Tanınmış vəkil: “Göz yaşı axıtmasam da, çox vaxt içimdə ağlamışam”; “40 ildir qaynayan hüquq qazanında... bişirəm”; “Hər bir halda kiminsə cibinə girmirəm”
““Yeni Müsavat”dan Sevinc xanım var, onun caynağından qurtula bilsəm, görüşərik”, “Jurnalist məni yaxalayıb bu şənbə günü, inanmıram o işi çatdıram...”
Müsahibə yerinə çatana qədər ən azı bir neçə nəfərlə telefon danışığında bunu dedi. Üstünə basa-basa həm də... Müsahibəyə, jurnalistlə söhbətə o qədər də sıcaq yanaşmadığını daha öncə də hiss etdirmişdi. Amma sağ olsun, xətir-hörmət, rica-minnətdən sonra... şənbə günü bir az hüquqdan, bir az məhbuslardan, azca da özündən danışmağa razılaşdı...
Özü demişkən, saçlarını türmə və məhkəmə yollarında ağartmış Elton Quliyevin musavat.com-a müsahibəsində də elə bu yollarda yaşananlardan bəhs etdik. Necə deyərlər, siyasi məhbus vəkili 2015-in Azərbaycanında nələr yaşayır, necə yaşayır, bizim görmədiyimiz nələri görür?
Şəhərdəki bir neçə yerdə görüş təyin etsək də, hər birindəki səs-küy oradan vaz keçməyimizə səbəb olur. Hamının eşitməsini istəmədiyimiz mövzulardan danışacağımız üçün söhbət məkanı da nisbətən sakit bir yer olur. Uzun axtarışlardan sonra məkan seçilir, bəyənilir və Elton bəy başlayır danışmağa...
-Elton bəy, niyə mətbuata az çatımlı müsahiblərdənsiz? Baxmayaraq ki, son illərin ən səsli-küylü məhkəmə işlərində iştirak edirsiz, hər gün jurnalistlərlə qarşılaşırsız. Amma son dövr üçün sizin geniş müsahibələrinizə rast gəlmək mümkün deyil. Elə məhkəmələrdən çıxanda da xəsisliklə bir-iki kəlmə deyib, gedirsiz. Niyə? Mətbuatımı sevmirsiz, danışmağın effektinəmi inanmırsız, ya gördüyünüz işləri saxlamağa üstünlük verirsiz? Bir neçə variant var cavab üçün....
- Bu haqda xüsusi düşünməmişəm. Belə alınır. Əvvəla, məhkəmədən dərhal sonra alınan açıqlamalar qısa olur. Məhkəmədə nə baş verdi, niyə belə baş verdi. Jurnalistlər məhkəmədə baş verəcəkləri əvvəldən planlaşdırmır, ona görə də sualların qoyuluşunda bəsitlik yaranır. “Nə deyə bilərsiz”, soruşurlar, çox şey demək olar, siz konkret nəyi bilmək istəyirsiniz... İkincisi, istintaq zamanı baş verənlərlə bağlı rəy bildirməyi düzgün hesab etmirəm. Tutaq ki, bir istintaq hərəkəti aparıldı, sən də bununla bağlı hansı addım atacağını bilirsən. Və bunu mətbuatda bölüşürsən. Qarşı tərəf də bundan agah olur axı. İstintaq bütün hərəkətlərini qapalı aparır, mən isə jurnalistlərin xətrinə dəyməyim deyə, öz fikirlərimi açıqlayıram. Hesab edirəm ki, bu düzgün deyil.
- Vəkilliyin qızıl qaydalarından biri də çox danışmaqdır. Danışmaq, özünü reklam etmək, bu üsulla həm də müştəri cəlb etmək... Bu mənada sizin susqunluğunuz bu qaydalara zidd deyil?
“O qanunsuzluq eləməkdən yorulmur, mən niyə qanunilik etməkdən yorulmalıyam ki?”
- Ola bilər. Amma mən heç düşünməmişəm ki, 2 qəzetdə şəklim getsin, məni görsünlər. Vallah mənim toplantılardan, televiziyadan, geniş çıxışlardan heç vaxt xoşum gəlməyib. Özümü reklam etmək ağlıma gəlməyib. İştirak etdiyim işlərin aktuallığı, ictimai maraq kəsb etməsi tanıtdırıb, mən istəməsəm də.
