“Tiflis-2014”: Əliyev, Marqvelaşvili və Gül niyə toplanır...

6-05-2014, 14:46   
“Tiflis-2014”: Əliyev, Marqvelaşvili və Gül niyə toplanır...
Bu gün - mayın 6-da Gürcüstan paytaxtında “Tiflis sammiti-2014” başlayır.

Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin qatılacağı bu üçtərəfli sammitin gündəliyinə bir çox məsələlər daxil edilib.

Lakin gürcü tərəfi sammitin əsas məqsədinin təhlükəsizlik məsələləri olduğunu bildirir. Hərçənd ki, üç ölkə liderlərinin Tiflisə təhlükəsizlik məsələləri ilə bağlı bir araya gəldiyini geniş bəyan etmək marağı yoxdur və bu da keçmiş sovet məkanındakı indiki kritik situasiya baxımından xeyli aydındır.

Sammitə qatılmaq üçün Türkiyə prezidenti Abdulla Gül mayın 5-də Tiflisə gedib. Azərbaycan prezidenti İlham Əliyev isə bu gün – mayın 6-da tezdən Gürcüstan paytaxtında olacaq. Gürcüstan prezidenti Georgi Marqvelaşvili türkiyəli və azərbaycanlı həmkarları ilə ayrıca görüşəcək, daha sonra tərəflər üçtərəfli müzakirələrə başlayacaqlar.

Gürcüstan Prezidenti Administrasiyasının məlumatına görə, sammitdə üç ölkə arasında son 20 ildə həyata keçirilən iqtisadi, ticarət, nəqliyyat və energetika əməkdaşlığının nəticələri müzakirə olunacaq. Həmçinin tərəflər mövcud və planlaşdırılan layihələri müzakirə edəcəklər.

Gürcü mətbuatının yazdığına görə, şübhəsiz ki, prezidentlər İlham Əliyev, Abdulla Gül və Georgi Marqvelaşvilinin iştirakı ilə keçiriləcək bu sammiti Stalin, Çörçill və Ruzveltin iştirakı ilə keçirilən məşhur “Tehran-43” sammiti ilə müqayisə etmək olmaz. Ancaq indiki mürəkkəb geosiyasi situasiyada, Ukraynaya ətrafında baş verən və faktiki olaraq dünya düzənini dəyişdirən hadisələr fonunda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli toplantısının region baxımından az qala “Tehran-43” sammiti qədər ciddi geosiyasi əhəmiyyəti var.



Belə görünür ki, bu üç ölkə liderləri yeni dünya düzəninin reallıqlarından irəli gələn vəziyyəti öz aralarında müzakirə etmək ehtiyacı hiss edirlər.

Məsələ burasındadır ki, Azərbaycan, Türkiyə və Gürcüstan son 20 ildə regionun ümumi siyasi-iqtisadi mənzərəsini dəyişdirən çox mühüm layihələr həyata keçiriblər. Bakı-Tiflis-Ceyhan neft kəmərinin, “Cənub qaz dəhlizi”nin əsasını qoyan Bakı-Tiflis-Ərzurum qaz kəmərinin çəkilməsi, üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi kimi irimiqyaslı layihələr Azərbaycan, Türkiyə, Gürcüstan tərəfdaşlığının strateji əhəmiyyətini artırıb.

Gürcüstan və Türkiyə Azərbaycanın neft-qaz resurslarının, habelə Qazaxıstan neftinin Rusiyadan yan keçən marşrutla dünya bazarına nəqli üçün kritik əhəmiyyətə malik dəhliz olaraq qalır. Tikintisi başa çatmaqda olan Bakı-Tiflis-Qars dəmir yolunun işə salınması və əsası qoyulan TANAP qaz kəməri layihəsinin reallaşması bu strateji tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Tərəflər təkcə energetika və nəql infrastrukturu sahəsində deyil, təhlükəsizlik sahəsində də üçtərəfli əməkdaşlığa malikdir. Belə ki, NATO regionda neft-qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan və Gürcüstana əsasən Türkiyənin vasitəsilə yardımlar edib. Türkiyə Ermənistanı çıxmaq şərti ilə Cənubi Qafqazın Qərbə açılan pəncərəsidir, eyni zamanda Azərbaycan və Gürcüstanın regional güc olan Türkiyə üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyi aydındır.

Bu üçtərəfli əməkdaşlıq sistemi Azərbaycan və Gürcüstanın öz müstəqilliklərini qoruyub saxlamasında ciddi amil olaraq qalır. Şübhəsiz ki, Rusiya Azərbaycan, Türkiyə, Gürcüstan üçtərəfli əməkdaşlığını həmişə yaxından izləyib və Moskvanın bundan məmnun olmadığı yaxşı məlumdur.

Ancaq indi nəinki regionda, bütövlükdə dünyada vəziyyət dəyişir. Türkiyə artıq Qərbin Avrasiya regionundakı ən sadiq müttəfiqi deyil. Ankara ilə Vaşinqton arasında hansı problemlərin yaşandığını Türkiyədəki son bələdiyyə seçkiləri ərəfəsindəki vəziyyət bir daha nümayiş etdirdi.

Eyni zamanda Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinin üstündən xətt çəkildiyini əminliklə demək olar. Əvəzində Türkiyə Rusiya ilə yaxınlaşır, Ukrayna ətrafında yaranmış böhran Türkiyənin Rusiya ilə yaxınlaşaraq öz maraqlarını təmin etməsi baxımından yeni imkanlar açıb.

Ankara Rusiyanın “Cənub axını” qaz kəmərinin Türkiyənin quru ərazisindən keçməsini təklif edir. Türkiyə hökuməti Krımın Rusiyaya birləşdirilməsinə açıq dəstək verməyib, ancaq buna qarşı da çıxmayıb.



Türkiyənin öz geosiyasi prioritetlərində düzəlişlər etməsi Azərbaycan və Gürcüstanın da xarici siyasət prioritetlərinə təsirsiz qala bilməz. Hazırda Gürcüstanın Avropa İttifaqı (Aİ) ilə Assosiasiya sazişi imzalaması məsələsi gündəmdə dayanır. Lakin Türkiyənin dəstəyi olmadan Gürcüstan hakimiyyətinin bu sazişə gedəcəyi ciddi sual doğurur.

Azərbaycan Aİ-nin Assosiasiya sazişi təklifindən artıq imtina edib və bunu maraqlarına uyğun hesab etmir. Bu üç ölkə yeni reallıqlardan çıxış edərək Rusiyanın iqtisadi, siyasi, enerji və digər maraqlarına uyğun gəlməyən əməkdaşlıq istiqamətlərini dəyişməlidir. Belə görünür ki, “Tiflis 2014” sammiti məhz bu məqsədlə çağırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.