Rusiya Ermənistana xüsusi təyinatlı rota göndərdi

20-01-2015, 11:02   


Gümrüdəki Rusiyaya məxsus 102 saylı hərbi bazanın əsgərinin bir erməni ailəsini qətlə yetirməsi Ermənistanda anti-Rusiya əhvalını alovlandırıb. Yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin altı üzvünü güllələyib öldürən Rusiya hərbi qulluqçusu Valeri Permyakovun qundaqla vurduğu 6 aylıq Seryoja Avetisyanın da ötən gün ölməsi ermənilərin qəzəbini daha da artırıb.

Ermənistanın “Armenia Today” xəbər portalının məlumatına görə, 19 yanvarda yerli və xarici həkimlərin bütün səylərinə baxmayaraq, saat 17.02-də dünyasını dəyişən körpənin dəfni iki gün sonraya, yanvarın 21-nə təyin olunub. Çox güman ki, ailənin 6 üzvünün dəfni kimi Seryoja da izdihamın müşayiəti ilə dəfn ediləcək. Dəfn törənindən sonra vəziyyətin gərginləşəcəyindən ehtiyat edən hakimiyyət nümayəndələri isə Rusiyadan əlavə yardım istəyib. Prezident Serj Sərkisyan isə anlayır ki, hadisələr hər an onun hakimiyyətini bitirə bilər. Erməni parlamenti isə Gümrü hadisələri ilə bağlı 20 yanvarda fövqəladə dinləmələr keçirilməsi barədə qərarını son anda ləğv edib.

Yayılan məlumata görə, ermənilər fürsət düşən kimi rus əsgərlərdən qisas almağa qərar verdiklərindən Rusiyanın ciddi narahatlığı var. Odur ki, Gümrüdə yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.

“Daşnakstyun” partiyası və ASALA terror təşkilatının tərəfdarlarının Gümrüdəki bazaya və bu şəhərdəki Rusiya konsulluğuna hücumunun qarşısı polis tərəfindən alınsa da, şəhərdə vəziyyət gərgin olaraq qalır. Bildirildiyinə gör, Gümrüdəki Daşnakstyun partiyasının yerli qərargahında İrəvandan və xaricdən onlarla gənc erməni toplaşıb. Gələn xəbərlərdə deyilir ki, Gümrüdəki vəziyyətin gərginləşməsi və nəzarətdən çıxması ehtimalı yüksək olduğundan Serj Sarkisyan gücsüzlüyünü Rusiya prezidenti Vladimir Putinə rəsmən etiraf edərək ondan kömək istəyib. Hazırda Gümrüdə qulluq edən rus əsgər və zabitlərinə bazanın ərazisini silahsız tərk etməmək göstərişi verilib. Faktiki olaraq şəhərdə fövqəladə vəziyyətin hökm sürdüyü deyilir. Şəhərə İrəvandan da əlavə polis qüvvələri gətirildiyi bildirilir.

Ölkə.az-a Rusiyadakı etibarlı mənbələrdən daxil olan məlumata görə, ASALA terror təşkilatının “qisas əməliyyatı” haqqında Rusiya xüsusi xidmət orqanlarına kəşfiyyat məlumatı daxil olduqdan sonra Moskva hərbi bazanın təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Yanvarın 19-da Moskva vilayətinin Jukovski hərbi hava aerodromundan Gümrüyə iki “Ruslan” tipli ağır hərbi-nəqliyyat təyyarəsi göndərilib. Təyyarənin göyərtəsində yeni elektron naviqasiya və mobil sistemləri, həmçinin Rusiya Baş Kəşfiyyat İdarəsinin əlavə xüsusi təyinatlı rotası Gümrüyə göndərilib. Mənbə bildirir ki, ASALA teror təşkilatı rus zabit və əsgərlərinin başına mükafat təyin edib. Məlumatın detalları haqda hələ məlumat verilmir.

Bu arada erməni jurnalist Hraçya Qalustyan rus əsgər Valeri Permyakovun Gümrüdə bir ailənin 6 üzvünü qətl etməsi xəbərini şərh edərkən 102-ci hərbi bazanın əsgərlərinin özlərini 1945-ci ildə Berlinə girərkən qarşısına çıxan alman qadınlarını zorlayan sovet əsgərləri kimi apardıqlarını yazıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.