- Amma sizin də qəzetlərdə çox göründüyünüz vaxtlar olub. Hətta buna görə belə bir ifadə də yaranıb ki, “vəkillər qəzetlərin çörəyini yeyir”, - filan. Tanınmanızda, populyarlaşmanızda medianın rolu danılmaz faktdır axı...
- Şübhəsiz. Bu müsahibələrin tarixçısinə baxsaq, geniş müsahibələr 96-cı ildən başlayaraq olub. Baxıb analiz etsək, bunların daha çox media mənsubları ilə bağlı işlərlə əlaqəli olduğu aydın görünər. Qəzetlərin, jurnalların, onların rəhbərlərinin, ayrı-ayrı jurnalistlərin işlərinə diqqət daha böyük olduğundan, həmkarların suallarından və həcmli müsahibələrdən qaçmaq mümkün olmayıb. Digər işlərdə isə açıq məhkəmə prosesində kifayət sayda jurnalistlər iştirak edibsə, heç geniş sorğu-suallara ehtiyac olmur.
Jurnalistlər özləri hər şeyi görürlər. Amma bununla geniş mühasibələr öz işini görüb. Diqqət mərkəzinə düşmüşəm. Buna görə də bir-iki portret xarakterli müsahibələr məruz qalmışam. Sizin kimi bir jurnalist çıxır və adam onun caynağından qurtula bilmir (gülür).
- Elton bəy, siyasi məhbus vəkili olmaqla sıradan məhbusun vəkili olmaq arasında çox güman ki, böyük fərqlər var. Bu, kənardan da görünür. Sizin fikrinizcə, bu statusun fərqliliyi və çətinliyi nədədir?
- Sırf vəkillik baxımdan mənim üçün heç vaxt fərqi olmayıb ki, təmsil etdiyim şəxs kimdir. Mən bəzən siyasi mövqeyini, baxışlarını heç bölüşmədiyim, gördüyü işləri bəyənmədiyim adamların da hüquqlarının müdafiəçisi olmuşam. Çalışmışam ki, mənə ehtiyacı olan və inanan insanların etimadını doğruldam.
- Müdafiə edəcəyiniz şəxsi seçərkən nələrə diqqət edirsiz? Seçim edərkən mənəvi kriteriyalar – onun şəxsiyyəti, nə dərəcədə suçlu olması, siyasi görüşləri rol oynayır? Yoxsa ödəyəcəyi pul, onun vəkili olmanın gətirəcəyi populyarlıq və sairdir əsas?
- Əgər bir işdə insanın haqsız ittihamla üzləşdiyini görürəmsə və o adam müraciət edibsə, o işi diqqətlə öyrənirəm. Öncə ona fikir vermişəm ki, bu adama bu işdə nəylə kömək edə bilərəm? Görəndə ki, heç bir köməyim olmayacaq, “mənə ümid bağlama” demişəm. Lakin müsbət nəticəsinə 100 faiz əmin olduğum işlərdə də heç vaxt müvəkkilə tam əminlik verməmişəm.
“Vəkilin məhkəmədə uzun-uzadı şeir deməsini, poema oxumasıni görmüşəm”
- Amma siyasi motivli işlər çox fərqlidir. Xüsusən də Azərbaycan kimi ölkədə. İşə çıxdığınız gündən etibarın bir qayda olaraq onun nəticəsini təxmin edirsiz. Bunu bilə-bilə işə çıxmaq nədir bəs?
- Siyasi motivli işlər var ki, sən məsələnin kökündə siyasi ambisiyaların dayandığını bilirsən. Bunu nə ilə sübut edirsən? Mən heç bir vaxt heç kimə qiymət verməmişəm ki, bu, siyasi xarakterlidir. Çünki bu, hüquqşünas qiyməti deyil. Qarşımda duran vəzifə bu olub ki, həbsin, ya ittihamın qanuni və əsaslı olduğunu aydınlaşdırım. Məsələn, NİDAçıların həbsi, onlara verilən ittihamların hüquq müstəvisində olmadığını sübut edə bilmişəm. Ortaya çıxarmışıq ki, sübutların əldə edilməsində kobud pozuntulara yol verilib, ekspertizanın rəyi natamam, qeyri peşəkar və nəticə etibarilə yanlış, istintaqın gəldiyi qənaətlər isə məntiqsiz və qanunsuz olub. Yəni ortaya qoyulan dəlillərin heç biri qəti şəkildə gənclərə ittiham irəli sürülməsi üçün əsas verməyib. Həbs də, ittiham da hüquq müstəvisindən kənarda həyata keçirilib.
