Cəmiyyət ayaqda olanda, hakimiyyət hesabat verməyə məcbur olur
Azərbaycan hakimiyyəti fəaliyyətinin bütün dövrlərində haqlı iradları, əsaslı tənqidləri, islahat tələblərini süngü ilə qarşılayıb və daxili auditoriyaya “bizim öz yolumuz var” mesajını verib. Açığı, “evdə xoruz, çöldə fərə” siyasəti uzun illər öz bəhrəsini verib. Belə ki, hakimiyyət təmsilçilərinin ABŞ-a, Avropaya savaş açması, “heç kim bizim işimizə qarışa bilməz”, “hamı bizimlə hesablaşır” kimi ifadələri cəmiyyətin müəyyən təbəqəsində özünə yer tapıb. Bəzi insanlar həqiqətən də belə düşünüb ki, mövcud hakimiyyəti heç kim məğlub edə bilməz və hakimiyyətin təməli möhkəmdir.
Sadə vətəndaşların bu daxili auditoriyaya hesablanmış gedişlərə aldanmasını təbii qəbul etmək olar. Çünki, alternativ informasiya vasitələri ilə qidalanmayan, yalnız AzTV-lərin ümidinə qalan kəsim “əjdaha”nın Azərbaycanda olduğuna inanmaq məcburiyyətindədir.
Amma reallıq onu göstərir ki, hakimiyyətin dünya ilə təhdid dilində danışması bütün hallarda qorxudan qaynaqlanır. Son dövrlər gecə-gündüz Qərb əleyhinə aparılan kampaniya da bu qorxunun təzahürüdür. Hakimiyyət başa düşür ki, cəmiyyətdə kütləvi narazılıq hökm sürür, insanların sosial vəziyyəti ağırdır və sabitlik kövrək xarakter daşıyır. Yüzlərlə insanın şərlənərək həbs olunması, azad mətbuatın susdurulması, məhkəmə-hüquq sisteminin məhv edilməsi də qorxu və narahatlıqdan doğur.
Indiki mərhələdə isə dünyanın yeni dizaynı formalaşır və yeni standartlar demokratiya tələb edir. Azərbaycandakı mövcud vəziyyət isə yeni düzümə qeyri-adekvatdır və hakimiyyəti narahat edən də budur.
Bütün bunları xatırlatmaqda məqsədimiz odur ki, cəmiyyəti yeni situasiyaya adaptasiya etdirək. Yuxarıda vurğuladığımız kimi, hakimiyyətlər bütün neqativ addımları qorxudan atır. Xalqlar susqun olanda isə, hakimiyyət şəxsi maraqlara xidmət edir.
Indiki situasiya hakimiyyəti islahatlara yönəltmək, neqativ tendensiyaları dayandırmaq üçün olduqca əlverişlidir. Həm neftin qiymətdən düşməsi, həm bütün dünyanın Azərbaycan hakimiyyətindən demokratiya və insan haqlarına hörmət tələb etməsi hakimiyyəti çaşqınlıq vəziyyətinə salıb.
Artıq hakimiyyət geriyə addım atmaq məcburiyyətindədir. Son günlər bu tendensiyanı hiss etmək çətin deyil. Məsələn, 2007-ci ildə Tarif Şurası qiymətləri qaldıranda və “prezidentin bundan xəbəri yoxdur” fikri yayılanda, Ilham Əliyev açıq şəkildə ifadə etdi ki, bu onun qərarıdır və bu addımı düzgün olaraq atıb. Yəni hökumət xalqın narazılığından qətiyyən qorxmadan, öz addımına haqq qazandırdı. Indiki vəziyyətdə isə Ilham Əliyev 2 qəpiklik artımın arxasında durmaq istəmədi və baş verənlərdən xəbərsiz olduğu görüntüsünü yaratdı. 50 faizlik artıma haqq qazandıranlar, 2 qəpiklik artımın məsuliyyətini daşımaq istəmədilər. Yaxud uzun illərdən sonra, imitasiya xarakterli olsa da, az bir qismi əhatə etsə də, müəllimlərlə bağlı sərəncam verildi və “irəliyə addım” təbliğatı quruldu.
Ötən gün Hövsanda insanların etiraz aksiyası keçirməsi, müəllimin bir kəlmə sözündən insanların hiddətlənməsi onu göstərir ki, ölkədə hər an partlayış ola bilər və insanlar olduqca gərgin vəziyyətdədilər. Hakimiyyət də bu psixoloji məqamları hiss etdiyinə görə, özünə müsbət imic formalaşdırmaq istəyir. Artıq bu etiraz aksiyası öz nəticəsini verdi və məktəb direktoru vəzifəsindən azad edildi.
Bütün bunları yazmaqla onu demək istəyirik ki, xalq öz hüquqları uğrunda ardıcıl və prinsipial mövqe sərgiləsə, hakimiyyətin qanunsuz addımlarına son qoymaq, ölkədə normal vəziyyət yaratmaq mümkündür. Hakimiyyətlər hər zaman xalqın iradəsindən qorxublar və bu kütləvi zəhmlə üzləşməmək üçün, ədalətli siyasət yürütməyə məcbur olublar. Ona görə də xalq Azərbaycanda unudulmuş bu ənənəni bərpa etməli və hakimiyyətin mənbəyi olduğunu təsdiqləməlidir.
Bir sözlə, hədə-qorxu dolu bəyanatlar, daxildə qorxu toxumlarının səpilməsi, cəmiyyətin nəbz yoxlamasıdır. Cəmiyyət bu yoxlamaya sərt reaksiya verəndə, hökumətlər öz dərsini alır və üzərində götürdüyü öhdəliklərə əməl edir. azadliq.info/