“Nə qədər ki, İlham Əliyev etiraf etmir...”

19-01-2015, 11:03   
“Nə qədər ki, İlham Əliyev etiraf etmir...”
«Əl-Cəzirə» Azərbaycandakı repressiyalardan bəhs edən material yayımlayıb

Azərbaycandakı repressiyalar, o cümlədən “Azadlıq” radiosuna qarşı hücumlar bu dəfə “Əl-Cəzirə” vasitəsilə yayımlanıb. “Azadlıq” radiosunun Bakı ofisinin möhürlənməsi, əməkdaşlarının zorla prokurorluğa aparılması, həmçinin Xədicə Ismayılın həbsi kontekstində Azərbaycanda söz azadlığına hücumlardan bəhs edən məqalənin tərcüməsini təqdim edirik:

***

Hazırda bütün dünya “Charlie Hebdo” satirik jurnalının əməkdaşlarına qarşı terror fonunda söz azadlığına dair məsələni müzakirə etdiyi bir vaxtda yaddan çıxarmaq olmaz ki, Fransa media nümayəndələrinin hədəfə alındığı yeganə ölkə deyil.

Uzun illərdir ki, Azərbaycanda jurnalistlər söz azadlığını müdafiə etdiklərinə görə həbs cəzasından tutmuş, məhkəmə cəriməsi, avadanlıqların müsadirəsinə qədər müxtəlif formada cəzalandırılır.


Dekabrın 26-da səhər saat 10.30 radələrində bir qrup polis və müstəntiq “Azadlıq” radiosunun Bakı ofisinə hücum edərək, sənədləri, möhürü və avadanlıqları götürüblər. Ofisdə axtarış aparıldığı 5 saat ərzində radionun əməkdaşları konfrans zalında girov saxlanılıb. Axtarış başa çatandan sonra ofisin qapısı möhürlənib. Əməkdaşlar ertəsi gün zorla prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə aparılıb. Radionun 30-dan artıq indiki və keçmiş əməkdaşı, o cümlədən ofisin xadimələri də istintaqda dindirilib. Dekabrın 30-da hökumət “Azadlıq” radiosu və onun əməkdaşlarını casusluq, çirkli pulların yuyulması, mənimsəmə kimi cinayətlərdə ittiham etdi.

Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu (RATI), Media Hüququ Institutu, IREX-ə qarşı da analoji addımlar atılıb. Adları çəkilən təşkilatların üçünün də ofisində axtarış aparılıb, bu hadisələrdən sonra IREX-in Bakı ofisi fəaliyyətini dayandırdı. RATI-nin direktoru Emin Hüseynov hələ də qaçaqdır.

Bu, “Azadlıq” radiosunun yerli bürosuna Azərbaycan hökuməti tərəfindən ilk təzyiq deyil. 2009-cu ildə radionun FM dalğasında yayımına qadağa qoyuldu. Uzun illər radionun jurnalistləri təqib və təzyiqlərə məruz qalıb, onlar polis tərəfindən saxlanılıb və ya avadanlıqları əllərindən alınıb.

Dekabrın 5-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə Ismayıl həbs edildi. Onun barəsində ilkin istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçildi. Xədicə Ismayıla qarşı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə ittiham irəli sürülüb. Baxmayaraq ki, onun intihar həddinə çatdırdığı iddia olunan Tural Mustafayev şikayət ərizəsini geri götürdüyünü açıqlayıb, Xədicə Ismayılovanı bu günə qədər həbsdə saxlamaqda davam edirlər.

Buna qədər də Xədicə Ismayılova dəfələrlə təqib və təzyiqlərə məruz qalmışdı. Həbs olunana qədər o, “facebook”da yaydığı bir sənədə görə təqib olunurdu.

Oktyabr ayında Xədicə Ismayılova Praqadakı beynəlxalq konfransda iştirak etməli olsa da, onu ölkədən buraxmamışdılar. Bundan bir qədər əvvəl Ismayılova Fransadan qayıdarkən Bakı aeroportunda dörd saat saxlanılaraq, axtarışa məruz qalmışdı. Həmin vaxt Xədicə Ismayılova Strasburqdan - AŞ PA-nın sessiyasından qayıdırdı. Orada o, Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsindən danışmışdı.

Xədicə Ismayılova hakim Əliyevlər ailəsinin və digər vəzifəli şəxslərin gizli biznesilə bağlı çoxsaylı araşdırmaların müəllifidir. Ismayılova jurnalist fəaliyyətinə görə çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb.

Xədicə Ismayılın həbsi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz məqaləsində onu dövlətə xəyanətdə, casusluqda ittiham etməsindən bir gün sonraya təsadüf etdi. Bu, təsadüf idimi? Bundan bir qədər sonra isə radionun ofisində axtarış aparılıb, qapının möhürlənməsi təsadüf ola bilərmi?

Azərbaycanda fərqli düşünənlərə qarşı əsas ittihamlardan biri də “ermənipərəstlik”dir. Yeri gəlmişkən, hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Rauf Mirqədirov Ermənistanın xeyrinə casusluqda və dövlətə xəyanətdə ittiham olunur.

Ötən il Azərbaycanda misli görünməmiş həddə repressiyalar həyata keçirilməsinə baxmayaraq, Azərbaycan Avropa ilə əlaqələri davam etdirir, özünün gənc və zəngin ölkə imicini qorumağa çalışır. Azərbaycan hökuməti dünyada onu tənqid edənləri susdurmaq üçün istənilən qədər pul xərcləməyə hazırdır.

Bu ölkədə tanınmış və peşəkar vəkillər, hüquq müdafiəçiləri, jurnalistlər həbsdədir. Azsaylı müstəqil media orqanları daim hücumlar altındadır. Ölkədə demək olar ki, beynəlxalq təşkilat qalmayıb. Yaxın gələcəkdə ölkədə müsbət dəyişikliyə ümid olduqca azdır.

Nə qədər ki, prezident Ilham Əliyev ölkədə siyasi məhbusların olmadığını, söz azadlığının məhdudlaşdırılmadığını iddia edərək demokratik dövlətləri ovsunlamaqda davam edir, bu ölkədə çox az şey dəyişəcək.

İnformasiya şöbəsi azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.