- Yəni, əsas odur ki, bu qanunsuzluğun sübutu tarixə düşsün, cəmiyyət bunu bilsin, hə?
- Bu qəbildən olan işlərdə əsas odur ki, ittihamın qeyri-hüquqiliyi sübut olunsun. Bəzən hakimlər özləri də bunu binadan kənarda etiraf edir. Amma rəsmi verilən qərar dəyişmir. Müdafiə etdiyim şəxslər də başa düşürlər ki, onların həbsi hüquq müstəvisindən kənardadır. Amma hansı müstəvidədir, özləri qiymət verə bilir. Vəkil kimi bunun siyasi və ya qeyri-siyasi olduğunu deyib ictimai fikri yönəltməyi düz hesab etmirəm.
- Xarici filmlərdə görürük. Vəkillər mantiyasını geyinib, prosesə çıxır, böyük şövqlə müdafiəyə girişir, andlılar məhkəməsi-filan... uğura gedən yolda böyük intuziazmla çalışır. Siz də sübutlar, ekspertizalarla bağlı araşdırma aparırsız, prosesə, türməyə gedib-gəlirsiz, əziyyət çəkirsiz. Amma nəticənin sonda uğursuz olacağını bilə-bilə. Don Kixotun yel dəyirmanı ilə savaşına bənzəmirmi sizin etdiyiniz? Ümidsizlik, pessimizm yaratmır?
- Yaratmır da. O qanunsuzluq eləməkdən yorulmur, biz niyə qanuniliyi tələb etməkdən yorulmalıyıq ki? Burda daha çox xarakter qarşılaşır. Biri haqqın, biri nahaqqın tərəfində duranda haqlı tərəf uduzsa da, mənəvi üstünlük qazanır. Həm də məşhur bir lətifədə deyildiyi kimi, proses özü maraqlıdır (gülür). Söhbət bilirsiz nədən gedir? Yəqin ki, məsələnin kökündə dayanan peşəyə hörmətdir.
Sən öz işini layiqincə yerinə yetirməlisən. Bayaq reklam məsələsinə toxundunuz. Əslində, vəkilin reklamı, antireklamı onların məhkəmədəki davranışı, özünü necə aparması və ən əsası, işinə münasibətidir. Vəkil durub məhkəmədə necə ağzına gələni danışa bilər? Mən vəkilin məhkəmədə uzun-uzadı şeir deməsini, poema oxumasıni, vəsatətlərinə epiqraflar yazmasını görmüşəm...
- (gülərək) Mən də görmüşəm... Meyxana deyəni də olub...
“Bizim haqqımızda yalandan yazırlar ki, o vəkilin qiyməti elədir-belədir... Yalandır...”
- 1 il 4 ay çəkən məhkəmədə də proses qurtarandan sonra durub deyir ki, bu gənc yazıqdı, cavandır, buna az iş verin. Deyirəm ki, yazıq-zad deyil, ona filan maddə ilə ittiham veriblər, bu maddə isə iki il əvvəl Cinayət Məcəlləsindən çıxarılıb. Başqa bir qanun düzgün tətbiq olunmayıb. Yerdə elə maddə qalır ki, o maddə ilə bu şəxsi elə məhkəmə zalından azad etmək olar.
- Amma vəkildə bir az da artistizm, publikanı ələ alma qabiliyyəti olmalıdır axı. Şeir-filan demək, diqqəti cəlb etmək...
- Təbii ki, ritorikada belə priyomlardan istifadə edilməsi, hətta Molla Nəsrəddindən lətifələr danışılması, kitabdan, həyatdan misallar gətirilməsi normaldır. Amma hər şey yerində olsa gözəldir.
