«Aramızda fikir ayrılığı var...»
Almaniya kansleri İlham Əliyevlə görüşün gərgin keçdiyini gizlətmədi
Almaniya mətbuatı dövlət başçısı Ilham Əliyevin bu ölkəyə səfəri haqda materialları yayımlayarkən Azərbaycanda insan haqlarının acınacaqlı durumu, bu ölkədəki siyasi məhbus problemi kontekstindən yanaşır. Belə görünür ki, Ilham Əliyevin Almaniya kansleri Angela Merkellə görüşü də məhz insan haqları və demokratiya məsələlərinin müzakirəsinə görə gərgin keçib.
Bu, “Deutsche Welle”nin yaydığı “Azərbaycan prezidentinin Berlin səfəri: kanslerin iqamətgahı qarşısında insident” başlıqlı məqalədən də aydın görünür.
Məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycan prezidentinin Berlinə səfəri hüquq müdafiəçilərinin etirazları ilə müşayiət olundu. Hətta onlardan biri Əliyevlə Merkelin görüşünün nəticələrinə dair keçirilən mətbuat konfransına da qatılıb.
Yanvarın 21-də Almaniya kansleri Angela Merkel öz iqamətgahında Azərbaycan prezidentini qəbul etdi. Ilham Əliyev Bakıdan Almaniyaya gəlib, buradan isə Ümumdünya Iqtisadi Forumunun keçirildiyi Davosa gedəcək.
Berlində onu o qədər də xoş qarşılamadılar. Əliyevin səfər edəcəyi barədə xəbər tutan bir neçə hüquq-müdafiə təşkilatı tənqidi bəyanatlar yaydılar. Kanslerin iqamətgahı qarşısında etiraz aksiyası keçirildi.
Hüquq müdafiəçilərinin etirazları
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında ən azı, 22 nəfər vicdan məhbusu var. Ölkə daxili ilə yanaşı, xaricdə də çox tanınmış hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Xədicə Ismayıl da onların arasındadır.
“Ümid edirik ki, kansler Merkel prezident Əliyevlə görüşündə Azərbaycanda hökumətin öz opponentlərinə qarşı qəddar davranışını açıq şəkildə müzakirə edəcək”, - deyə “Amnesty International”ın Almaniya bölümünün baş katibi Selmin Çalışqan bildirib.
Hüquq müdafiəçiləri hesab edir ki, Merkel Əliyevlə görüşündə Almaniya və Avropanın iqtisadi maraqlarını əsas tutmaqdansa, ondan söz və toplaşma azadlıqlarının təmin olunmasını, bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb etməlidir.
“Human Rights Watch” təşkilatının hüquq müdafiəçiləri də analoji çağırışla Angela Merkelə müraciət edib. Bu təşkilatın məlumatına görə, təkcə 2014-cü ildə Azərbaycanda 30-dan artıq müxalifətçi həbs olunub.
“Merkel Əliyevlə həm ictimaiyyət qarşısında, həm də ikili söhbətində ondan insan haqlarını pozmaq praktikasına son qoymağı tələb etmək baxımından bu fürsəti əldən verməməlidir”, - deyə “Human Rights Watch”ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Byuc Uilyamson bildirib.
O, hesab edir ki, Azərbaycanda bu yay Avropa Olimpiya Oyunları keçirilənə qədər insan haqlarının vəziyyətində irəliləyiş olmasa, Almaniya hökumət üzvlərindən ibarət nümayəndə heyətini Bakıya göndərməməlidir.
“Demokratik seçkilər uğrunda Avropa Platforması”nın iştirakçıları “Sərhədsiz reportyorlar” beynəlxalq söz azadlığını müdafiə təşkilatının əməkdaşları ilə birlikdə kanslerin iqamətgahı qarşısında Azərbaycan prezidentini etiraz aksiyası ilə qarşılayıblar. Onlar əllərində “Diktator Əliyevi dayandırın!”, “Siyasi məhbuslarsız Azərbaycan uğrunda!”, “Diktatura rejimlərini dəstəkləməyə son qoyun!” kimi şüarlar yazılmış plakatlar, həmçinin siyasi məhbusların şəkillərini qaldırıblar. Aksiya iştirakçıları eyni zamanda, plakatlardakı şüarları rus və ingilis dillərində ucadan səsləndiriblər.
