktikası da əhəmiyyətsizləşir.
5-ci təzyiq vasitəsi və onun iflası
Bir məqamı da qeyd edək ki, hakimiyyət fürsət düşən kimi Azərbaycanın Əfqanıstanda həyata keçirdiyi missiyanı da Qərbə minnət kimi sırayır və bu prosesdə Azərbaycanın əvəzolunmaz rolunu qabartmağa çalışır. Belə ki, 1994-cü ildə Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub, Kosovo, Iraq və Əfqanıstanda alyansın sülhməramlı əməliyyatlarında iştirak edib. Indi isə ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatları başa çatdırıb. Hər iki ölkə hərbi bazalarını Əfqanıstan ordusuna təhvil verib. Ümumiyyətlə, Əfqanıstandakı proses yekunlaşmaq üzrədir və Azərbaycanın bu məsələdəki rolu bitib.
Nəticə
Bu faktlardan da aydın görünür ki, Azərbaycan hakimiyyətinin dünənə qədər yararlandığı təzyiq rıçaqları yararlılıq müddətini başa vurub. Indi dünyanın yeni arxitekturası cızılır və bu arxitekturada “özülsüz tikili”lərə yer yoxdur. Dünyanın yeni dizaynı demokratiya, insan haqları, qanunun aliliyini tələb edir. Bu standartlara cavab verməyən “tikili”lər söküləcək.
Ona görə də Azərbaycan hakimiyyəti köhnə “layihə”dən imtina etməli, yeni şərtlərlə silahlanmalıdır. Amma müşahidələrimiz göstərir ki, hakimiyyət köhnəliyin əsarətindən imtina etmək istəmir. Hakimiyyət repressiyalara üstünlük verir ki, bu da dünyaya təzyiq vasitəsi kimi keçərli deyil. Əksinə, özünütəcridə aparır.
Bir sözlə, hakimiyyət yanlış və “mövsümi” siyasi gedişlərlə özünü müdafiəsiz qoydu və fürsətləri daimi mənfəətə çevirə bilmədi.
İlham
.azadliq.info