- Tamam, keyfiyyətli müdafiə sizin işinizin əsasıdır. Amma dünyada qəbul olunmuş norma həm də budur ki, yaxşı vəkil həm də yaxşı pul qazanmağı bacarmalıdır. Azərbaycanda vəkillərin pul qazana bilməməsi barədə təəssürat var...
- Belədir.
- Heçmi pul qazana bilmirsiz? Siyasi işlərdə olduğunuz üçün məsələn...
- Vəkil fəaliyyəti xidmət sferasına aiddir. Siz saç, maşın ustasına gedəndə istəyirsiz ki, sizə yaxşı xidmət göstərsinlər. Yaxşı ustanın əməkhaqqı da yüksəkdir təbii ki. Amma hansı mütənasibliklə? Başlanğıc bir meyar olur ki, qiymətlər ordan müəyyənləşdirilir. Bu baxımdan Qərbdə vəkillərin xidmət haqqı burdakından fərqlənir.
- Burda dediyiniz qiymətlə razılaşırlarmı? Və ya həmişəmi razılaşırlar?
- Hər ikisi olur. Nəticədə əksər hallarda ortaq məxrəc tapılır.. Xidmət sferası imkana bağlı olan şeydir. Bizim haqqımızda yazırlar ki, o vəkilin qiyməti elədir, bu vəkilin qiyməti belədir-filan. Belə şey yoxdur. Preyskurant yoxdur. Bu, vətəndaşın imkanlarından, işin həcmindən və sairədən asılı olan məsələlərdir.
-Bəs nəyə görə sizin haqqınızda “pullu vəkil” imici yaranıb? Bəlkə Fərhad Əliyevin və bəzi oliqarxların işlərinə çıxdığınız üçün?
- Kiminsə işi imic yaratmaqdısa qoy yaratsın. İnsanların ağzı torba deyil ki, bağlayasan? Kim nə istəyir, danışır. Mən imkanlı adamların işinə bu gün də çıxıram. Amma hər bir halda kiminsə cibinə girmirəm.
- Sizə “məni müdafiə et” deyib, yüksək məbləğdə paralar, nələrsə təklif edib, rədd cavabı alanlar olub?
- Təbii ki...
- Ad çəkə bilərsiz?
- Yox. Etik deyil...
- “Yox”un məntiqi nə olub? Adamın personasını bəyənməmisiz, işi bəyənməmisiz, ya nə?
- Hamı kimi mənim də müəyyən prinsiplərim var. Elə işlər var ki, onlarla məşğul ola bilmirəm - narkotik alveri, adam oğurluğu, cinsi zorakılıq... Daxilən inananda ki, bu adam bu əməli törədib, o işlə məşğul olmuram.
- Bir çox vəkillərdən bunu eşitmişəm ki, vaxtilə çox yüksək vəzifədə olub da, sonradan türməyə düşənlər, özlərini cəmiyyətdə çox güclü göstərmiş şəxslərin dörd divar arasındakı halı çox acınacaqlı olur. Digərlərindən fərqli olaraq daha tez sınırlar, cılızlaşırlar...
““O qədər sinəsinə döyən insanlar görmüşük ki, ora düşəndə sarsılır, apatiya, panika yaşayır”
- Bu, insanların hansı statusa malik olmasından asılı deyil. Xarakter, iradə məsələsidir. Biz siyasi məhbus kateqoriyasına aid edilən insanların da o cür zəifliyini görmüşük. Bir vaxtlar çox böyük imkanlara malik olanların da zəiflədiyini, sındığını da görmüşük. Amma hər iki tərəfdən olan insanların çox mətin dayandığını, sınmadığı da çox olub.
- Bu gözlər nələr görüb? Ağlayanlar, yalvaranlar, psixoloji gərginlik keçirib, intiharın astanasına gələnlər...
- Bəli görüb. Çox şeylər görüb, özü də təsirsiz və fəsadsız ötüşməyib. Sədaqətli insanlar da görmüşəm, nankorlarla da rastlaşmışam. Bu taledir. Taleyimdən də razıyam. Ağlayanlar, yalvaranlar olub. Amma mərd-mərdnə duruş gətirənlər də az olmayıb. Bu ağlamaqla bağlı bir məsələni deməliy vacib sayıram. Bilirsiz, ağlamağı zəiflik əlaməti bilmirəm. Allah insanı yaradarkən, onun əmin-amanlığı üçündür yəqin ki, göz yaşı da verib. Göz yaşı elə bilirəm ki , insanın dərdini, ağrısını azaldır, dözə biləcək dərəcəyə endirir. Özüm həyatıma geriyə baxanda çox az hallarda ağlamışam, çox vaxt göz yaşı axıtmasam da, içimdə ağlamışam.
