«Hafka»nın müflisləşmə imitasiyası- Araşdırma

6-05-2014, 11:18   
«Hafka»nın müflisləşmə imitasiyası
müflisləşməsi haqda xəbərləri qəsdən yayır, yoxsa sərvətinin ciddi bir hissəsini qumarda itirib?

Aprelin 20-də Azərbaycan premyer-liqasının 31-ci turu çərçivəsində keçirilən oyunda “Bakı” öz meydançasında “İnter”ə 0:4 hesabı ilə məğlub oldu. Məhz həmin qarşılaşmadan sonra “Bakı”nın baş məşqçisi Miliko Pantiç klubda ciddi problemlərin olduğunu açıqladı. O, klub ətrafında müəmmalı hadisələrin baş verdiyini bildirdi: “Heç özüm də bilmirəm nə baş verir. Ancaq onu bilirəm ki, ortada ciddi problemlər var”.
Hələ Pantiçin bu açıqlamasına qədər mətbuatda “Bakı”da ciddi maliyyə böhranının yaşandığı barədə məlumatlar yer alırdı. Ancaq bu məlumatlar klub rəhbərliyi tərəfindən hər dəfə təkzib olunurdu.Əslində “Bakı”da idarəetmə sistemi yoxdur. Klubdakı bütün vəzifə sahibləri “Bakı”nın prezidenti Hafiz Məmmədovun tələbi ilə təxminən bir il əvvəl istefa ərizəsi yazıblar. O vaxtdan bəri klubda yeni vəzifələrə təyinatlar olmayıb. Köhnə işçilər köhhə vəzifələrini icra etməklə məşğuldur. Sonuncu dəfə “Bakı”dan xəbər gəlmişdi ki, klubun idarəetmə sistemi ilə bağlı qərar aprelin 1-də veriləcək. Həmin vaxtlar Hafiz Məmmədov Fransada idi. Onun qayıdışından sonra yeni vəzifələrə təyinatların gerçəkləşəcəyi gözlənilirdi. Hafiz Məmmədov Bakıya gəldi, bir-iki gün qalıb yenidən Fransaya qayıtdı. Yeni təyinatlar isə reallaşmadı.
“Bakı”nın çöküşü isə davam edir. Klub mövsümü demək olar ki, boşa verdi. Avrokuboklara vəsiqə şansı da böyük ölçüdə əldən çıxıb. Artıq klubun futbolçuları da aylardır məvacib almadıqlarını mətbuata açıq şəkildə bildirirlər.
Qeyd edək ki, “Bakı”da futbolçuların məvaciblərinin uzun müddət verilməməsi adi hal alıb. Sonuncu dəfə yanvar ayında 3-4 ay verilməyən məvaciblər ödənilmişdi. Ondan sonra klubun inzibati işçilərindən tutmuş futbolçulara qədər hamı məvacib üzünə həsrətdir.
“Məvacib niyə verilmir” sualına isə “Hafiz Məmmədov qayıtsın, veriləcək” cavabı eşidilir. Məmmədov isə demək olar ki, Fransada yaşayır. Bakıya 1-2 günlüyə gəlir.

Hazırda “Bakı” klubunda vəziyyət o qədər ciddidir ki, aylardır məvacib ala bilməyən futbolçular FİFA-ya şikayət etməyi düşünürlər.Onlar klub rəsmilərinin “darıxmayın, Hafiz Məmmədov gələn kimi məvaciblər veriləck” vədindən bezdiklərini bildirirlər.

Publika.az saytı “Bakı”da, ümumiyyətlə Hafiz Məmmədovun adının ətrafında gəzən söz-söhbətlərələ bağlı ilginc məlumat əldə edib. Kluba yaxın mənbənin sayta verdiyi məlumata görə, təkcə “Bakı”da yox, Hafiz Məmmədovun bütün biznes strukturlarında böhran yaşanır. Bunun da səbəbi Məmmədovun hazırda ciddi maliyyə problemi ilə üzləşməsidir. Sayta bu barədə məlumat verən mənbə H.Məmmədovun müflisləşməsinin səbəbləri ilə bağlı da danışıb. Amma sayt bu barədə hələlik yazmaq istəmir.
Sayt məsələ ilə bağlı Hafiz Məmmədovun da mövqeyini öyrənmək istəyib. Ancaq onun koordinatlarını müəyyənləşdirə bilməyib. Məmmədovun qardaşı Zeynal Məmmədov isə zənglərə cavab verməyib.

