Dünya gücləri beynəlxalq vəziyyəti dəyişəcək qərar verdilər

19-01-2015, 11:13   
Dünya gücləri beynəlxalq vəziyyəti dəyişəcək qərar verdilər
Qərbin korrupsioner, diktatura rejimlərilə işbirliyi başa çatır
Obama və Kemerondan dünya müsəlmanlarına yönəlik ciddi mesajlar...

Artıq Qərbin əksər dövlətləri öz vətəndaşlarını hüquqsuz vəziyyətdə saxlayan, istismar edən, bütün bəşəri dəyərləri tapdalayan zülmkar rejimlərlə işləməkdan imtina edir. Onlar anlayır ki, bu cür rejimlər mövcud olduğu müddətdə dünya dinclik, təhlükəsizlik baxımından ciddi problemlər yaşayacaq.
Bu mənada, ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron cütlüyünün son görüşdən sonra verdiyi açıqlamaları korrupsioner, xalqdan uzaq düşən rejimlərlə iş birliyinin sona çatmasının mesajı kimi də qiymətləndirmək olar.
Obama Kemeronla müzakirələrdən sonra eyni zamanda, müsəlmanlara yönəlik çox ciddi mesajlar də verib: “Artıq daha güclüyük. Müsəlmanların böyük əksəriyyətinin inandığı dəyərləri təmsil edirik. Tolerantlıq, yox etmək əvəzinə inşa etmək üçün birlikdə çalışmalıyıq”.
Fransadakı son hadisələr haqda danışan Obama terroru məğlub edəcəklərinə də əminliyini vurğulayıb: “Böyük kədər, faciə və dağıntıya səbəb olan problemdir, amma məğlub edəcəyimiz bir problemdir. Lakin təkcə silahla həll edə bilmərik bu problemi. Biz cənab Kemeronla eyni zamanda, müsəlman dünyasının əksəriyyətini təmsil edən səsləri necə yüksəldə biləcəyimizi müzakirə etdik”.
Obama fanatiklərdən gələn mesajlara eyni güclə cavab vermək üçün müsəlmanların dəstəklənməsinin zəruriliyini də qeyd edib.
“Vətənimizdə müsəlmanlar özlərini amerikalı kimi hiss edir”
Obama müsəlmanlara münasibət baxımından ABŞ-dakı vəziyyətdən məmnunluğunu ifadə edərək bildirib ki, bu, təhlükəsizlik qüvvələrinin fəaliyyətinin nəticəsi yox, ölkədəki müsəlman əhalinin özlərini amerikalı hiss etməsindən irəli gəlir: “Avropanın bəzi yerlərində belə problemlər var. Bəlkə də Avropanın üzləşdiyi ən böyük təhlükə bu problemlərə yalnız təhlükəsizlik gücləri və hərbi yanaşmalarla cavab verməsidir. Şimali Afrikalı fransızlarla sıx münasibətlər qurulmalı, Avropa daxilində mənfi ənənələrə son verilməlidir”.
Kemeron da Obamanı dəstəkləyərək, keçmişdə bəzi Avropa ölkələrinin bərabərhüquqlu güclü cəmiyyət qurmaq əvəzinə, müxtəlif seqmentlərə və dini qruplara fərqli yanaşmalar sərgilədiyini bildirib. Lakin Kemeron, Avropada hələ də inteqrasiyanın bütün üstünlüklərinə sahib olub, radikal ideologiyaların arxasınca gedənlərin olduğunu da qeyd edib.
“Buna qarşı çıxacağıq”
Kemeron dünyanın, o cümlədən Avropa və Amerikanın da ifrat dini görüşləri olan terroristlərin təhdidi altında olduğunu bildirərək, buna qarşı birgə mübarizə aparacaqlarını qeyd edib: “Biz dünyanın ən böyük dinlərindən biri olan Islamı eybəcərləşdirmək, münaqişə, terror və ölüm saçmaq istəyən zəhərli və fanatik ideologiya ilə üzləşmişik. Biz müttəfiqlərimizlə birlikdə, harada zühur edirsə etsin, buna qarşı çıxacağıq”.
Bu istiqamətdə Iraq və Suriyada IŞID-ə qarşı mübarizə apardıqlarını bildirən Kemeron, Iraq ordusunu kəşfiyyat və izləmə cihazları ilə təchiz edəcəklərini, eyni zamanda, ordunun maarifləndirilməsi istiqamətində də lazımi addımlar atılacağını vurğulayıb.
Iran məsələsi
Obama Iranla danışıqlara da toxunaraq deyib ki, müzakirələrdən qaçmaq və ya bundan imtina üçün ortada heç bir əsaslı arqument yoxdur. Lakin Iran nüvə silahı axtarışında olmadığına dair əsaslı təminatlar verməsə və müzakirələr uğursuz nəticələnsə, digər variantları araşdırmaq məcburiyyətində qalacaqlar: “Iran üçün bütün variantların masada olduğunu uzun müddətdir deyirəm. Konqres bunun fərqində olmalıdır ki, əgər bu diplomatik səylər uğursuz olsa, o zaman bunun bir nöqtədə hərbi fazaya keçməsi riski və ehtimalı da artar. O zaman Konqres bunun da məsuliyyətini daşımaq məcburiyyətində qalar”.
Obama və Kemeron Iranla müzakirələr davam etdiyi bir vaxtda bu ölkəyə yeni sanksiyaların tətbiqinin danışıqlar prosesinə zərər verəcəyini bildiriblər. Amerika Konqresini səbrli olmağa çağıran Obama, ona yeni sanksiyalarla bağlı qanun layihəsi göndəriləcəyi halda, veto qoyacağını da bildirib.
Rusiya hədəfdə...
Liderlər Rusiyaya münasibətdə də həmrəylik nümayiş etdirib. Devid Kemeron bəyan edib ki, Moskvaya qarşı sanksiyalar siyasətində London və Vaşinqtonun mövqeyi dəyişməz olaraq qalır.
Siyasət şöbəsi azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.