Almaniya səfərində Əliyev üçün xoşagəlməz sürpriz

21-01-2015, 10:45   
Almaniya səfərində Əliyev üçün xoşagəlməz sürpriz

«Fokus» jurnalı onu «mətbuatın düşməni» kimi təqdim etdi

Almaniya mətbuatı hazırda bu ölkədə səfərdə olan Ilham Əliyevin özünün rəhbərlik etdiyi dövlətdə nələr baş verdiyi haqda oxucularını məlumatlandırıb. Yarım milyondan artıq tirajı olan həftəlik “Fokus” jurnalı bu gün Almaniya kansleri Angela Merkellə görüşəcək Ilham Əliyevi “mətbuatın düşməni” kimi təqdim edib. Jurnalda yayımlanan “Azərbaycan prezidenti Əliyev jurnalist və bloggerləri həbsdə saxlayır” başlıqlı məqalədə ölkəmizdə insan hüquqlarının vəziyyətindən, xüsusən söz və ifadə azadlığının boğulması, jurnalistlərə qarşı təqib və təzyiqlərdən bəhs olunur. Məqalənin tərcüməsini təqdim edirik:

***

“Sərhədsiz Reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatı Azərbaycan prezidenti Ilham Əliyevi nəhayət, öz ölkəsində ifadə, mətbuat azadlığına imkan yaratmağa çağırır.

Çərşənbə günü Əliyev Almaniya kansleri Angela Merkellə görüşəcək. Bu görüş Azərbaycanda tənqidçi səslərə qarşı misli görünməmiş repressiyaların davam etdiyi bir vaxta təsadüf edir. Bu avtoritar ölkədə hazırda ən azı, 12 jurnalist və blogger həbsdədir.


“Biz prezident Əliyevi tənqidçi jurnalistlərə qarşı repressiyaları dayandırmağa, həbsdəki jurnalist və bloggerləri dərhal azad etməyə çağırırıq. Bu yolverilməzdir ki, Azərbaycan Avropa Şurasının üzvü olduğu halda, ifadə azadlığı, mətbuat azadlığı kimi Avropa dəyərləri inkar edir, ölkədəki tənqidçi səsləri boğur”, - deyə “Sərhədsiz Reportyorlar”ın Berlin ofisinin baş direktoru Kristian Miqr bildirib.

Azərbaycanda azsaylı müstəqil media orqanlarından biri olan “Azadlıq” radiosunun Bakı ofisində dekabrın 26-da axtarış aparılıb, prokurorluğun müstəntiqləri, eləcə də silahlı polislər radionun sənədlərini, kompüterlərini, foto və video materiallarını, eləcə də digər avadanlıqları müsadirə edərək aparıblar. Ofisin qapısına isə möhür vurulub. 2009-cu ildən “Azadlıq” radiosunun FM dalğasında yayımına qadağa qoyulub. O vaxtdan bəri radio yalnız internet vasitəsilə yayımlanır.

Dekabrın 5-də isə hakimiyyət bütün dünyada tanınan jurnalist Xədicə Ismayılı həbs etdirdi. Şübhəli ittihamla onun barəsində ilkin istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçildi. Xədicə Ismayıl başqa bir jurnalisti intihar həddinə çatdırmaqda ittiham olunur.

Xədicə Ismayıl dəfələrlə hökuməti tənqid edən məqalələr yazıb. Buna görə o da dəfələrlə şantaj olunub, istintaqa cəlb edilib. Ötən ilin oktyabrında o, Strasburqda Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edərək, ölkədə insan haqlarının vəziyyətindən danışmışdı. Həmin vaxt o, anonim şəkildə hədələnmişdi. Oktyabrın 3-də jurnalist vətəninə qayıdarkən Bakı aeroportunda saxlanılaraq, bir neçə saat ərzində dindirilmişdi. Oktyabrın 12-də isə baş prokurorun qərarı ilə onun ölkədən çıxışına qadağa qoyulmuşdu.

Ismayıl da “Azadlıq” radiosunun əməkdaşlarından biri idi. O, prezidentin ailəsinin gizli biznesi haqda araşdırmalarından sonra evinə yerləşdirilmiş gizli kamera vasitəsilə yataq otağında lentə alınan görüntülər internet vasitəsilə yayımlandı. “Sərhədsiz reportyorlar” Xədicə Ismayılın həbsindən sonra onun azadlığa buraxılması tələbilə internet vasitəsilə aksiya keçirir.

Tanınmış hüquq müdafiəçiləri olan Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da ötən il iyulun 30-dan həbsdədir.

Dekabrın ortalarında Azərbaycan parlamenti qanunvericiliyə bir sıra mürtəce dəyişikliklər etdi. Məsələn, hansı media orqanının xaricdən maliyyələşdiyi məlum olsa, onun fəaliyyəti dayandırıla bilər. Bu xüsusən müstəqil media orqanlarına aiddir. Çünki ölkədə reklam bazarı hökumətin sərt nəzarəti altında olduğundan, onlar beynəlxalq təşkilatların maliyyə dəstəyinə ehtiyac duyurlar. Bundan başqa, media orqanı bir ildə iki dəfə böhtana görə məhkəməyə verilsə, bu, onun qapadılmasına gətirib çıxaracaq. Bu da həyəcan təbili çalmağa əsas verir. Çünki Azərbaycanda müstəqil məhkəmə yoxdur. Baş verənlər düşünməyə əsas verir ki, hökumət məhkəmələrin əli ilə tənqidçi KIV-ləri susdurmağı qarşıya məqsəd qoyub.

Son dövrlərdə Azərbaycanda müstəqil QHT-lər də hökumətin təqib və təzyiqləri altındadır. Ötən ilin avqustundan bəri onlarla QHT-nin bank hesabları dondurulub. Həmin təşkilatlar arasında Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu da var.

Azərbaycanda başlıca müxalifət qəzeti olan “Azadlıq” davamlı təzyiqlər nəticəsində növbəti dəfə yaranan maddi problemlər üzündən ötən ilin yayında fəaliyyətini müvəqqəti dayandırmalı oldu. Məsələ burasındadır ki, dövlət yayım şirkəti olan “Qasid” qəzetin satılmış nüsxələrinə görə yaranmış təxminən 67 min avroluq borcunu “Azadlıq”a ödəmir. Bununla əlaqədar “Azadlıq”ın ciddi maliyyə problemləri yaranıb, qəzet dövlət nəşriyyatına olan borcunu ödəyə bilməyib. Nəşriyyat da qəzeti çap etməkdən imtina edib.

Bundan başqa, Bakıda qəzetlərin küçələrdə əl yayımı vasitəsilə, həmçinin metro stansiyalarında satışına qadağa qoyuldu. Bununla əlaqədar 2011-ci ildən başlayaraq, qəzetin gəlirləri əhəmiyyətli şəkildə azaldı.

Təkcə 2014-cü ildə Azərbaycandan on nəfər jurnalist və ya onların ailələri “Sərhədsiz reportyorlar”a yardım üçün müraciət edib.

“Sərhədsiz reportyor”ların mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 160-cı yerdədir. “Sərhədsiz reportyorlar” eyni zamanda, Azərbaycan prezidenti Ilham Əliyevi “mətbuatın düşmənləri” siyahısına daxil edib.

Informasiya şöbəsi azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.