İnsan böyüdükcə də bir az kövrəkləşir. Yəqin ondandır. Amma bizim camaatın təsəvvürləridə ağlamaq ifadəsinin başqa anlamı da var. O ağlamağı nəzərdə tutmuram. Onu heç qəbul edə bilməmişəm. Yəni, daim gileylənməi, zarımağı, inildəməyi heç sevmirəm. Yalvaranları, sınanları, əyilənləri də çalışmışam qınamayım. Biz çox şeyləri bilmirik. Xüsusilə insanın işində baş verənləri. Səbəblər, tərəzinin gözünə qoyulanlar bizə bəlli deyilsə kimisə tənbeh etmək, ya mühakimə etmək məncə düz deyil. Fədakar insanların başqalarından da bu cür fədakarlıq gözləmək və tələb etmək haqqı olsa da, onlardan “bax belə olmalısan” tələbini etməyi düz deyil. Çünki hər kəs fərd olaraq öz həytını yaşayır öz yolunu seçib gedir. Biz də ya bəyənirik yanında oluruq, ya da bəyənmirik uzaqlaşırıq.
- Siz həm də psixoloq kimi davranmalısız da. Nə edirsiz bu situasiyalarda?
- Belə hallar da olur. Müvəkkilimin özünə də ailə üzvlərinə də başa salmağa çalışıram. Bunlar elə-belə ağarmayıb ki... (əliylə saçını göstərir-müəl.) Çox şey olub həyatda, çooxx... Tələbəliyimi saymasaq, hüquq qazanında 40 ilim keçib...
- 40 ildir “qaynayırsız”?
“Türməyə girib çıxdıqlarımı nəzərə alsaq, 8 il də mən içəridə yatmışam”
- Təxnini hesablamalarıma görə türmələrə girib çıxdıqlarımı nəzərə alsaq, onun 8 ilini də içəridə yatmışam. Ciddi desəm isə, 40 ilə yaxın müddətdir ki, qazan özü qaynayır, mən də içində bişirəm. Bir də görürsən qaynayanda sıçraya bilirsən, amma bir ayağın yenə qalır da (gülür). Demək, mən eyni zamanda bir təcridxanada qalan 4 nəfərin vəkilliyini edirdim. Və bunların üçü mənim beynimi ayrı-ayrı çürüdürdü. Bunlardan birini isə azadlıqdan tanıyırdım. Çox möhkəm adam olmasına baxmayaraq məni o qədər çürüdürdü ki...
Axırda qərar verdim ki, bunun yanına getməyim. Onsuz da hamının mənfi energetikasını yığıram. Ən ölüvay adam gəlirdi yanıma, dirçəlib gedirdi. Qərar verdim ki, bu adamın yanına getməyim, qoy fərqi görsün. 1 ay yanına getmədim. Bir aydan sonra yanına gəldim. Soruşdu ki, niyə gəlmirdin? Dedim, ağrılar var idi başımda. Dedi, həkimə getdinmi, nə dedi? Dedim, getdim, həkim dedi ki, başın hamilədir. Bu çaşıb qalıb, deyir necə? Dedim, başım hamilədir də, səndən... (gülür) Bu adam bir müddət yenə heç nə başa düşmədi, açıq tekstlə deyəndən sonra anladı, qucaqladı məni, üzr istədi-filan... Amma onunla eyni zamanda həbs olunmuş başqa birisi vardı. O adama hərdən mən qəzəblənirdim ki, a kişi, bir etiraz elə də, səni haqsız yerə tutublar axı. Deyirdi ki, məni bu adamlar tutmayıb axı... Allah da bu adamların əli ilə tutub, onları bir az da artıq günaha batırıb. Amma mən həbsimi Allah tərəfindən mənə qoyulan bir sınaq kimi qəbul edirəm. Bu sınaqdan keçməliyəm. Allaha inanan adamla inanmayan adam arasında fərq nədir, bilirsiz? İnanan adam nəsə pis bir şeylə qarşılaşanda birinci günahı özündə görür, deyir, yəqin nəsə qəbahətim olub, onun əvəzidir. O birisi isə hər zaman günahı başqasında axtarır.
