Mobil operatorların qiyməti aşağı salınacaq

6-05-2014, 14:38   

Rabitə və Yeni Texnologiyalar naziri Əli Abbasov mobil operatorların qiymətlərinin aşağı salınması barədə danışıb. O, jurnalistlərə açıqlamasında bildirib ki, bu barədə mobil operatorlarla müzakirələr aparılıb: “Yanvar ayının kollegiyasının qərarları ilə onları tanış etdik. Mən artıq gələcəyə optimist baxıram. Onlar ucuzlaşdırılmış vahid operatorlar qiyməti üzərində danışıqları bitirirlər. Bundan sonra onların imkanı olacaq ki, qiymətləri müəyyən qədər aşağı salsınlar”. Nazir onu da vurğulayıb ki, hazırkı qiymətlər bazar qiymətləridir: “Onlara çox təzyiq də etmək olmaz. Qiymətlərin həddən artıq aşağı düşməsi də inkişafa mənfi təsir göstərir. Amma hər halda qiymətləri azaltmaq üçün koridor var”. Əli Abbasov eyni zamanda internetin də keyfiyyətindən danışıb. O, vurğulayıb ki, bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək dünya ölkələri arasında 49-cu yer tutub: “Bununla belə ölkəmiz 20-dən çox göstərici üzrə MDB ölkələri arasında liderlik pozisiyasını tutub. Mobil telefon xidmətinin əlçatanlığına görə isə dünyada birinci yerdədir. İnternetin keyfiyyətinə gəlincə isə, gələn il Azərbaycanda Olimpiya oyunları keçiriləcək. Bununla əlaqədar olaraq bir neçə şirkətə müraciət etmişik. Yaxın vaxtlarda ümumiyyətlə Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanacaq. Bu yoxlama bir-iki ay çəkəcək. Yoxlamanın nəticələrinə əsasən, müəyyən tədbirlər görüləcək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.