Gültəkin Hacıbəyli: “Azərbaycan tərəfi Avropa Şurasına özünün prinsiplərini diqtə etməyə çağırırsa, bu yanaşma doğru deyil”
Avropa Şurası Parlament Assambleyasının (PA) qış sessiyasında Avropada mətbuat azadlığının müdafiəsilə bağlı hesabatın müzakirə olunacağı barədə məlumat yayılıb. Layihənin bəndlərindən birində Avropa Şurasının üzvü olan bəzi ölkələrdə qətlə yetirilmiş jurnalistlərin məsələsi qaldırılıb. Layihədə qətlə yetirilmiş azərbaycanlı jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının da adı qeyd olunur. Azərbaycan da daxil olmaqla jurnalist qətlləri həyata keçirmiş ölkələrdən bu cinayətlərin hərətərəfli araşdırılması tələb olunur.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu məlumatı təsdiqləyərək onu da əlavə edib ki, AŞ PA bəzi məsələlərdə Azərbaycanla hesablaşmalıdır: “Bəzi qüvvələr, qurumlar süni şəkildə Azərbaycana qarşı hansısa tədbirlərin görülməsinin tərəfdarıdır, onlar öz fikirlərini başqalarına da yaymaq istəyirlər. Əslində Avropa Azərbaycanla əməkdaşlıqda həddindən artıq maraqlıdır. Çünki Avropanın həll edə bilmədiyi məsələni Azərbaycan burada həll edir”.
Maraqlıdır ki, budəfəki müzakirələri Avropa Komissiyasının prezidenti də izləyəcək. Müzakirələrin kifayət qədər gərgin keçəcəyi artıq əvvəlcədən yayılan məlumatlarda əksini tapıb. Amma bunlara rəğmən Azərbaycan hakimiyyəti yürütdüyü siyasətə korrektə etmək niyyətində deyil.
Milli Şuranın Beynəlxalq əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəyli bildirdi ki, Avropa Şurası mötəbər beynəlxalq təşkilatdır və bu qurum Azərbaycanla təhdid dilində danışmır. AŞ PA-nın insan haqlarını, demokratiyanı özünün ali prinsipi elan etdiyini deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycan bu quruma üzərinə öhdəliklər götürərək, könüllü daxil olub: “Əgər Avropa Şurası Azərbaycandan üzərinə könüllü şəkildə götürdüyü öhdəliklərin icrasını tələb edirsə, bunu heç bir halda təhdid kimi qəbul etmək düzgün deyil. Əksinə, bu gün Azərbaycan tərəfi Avropa Şurasına özünün prinsiplərini diqtə etməyə çağırırsa, bu yanaşma doğru deyil. AŞ PA-dan olan bəzi məruzəçilərin Azərbaycan hakimiyyətinə bəzən loyallıqla yanaşması hamımızın gözü önündə baş verib. Düşünürəm ki, Qərb Azərbaycan hakimiyyətindən bu öhdəlikləri yerinə yetirməyi tələb etməkdə haqlıdır. Əksinə, Azərbaycan çalışmalıdır ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərini tənzimləsin”.
Xəyal