- Xədicə İsmayıl necədir? Sizin hazırda ən məşhur müvəkkiliniz, bizim də dostumuz...
- Yaxşıdır, fəlakət insandır. Mən belədə də onu çox istəyirdim, amma bu türmədə daha çox istədim. Türmədir, elə-belə yer deyil. Ora heç kim düşmək istəmir. Düşəndə də nə qədər olmasa narahatlıq keçirir. Qapalı yerə, qadağalara və məhdudiyyətlərə dözmək hər adamın işi deyil. O qədər sinəsinə döyən insanlar görmüşük ki, ora düşəndə sarsılır, apatiya, panika yaşayır.
- Xədicədə isə bu cəhət yoxdur, deyirsiz...
- Yox, bir Xədicədə görmədim bunu. Az-az adamlar həbsi belə qarşılayır. Ad çəkib ayrı-seçkilik salmaq istəmirəm. O insanların heç hallarına “tafoot” eləmir. Nə deyinmək, nə şikyətlənmək. Xədicə çox savadlı, hazırlıqlı, dünyagörüşü geniş insandır. Cəfakeşdir. Həyatda öz yolu var, o yol ilə gedir. Türmədə saxlandığı şəraitdən şikayəti olmayıb.
- Hətta eşitdiyimə görə, içəridə mahnı oxuyur, kamera yoldaşlarına konsert verir. Gözəl də səsi var...
- Hə, mahnı oxuyur. Hərdən xorla da oxuyurlar. 4 nəfər xanım var kamerasında. Onu həyətdən tək gətirirlər. O gələnə qədər koridor, həyət boşaldılır. Aparıb yoxlayırlar, sonra gətirirlər. Bir dəfə də mən bunun yanına getdim, sonra sağollaşıb çıxdım. Məndən sonra digər vəkillər də çıxıb, o da otaqda tək qalıb. Qapı da arxadan bağlı. Başlayıb “Marselyez” oxumağa, bir-iki başqa mahnı oxuyub. Sonra gələndə mənə dedilər ki, bu maraqlı adamdır, qəşəng də səsi var. Kamerada da əvvəl özü solo oxuyur, sonra kameradakılar da buna qoşulur, xorla oxuyurlar. Kameradakılar da bunu çox istəyirlər.
- Maraqlı söhbət üçün sizə təşəkkür edirəm. Amma bütün bu danışdıqlarınızdan sonra, “Bəyin oğurlanması” filmində jurnalistin müsahibə zamanı rejissora verdiyi sual yadıma düşdü, zarafatla da olsa: Elton bəy, dünyaya bir daha gəlsəydiz, vəkil olardız? Xüsusən də Azərbaycanda...
- Peşəni çoğrafi məkana görə seçmirlər. Peşəni cavan vaxtı seçirsən, qayğılardan azad olduğun zaman. Romantik çalarları da olur seçimin... Yəqin ki, yenə də hüquqşünas olardım. Ona görə vəkil demirəm ki, bəlkə o biri həyatda heç vəkillik institutu olmayacaq.Mənə elə gəlir ki, sadəcə başqa işlə məşğul ola bilməzdim. Başqa iş ağlıma gəlmir ki, gecə-gündüz onunla məşğul olum və bundan ləzzət alım. Gənc vaxtlarımda işləyə-işləyə elmlə məşğul olub dissertasiya müdafiə etmək istəmişəm, buna da imkan verməyiblər ki, işdən ayrılmadan elm olmaz. İşdən də buraxmayıblar ki, zabitsən. Vəziyyət dəyişib, belə imkan yarananda da belə demək mümkünsə, qatar gedib. Belədə isə türməyə girib çıxdıqlarımı nəzərə alsaq, 8 il də mən içəridə yatmışam.
“Türməyə girib çıxdıqlarımı nəzərə alsaq, 8 il də mən içəridə yatmışam” - Tanınmış vəkil
Sevinc TELMANQIZI