Merkel, Əliyev və insan haqları
Aksiya iştirakçıları kanslerin iqamətgahı qarşısında əvvəlcədən yerlərini tutaraq, prezident Əliyevin gəlişini gözləyirdilər. Bu baxımdan, Əliyevin binanın qarşısındakı etirazçıları görməməsi mümkün deyildi. Amma Azərbaycanda insan haqlarının pozulması mövzusu kanslerin iqamətgahının içində də onu rahat buraxmadı.
Görüşün nəticələrinə dair mətbuat konfransında Angela Merkel danışıqların mövzusu haqda ümumi şəkildə məlumat verdi. Müzakirə mövzularından biri də Almaniyanın da dəstək verdiyi “Cənub Qaz Dəhlizi” adlanan layihə haqda olub.
Almaniya kansleri ilə Azərbaycan prezidenti həmçinin regiondakı geosiyasi vəziyyəti, Berlinin də həllində iştirak etməyə hazır olduğu Dağlıq Qarabağ problemini müzakirə ediblər. Merkel Azərbaycanda insan haqlarının vəziyyətinin də ikitərəfli əlaqələrdə Almaniya üçün vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Amma görünür, Ilham Əliyev özü bu mövzunu vacib saymır. Ən azı, o, cavabında bu məsələyə ümumiyyətlə, toxunmadı.
Amma alman jurnalistlər mövzunu onun yadına saldılar. Jurnalistlərdən biri soruşdu ki, Azərbaycanın söz və mətbuat azadlığına görə dünya ölkələri arasında 160-cı yerdə qərarlaşması prezident kimi onu narahat etmirmi?
“Azərbaycanın mətbuat azadlığı reytinqi, mənim də şəxsən özümün reytinqimlə bağlı problem yoxdur”, - deyə Əliyev cavab verib. O bildirib ki, əhalinin 90 faizindən çoxu onu dəstəkləyir. Daha sonra prezident ölkənin iqtisadi uğurlarından, ÜDM-in üç dəfə artmasından, işsizlik və yoxsulluğun 5 faizə düşməsindən danışıb.
Hüquq və azadlıqlara gəlincə, Əliyev iddia edib ki, ölkəsində bunlar təmin olunur: “Azərbaycanda çoxlu mətbuat orqanları çap olunur, internetə məhdudiyyətsiz çıxış var, əhalinin 75 faizi internet istifadəçisidir, senzura yoxdur, dinc nümayiş və toplantıların keçirilməsi azadlığı var və heç bir məhdudiyyətsiz keçirilir ”.
Mətbuat konfransında insident
Angela Merkel qonağa etirazını bildirməsə də, yada saldı ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Deməli, insan haqlarını qorumağa, demokratiya normalarını və qanunun aliliyini təmin etməyə borcludur.
“Biz hesab edirik ki, insan haqları sahəsində problemlər var. Bizim tənqidlərimizə səbəb olan həmin hallar barədə də biz danışdıq”, - deyə Merkel bildirib.
Kansler qeyd edib ki, Almaniya öz fondları və təşkilatlarının Azərbaycanda etibarlı hüquqi əsasda fəaliyyət göstərməsində maraqlıdır: “Bu məsələ ilə bağlı aramızda fikir ayrılıqları var”.
Sonda jurnalistlərdən biri, bəlkə də kanslerin mətbuat konfransında iştirak edə bilmək üçün özünü jurnalist kimi təqdim edən hüquq müdafiəçisi Ilham Əliyevin onsuz da yaxşı olmayan əhval-ruhiyyəsini daha da pozdu. Mətbuat konfransının sonunda Merkellə Əliyev birgə fotolar çəkdirəndə həmin şəxs yerindən qalxaraq, aramsız şəkildə və uca səslə Azərbaycan prezidentini ölkədəki siyasi məhbusları azad etməyə çağırdı. Kanslerin təhlükəsizlik xidmətinin əməkdaşları ona sözünü deməyə imkan yaratdılar. Hamı çıxıb gedəndən sonra nəzakətli şəkildə ona yaxınlaşaraq, jurnalist vəsiqəsini göstərməsini xahiş etdilər. O da vəsiqəsini təqdim etdi və təhlükəsizlik xidmətinin əməkdaşları razı qaldılar.
Siyasət şöbəsi