İcra başçısının oturduğu binanın 5 addımlığında yerləşən parkda zibil ayaq tutub yeriyir
Keçmiş icra başçısı Qəzənfər Ağayevin vaxtında inşa edilmiş və deyilənlərə görə, 6 milyon manat xərc çəkilmiş Heydər Əliyev Parkında bu gün zibil ayaq tutub yeriyir. Parkın içində səliqə-sahman qismən yerində olsa da, ətrafındakı durum acınacaqlıdır.
Belə ki, parkın ətrafında qalaq-qalaq yığılmış zibili nə təmizləyən var, nə də bunun üçün düşünən. Görünən odur ki, Masallı rayon İcra Hakimiyyəti hər işdə olduğu kimi, bu məsələdə də «üstü bəzək, altı təzək» prinsipi ilə hərəkət etməyə üstünlük verir.
Son dövrlər parkda təmizlik işləri qismən yazşılaşıb. «Bir ay əvvəl Heydər Əliyev Parkında zibil əlindən tərpənmək belə mümkün deyildi. Qış olduğundan kənardan o qədər də hiss olunmurdu. Amma havalar istiləşəndən sonra yalandan da olsa əl gəzdirdilər ki, təmiz görsənsin. Onu da belə elədilər ki, parkın içindəki zibili yığıb, onun ətrafına boşaltdılar. Adını da qoydular təmizlik işləri».
Qeyd edək ki, havalar isindikcə qalaqlanmış zibilin də üfunət iyi yaymağa başlayacağı şübhəsizdir. Rayonlarda parklar isə əhalinin istirahət məkanları kimi tikilib. Görünən və bilinən odur ki, Masallı rəhbərliyinə əhalinin istirahəti yox, yalançı görüntü lazımdır. Ki, bunun da adi nümunəsi göz qabağındadır. Bu vəziyyət həm də Rafil Hüseynovun "ulu öndər" və "umumilli lider" adlandırdığı Heydər Əliyevə olan münasibətinin təzahürü kimi başa düşülməkdədir.
Maraqlı məqamlardan biri də fotolardan göründüyü kimi, sərnişinlər üçün inşa edilmiş dayanacaqdır. Sınıq və oturacağı olmayan bu dayanacaq düz Masallı İcra Hakimiyyətinin binasının qarşısındadır. Və icra başçısı Rafil Hüseynov otağından azca boylanarsa, həmin dayanacaqdakı oturacağın sınıq olduğunu görə bilər. Amma görmək istəmir, çünki icra başçısı daha «mühüm» məsələlər maraqlandırır. Ehtimal ki, bu sınıq dayanacaq icra başçısına bir neçə yüz min manata "başa gəlib"....