Qeyd edək ki, “Hafka” ləqəbli iş adamının biznesinin iflasa uğraması ilə bağlı mətbuatda son vaxtlar yetərincə məlumat yayılıb.
Təkcə bir fakta diqqət edək: Hafiz Məmmədov ötən ilin noyabrında Fransanın “Canal+” telekanalına müsahibə verəndə biznesinin nə dərəcədə şəffaf olduğu barədə suala cavab verərkən “Baghlan Group”un nüfuzlu beynəlxalq reytinq agentliyi “Fitch Ratings”lə uğurlu əməkdaşlığını xatırlatmışdı.
Lakin bu müsahibədən sonra çox keçmədi ki, “Fitch Ratings” H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı saldı, sonradan isə ümumiyyətlə, şirkətə verdiyi reytinqi geri çağırdı və onun reytinqini müəyyənləşdirməyəcəyini bildirdi.
Bu zaman səbəb kimi məhz “Baghlan Group”un yerli banklara olan KREDIT BORCLARINI VƏ KREDITLƏR ÜZRƏ FAİZLƏRİNİ ÖDƏYƏ BİLMƏMƏSİ GÖSTƏRİLİB.
Düzdür, “Hafka”nın şirkətinin hansı banka borclu olduğu haqda məlumat verilməyib. Ancaq bu məbləğin kifayət qədər böyük olduğuna eyham vurulub.
Özəl mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumata görə isə “Fitch Ratings”ın qeyd etdiyi yerli bank Azərbaycan Beynəlxalq Bankıdr. Hətta saytımıza verilən bilgiyə görə, bu səbəbdən Azərbaycan Beynəlxalq Bankı Hafiz Məmmədovu məhkəməyə verib. Məlumatda qeyd olunur ki, “Hafka” bankdan götürdüyü külli miqdarda krediti vaxtından xeyli müddət keçməsinə baxmayaraq, geri qaytarmayıb.
Mənbə dəqiq rəqəm söyləməkdə çətinlik çəksə də, söhbətin bir-neçə 100 milyon manatdan getdiyini 1bbbildirib. Bankın dəfələrlə xəbərdarlığına baxmayaraq, Hafiz Məmmədov nə əsas kredit borcunu, nə də faizlərə görə yıxılıb qalan vəsaiti geri qaytarmayıb. Bu da bank rəhbərliyini son tədbirə əl atmağa vadar edib.

Onu da xatırladaq ki, hələ ötən ilin noyabrında “Fitch Ratings” H.Məmmədovun holdinqinin kredit reytinqini aşağı salarkən bildirirdi ki, “Baghlan Group” Bakının mərkəzində inşa etdiyi elit yaşayış kompleksində mənzillərin satışına başlayıb. Lakin bu aktivlərdən əldə edilən vəsait şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb olmayacaq və vəsaitlər banklara OLAN FAİZ BORCUNU ÖDƏMƏYƏ ANCAQ BƏS EDƏCƏK.
Bəzi məlumatlara görə, “Baghlan Group” Bakının mərkəzində “Park Azure” adlı elit yaşayış kompleksi inşa edir. Həmçinin şirkət Dubayda da tikinti biznesi ilə məşğuldur.
H.Məmmədovun Bakının mərkəzində inşa etdiyi elit yaşayış kompleksində mənzillərini satışa çıxarıb-çıxarmadığını bilməsək də, onun banklara olan borcunu ödəmədiyi məlumdur. Hər halda Beynəlxalq Bankın Hafiz Məmmədovu məhkəməyə verməsi bunu söyləməyə əsas verir.

Qeyd edək ki, Hafiz Məmmədovun şirkətləri ilə bağlı yayılan məlumatlar onun bir-neçə yüz milyon dəyərində olan bu vəsaiti nə vaxtsa ödəyəcəyinə də şübhə yaradır. Xatırladaq ki, “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Hafiz Məmmədovun şirkətlər qrupunun DEFOLT HƏDDİNDƏ olduğunu açıqlayıb.

Bu səbəbdən də Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Azərbaycanda neft daşımalarından tutmuş, “London taksiləri”nin istismarına qədər, bir çox biznes sahələrində fəaliyyət göstərən “Baghlan Group FZCO”-nun emitent defoltunun uzunmüddətli reytinqini B-dən RD-dək (məhdud defolt) aşağı salıb.
“Fitch Ratings” həmçinin şirkətin ötən ilin dekabrında planlaşdırılan, lakin həyata keçirilməyən təmin edilmiş istiqrazlarının gözlənilən B-(EXP) emissiya reytinqini geri çağırıb. Müvafiq olaraq “Fitch Ratings” daha mövcud emitentə – “Baghlan Group”a reytinq vermir və onunla bağlı təhlil aparmır.
Məlumatda deyilir ki, “Baghlan”ın reytinqinin aşağı salınması borc öhdəlikləri üzrə ödənişlərin həyata keçirilməməsini əks etdirir: “Reytinq ona görə geri çağırılıb ki, “Fitch Ratings”in reytinqləri dəstəkləmək üçün kifayət qədər informasiyası yoxdur”.

Agentlik qeyd edir ki, “Baghlan” 2013-cü il, dekabrın 27-də istiqrazlar üzrə 19 milyon dollar həcmində faiz ödənişini həyata keçirməyib. İstiqrazlar 150 milyon dollar həcmində olan kreditdə iştirakı təmin edir. 2014-cü il, martın 7-də isə 8 milyon dollar həcmində kiçik ödəniş edilib.
Qeyd edək ki, “Fitch Ratings” agentliyinin “Baghlan Group”un reytinqini geri çağırması onun xarici banklardan kredit almasını da qeyri-mümkün edəcək. Bu da onun yerli banklara, o cümlədən də Beynəlxalq Banka olan borcunu qaytarmasını faktiki olaraq mümkünsüz edir.

Ancaq bütün bu məlumatlara baxmayaraq “Hafka”nın niyə iflas olması sualı açıq qalır.
Qeyd edək ki, bəzi mənbələrin iddiasına görə, “Baghlan Group”un adına banklardan külli miqdarda vəsait alıb başqa istiqamətlərdə xərclədiyindən, həmin pulları qaytarmamaq üçün qəsdən bu şirkəti iflas həddinə salıb. Hər halda cəmi 6 il əvvəl yaradılan və ən gəlirli sahələrdə fəaliyyət göstərən bu holdinqin birdən-birə iflas etməsi xəbərinin yayılması təəccüblüdür. Şirkətin iflasının elan olunması onun Beynəlxalq Banka olan borclarını da faktiki olaraq batması olacaq. Beynəlxalq Bank isə dövlətindir. Deməli batan, daha dəqiqi “yüksək reytinq-iflas” oyunları ilə ortadan cıxarılan yenə dövlətin pulu olacaq.

“Hafka”nın iflası barədə xəbər həm də ona görə təəccüblüdür ki, Azərbaycanın ən varlı oliqarxlarından biri olan H.Məmmədovun şəxsi hesablarında 100 milyonlarla vəsaitin olduğu söylənilir. Hətta Fransa mətbuatı yazmışdı ki, onun Avropa banklarının birindəki qarantiyalı bank hesabında 1 milyard avro pulu var.

Bəzi mənbələr isə Məmmədovun kazino oyunlarına meylli olmasını əsas gətirərək, onun sərvətinin böyük hissəsini qumarda itirdiyinə eyham vurub.
Təsadüfü deyil ki, azərbaycanlı milyarderin “Lans” klubunun prezidenti Jerve Martellə ilk dəfə Kanndakı qumarxanaların birində tanış olduğu qeyd edilir. Bu barədə məlumatı Fransanın “Le Point” qəzeti yayıb. Məqalə qəzetin 27 dekabr tarixli sayında dərc edilib, müəllifi Antuan Grenarindir.
Qəzet yazır ki, H.Məmmədov “Lans” klubunu almaq barədə qərarını 2012-ci ilin yayında verib. 24 ilə yaxın “Lans” klubunun prezidenti olan və 2012-ci ildə klubun ciddi maliyyə böhranı ilə üzləşməsindən sonra istefa verən Jerve Martellə Hafiz Məmmədovu lüks yaxtaların kirayəsini təşkil edən biznesmen tanış edib. “Le Point” yazır ki, Hafiz Məmmədov həmin biznesmenin ən yaxşı müştərilərindən biridir. Biznesmenin sayəsində tanış olan Hafiz Məmmədovla Jerve Martel 2012-ci ilin yayında Fransanın Kann şəhərindəki kazinoda görüşüblər.Nəşrin yazdığına görə, bir il sonra Martellə Məmmədov yenidən bir araya gəlib və şimallıların klubunun alınması məsələsi həll olunub. Məmmədov “Lans”ın rəsmi sahibinə çevrilib və Jerve Martel klubun prezidenti postuna geri qayıdıb. H.Məmmədov kluba 20 milyon avro yatırmağa razılaşıb.

Əlbəttə, Hafiz Məmmədovun bütün sərvətini qumarda uduzması inanırıcı deyil. Ancaq mümkündür ki, müəyyən hissəsini qumarda itirsin və hakimiyyət bundan xəbər tutub, onun hesablarına həbs qoysun. İstənilən halda onun birdən-birə müflis olması suallar doğurur. Hafiz Məmmədov yayılan məlumatlar barədə açıqlama verməklə bu suallara aydınlıq gətirə bilər
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.